Ləbbeyk Allahummə ləbbeyk!

İslamın beş əsas rüknündən biri olan həcc, peyğəmbərlər tarixinin ilki Adəmdən -əleyhissalam- axır zaman peyğəmbərinə qədər yanıq könül tərənnümləri və müxtəlif əziz  xatirələrlə dolu haqq və iman cövhərini könüllərdə kamala çatdıran və məhşərin bir bənzərini bu aləmdə yaşadan ülvi bir ibadətdir.

Həcc ibadətinin dünyəvi, üxrəvi bir çox hikməti vardır:

Həcc, Həzrəti İbrahim və Həzrəti İsmayılın -əleyhiməssəlam- təvəkkül və təslimiyyətindən hissə ala bilmək, içimizdəki nəfs deyilən düşməni və ətrafımızdakı şeytani təmayülləri daşlaya bilmək, sinif fərqliliyindən sıyrılıb kəfən iqliminə girərək Rəbbə sığınmaq, qiyamətin o dəhşətli mənzərəsinin hissiyyatı ilə ürpərmək, müsəlmanlar arasındakı uzaq və əcnəbi topluluqları bir araya gətirmək, bir iman qardaşlığı təsis etməkdir.

Həccin ifa edildiyi mübarək məkanlar Həzrəti Adəmdən bu yana imanlı ürəklərin ruhaniyyətləri ilə bəslənmiş, aşiqanə göz yaşları ilə sulanmışdır. Müstəsna bir feyz mənbəyi olan bu müqəddəs yerlər, peyğəmbərlər tarixinin möhtəşəm xatirələri ilə doludur.

Ərafat, bir əfv və sığınma məqamıdır. Ərafat, qəbirlərdən qiyamət səhərinə qalxmağı və axın-axın məhşər meydanında toplanmağı xatırladır. Bütün qullar Allahın hüzurunda aciz, möhtac və mağmun bir şəkildə əfv gözləyirlər. Eyni zamanda bu əfv, Həzrəti Adəm ilə Həvva anamızın Ərafat Vadisində görüşüb ağlaşaraq istiğfar etmələrinin bir simvoludur. Belə ki, ehsan və kərəmi sonsuz olan Allah-Təala onların dualarını qəbul etməklə bərabər, bir də onların nəslindən olub qiyamətə qədər hər il eyni gün və saatda oraya gəlib əfv tələb edəcək olanların hamısını əfv etmək vədi vermişdir.

Bu görüşmədən sonra Adəmlə -əleyhissəlam- Həvva anamız  Allahın əmri ilə bugünkü Məkkə şəhərinin olduğu yeri vətən seçdilər. Bu səbəblə Məkkə şəhərinin  bir adı da, bu bölgələrinin anası mənasına gələn Ümmül-Kuradır.

Müzdəlifə, Qurani-Kərimdə işarə edilən “əl-Məşarul-Haram”ın ruhaniyyəti ilə rəhmət təzahürlərinin dolu olduğu bir məkandır.

Mina, Həzrəti İbrahim və Həzrəti İsmayılın şeytana qarşı müzəffər olduqları bir təslimiyyət və təvəkkül məkanıdır.

Səfa və Mərvə təpələri, bugünkü zəmzəm quyusunun olduğu nöqtədə susuzluqdan  pərişan olan İsmayılın -əleyhissəlam- anası Həzrəti Həcərin təlaş və həyəcan içərisində su axtarmaq məqsədi ilə gedib gəldiyi iki mübarək təpədir ki, bizə o bəşəri acizlik ilə Allah-Təalaya sığınmağı xatırlatmaq üçün həcdə “say” adıyla yerini almış bir rükndür.

Kəbə, Allahın Quranda “Səcdə et və yaxınlaş!” (əl-Əlaq, 19) buyruğu ilə iqaməsini əmr etdiyi namaz ibadətinin istiqamət hədəfidir. Eyni zamanda bütün müsəlmanların müştərək təvəccöh etdiyi nöqtə, yəni İslam dünyasının nəbzinin atdığı yerdir. İnsandakı ilahinin təcəllisinin nəzərgahı qəlb, kainatdakının isə Kəbədir. Yəni Kəbə, bir mənada insan vücudundakı qəlbin yerindədir. Bu səbəblə həcc, qəlb ilə ifa ediləcək həssas bir ibadətdir.

Orada Allaha verdiyi sözü yerinə yetirən Xəlilullahın məqamı vardır. Allah-Təala öncəkiləri də, sonrakıları da onun ayaq izinə basaraq yeriməklə və onun məqamının arxasında təvaf namazı qılmaqla vəzifələndirmişdir.

Kəbədəki “hacəri-əsvəd” də, salamlanıb öpülən və Allaha beyət ilə qulluq sözünün verildiyi mübarək daşdır. Onu salamlamaq, eyni zamanda, bütün nəfsani təmayüllər və şeytani yönəlişlərdən əl çəkməyə söz verməkdir.

Beytullah olaraq vəsfləndirilən Kəbənin, Adəmdən -əleyhissalam- etibarən müqəddəs bir məbəd olduğu və gücü yetənlər üçün onu həcc etmənin fərz olduğu ayəyi-kərimə ilə sabitdir (Ali İmran, 96-97).

