Qurbanının adı nədir?

Qurban bayramından bir neçə gün əvvəl girdiyim siniflərdə:

  • “Hamınızın bir qurban kəsməsini istəyirəm”,- dedim.

Tələbələrin əksəriyyəti:

  • “Müəllim, atamız onsuz da kəsir, o bəs deyil? Həm də biz o qədər pulu haradan tapaq?” – deyə səs-səsə verdilər.

Mən:

  • “Atanız kəssə də, kəsməsə də, mən sizin özünüzün kəsməsini istəyirəm”,- deyincə, onlara maraqlı gəldi və soruşdular:
  • “Necə yəni?”

Qurban = Yaxınlaşmaq

Mən sinif lövhəsinə “Qurban = Yaxınlaşmaq” yazıb “yaxınlar” mənasına gələn qohum-əqrəba sözünün də eyni kökdən gəldiyini bildirdikdən sonra təklifimi belə açıqladım:

  • “Madam ki, Qurban Allaha yaxınlaşmaq deməkdir, elə isə hamımız bizi Allaha yaxınlaşdıracaq bir addım ataq.

Düşünək:

Allah ilə aramızda hansı maneələr var? Bunlardan ən az birini kəsək getsin. Və bu bizim qurbanımız olsun.

Məsələn, bu, hələ də əl çəkə bilmədiyimiz pis vərdişimiz ola bilər.

Yaxud da, həyatımızda yer verməyimiz lazım olduğu halda, nəfsimiz üzündən hələ də başlamadığımız bir ibadət ola bilər.

Özümüzə və Rəbbimizə söz verək və bunu həyata keçirək.

Onsuz da bir heyvanın Qurban edilməsi də, qurban sahibinin Rəbbi ilə arasındakı bir əngəli qaldırmasının simvolik bir ifadəsidir və Qurban bu niyyətlə kəsilməlidir.

Eynilə, Bəqərə surəsinə adı verilən “İnəyin kəsilməsi” hadisəsində olduğu kimi, Allah İsrail oğullarına ən gözəl inəyi kəsmələrini əmr etməklə, əslində, ruhlarına işləmiş olan bütpərəstlik məfkurəsini, yəni inəyi müqəddəsləşdirmə anlayışlarını kəsmələrini istəmişdir.

Həmçinin Həzrəti İbrahim (əleyhissalam) da ən sevdiyini Allah üçün fəda etməyin bir ifadəsi olaraq “İsmayıl” niyyətinə Cəbrayılın (əleyhissalam) gətirdiyi qoçu qurban etmişdir.

Bu məqamda, mən sizə kəsməyə qərar verdiyim öz qurbanımdan da bəhs edim.:

  • “Yuxunu çox sevirəm və çox yatma vərdişim var. Bəzən olur ki, 8 saatdan çox yatıram.  İndi bu Qurban Bayramında söz verirəm, Allah şahid, siz də şahid olun ki, artıq 7 saatdan çox yatmayacağam. Bəlkə, irəlidə daha artığı da ola bilər, amma hazırda bu qədərini kəsə bilərəm...

Bu mənada əvvəlki illərdə kəsdiyim qurbanların bəziləri bunlardır:

İnsanların xətrinə dəymə;

Televizorda lazım olmayan proqramları izləmə;

Təhəccüd üçün yuxunu böl;

Qurani-Kərim təfsirindən gündə ən az 10 səhifə oxuyacaq qədər zaman ayır;

İnsanları sevindir.

Qurban bayramı həyatımızda nəyin vacib olduğunu xatırlamağımız və öncəliklərimizi doğru müəyyən etməyimiz üçün bəxş olunmuş bir fürsət, Allaha və bir-birimizə yaxınlaşmağa vəsilə olan nemətdir.

Müsəlmanlar Qurban bayramında bir-birlərini həcc, fədakarlıq, təvazökarlıq və bağlılıq günü kimi təbrik edirlər. Bu, Həzrət İbrahimin gələcək nəsillər üçün örnək olan, Allaha bağlılığını sübut edən gözəl bir gündür. Sevinc, təbrik və xatırlama günüdür.

İslam dünyasının qarşılaşdığı bugünkü gerçəkliklər qarşısında öz-özümüzə sual verməliyik: “İbrahim peyğəmbərin imtahanında qarşı-qarşıya qaldığı vəziyyəti anlayıb başa düşürükmü, bunun məsuliyyətini daşıyırıqmı?”

Qurban bayramı sosial qarşılıqlı təsirdə olmaq üçün də bir fürsətdir. Bayram insanların sosial və iqtisadi statusları, zənginlikləri, yoxsulluqları, irqləri və rənglərinə görə Allahın hüzurunda bərabər olduqlarının bir daha xatırladıldığı bir gündür. Sahib olduqları hər şeyi bölüşərək bir araya gəldikləri gündür. Qohumların və qonşuların evlərə dəvət edilməsi, kasıbların yedirilməsi, yaşlıların ziyarət edilməsi, yetim və ehtiyac sahibi hər kəsə yardım edilməsi bayramda təşviq əməlləridir. Allaha ruhən yaxınlaşmaq insanları sosial olaraq bir araya gətirir.

Qurbanlığın şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Və nəhayət, bu Qurban məhəbbətimi bu ifadələrlə bitirdim:

Uca Allah bizi özündən çox uzaqlara, bu dünyaya atmış və Özünə doğru bir yarış başlatmışdır. Bu gerçək Qurani-Kərimdə belə bildirilir:

“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin” (Ali İmran, 133).

Həyatın ən önəmli və tək yarışı budur. 

Sürət qatarı kimi bir çox şey üçün yarışdığımız və yarışdırıldığımız bu dünyadakı bütün yarışlar, bu tək yarışa dəstək olduğu qədər dəyərlidir. 

Qurban Bayramınız mübarək olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)