Ayəyi-kərimənin sirrini yaxşı anlayıb həcc ibadətinə qarşı laqeyd olmaqdan çəkinməliyik. Həcc ömürdə bir dəfədir deyə gecikdirmək çox səhv addımdır. Beləliklə, Allah Rəsulu -Sallallahu Əleyhi və Səlləm- buyurur:

“Həcc edəcək kimsə, tələsməlidir!”

Həzrəti İbrahim və Həzrəti İsmayılın -əleyhiməssəlam- təvəkkül və təslimiyyətlərinin simvolu olan həcc, bəşəri sifətlərdən uzaqlaşıb bir məğfirət iqliminə, təslimiyyət və təvəkkülə girişdir. Həcc, məhəbbət dolu bir qulluğun ifasıdır. Həcc, altda və üstdə bir dəsmal ilə baş və ayaq açıq, qulun bütün dünyəvi rütbələrdən soyunması, bir növ qəbirdən qalxıb məhşər yerinə gəlməsi və beləcə Rəbbinə könüldən yalvarış halı, tam bir təslimiyyətdir.

**

Həcdə qanuni olan bir çox şeylər qadağandır. Onun üçün həcc yolçuluğuna ruhi bir hazırlıqla çıxmaq lazımdır. Bundan başqa bir insan həccə niyyətləndiyi anda şeytan onu təqib edir. Bu səbəblə həccə gedənlərin ilk götürəcəkləri silah “səbir” olmalıdır.

Həcdə “ləbbeyk” deyərək Haqqa sığınan könüllər, Rəblərinin dəvətinə icabət və Onun mülkündə Ondan başqa ilah olmadığını təsdiq etdikdən sonra bir daha nəfsin, şeytanın çağırışlarına yönəlməməyə söz vermiş olduqlarını bilməlidirlər.

Həcc insanı qəlbi həyata yönləndirir. Çünkü bu zərif ibadət, ov etməmək, yaşıl bir budaq qoparmamaq,  Allahın məxluqatını incitməmək kimi şəfqət, mərhəmət və məhəbbət təzahürləri ilə doludur. Zina yox, günah yox, müharibə yox… Ancaq Yaradanına görə  yaradılanlara sevgi və nəzakət var.

Həcdəki bu hal və davranışlar insanı bir nəfs hesablaşması ilə baş-başa buraxır və var olan həyatına inikas edir. Bütün ibadətlərin yeganə hədəfi Allah-Təalaya yaxınlıqdır.

**

Mədinədə ziyarət etdiyimiz Rəsulullahın -Sallallahu Əleyhi və Səlləm- məqamı isə qəlbin ilahi məhəbbət naxışlarıyla zinətlənib ülviyyət qazandığı bir məkandır. Çünki Allahın “Həbibim” xitabına ancaq O məzhər olmuşdur.

Hz. İmam Malikə görə, Qəbri-Şərifin olduğu yer Kəbədən də müqəddəsdir. Çünkü bütün kainat, Onun üçün xəlq olunmuş və Ona ithaf edilmişdir.

Bunun üçün həcc ibadəti qurtaranda Mədinəyi-Münəvvərəyə yönəlməliyik. Rəsulullahın -Sallallahu Əleyhi və Səlləm- nəşi-pakının olduğu o mübarək torpaqlara üz sürtərək, onun ülvi və bərəkətli qoxusundan nəsib almaq lazımdır.

Pakistanın mənəvi memarı Muhamməd İqbal, bir gün Mədinədən qayıdan hacıları ziyarət edərək onlardan bir müsəlman şəxsiyyətini sərgiləyən bu sualı soruşur:

“-Mədinəyi-Münəvvərəni ziyaret etdiniz! Mədinə bazarından könlünüzü hansı hədiyyələrlə doldurdunuz? Gətirdiyiniz maddi hədiyyələr - təkkələr, təsbehlər, səccadələr bir müddət sonra köhnələcək, solacaq və qurtaracaq. Solmayan, könüllərə həyat verən Mədinənin ruhani hədiyyələrini gətirdinizmi?

Hədiyyələriniz içində Həzrəti Əbu Bəkrin sədaqəti və təslimiyyəti; Həzrəti Ömərin ədaləti; Həzrəti Osmanın həyası və comərdliyi; Həzrəti Əlinin həyəcan və cihadı varmı? Bu gün min bir izdırab içində qıvranan İslam dünyasına könlünüzdən bir Əsri-Səadət həyəcanı verə biləcəksinizmi?”

Allah-Təala bizə Harameynin ruhaniyyətindən istifadə edərək yanıq bir könüllə Allah Rəsulunu ziyarət etməyi nəsib etsin!

Rəbbimiz bizə təvəkkül və təslimiyyət içində bir ömür bəxş etsin! Sığınacağımız ancaq  Allah olsun! Hiss edən bir könül ilə həcc etməyi müyəssər qılsın!..

Amin!

Qeyd: Bu yazı möhtərəm Osman Nuri Topbaşın əsərləri əsasında yazılmışdır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)