Nə qədər yaxınsan?

Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

“İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb, 96).

Əshabı-kiram ömürləri boyunca Peyğəmbərimizin (s.ə.s.) bu müjdəli sözünə sarılmış, əllərindəki ən böyük sərmayə və yeganə təsəlli qaynağı olaraq Allah Rəsulunun məhəbbətini könüllərində çoxaltmağa  çalışmışlar.

Onlar Peyğəmbərimizin (s.ə.s.) şəxsində bənzərsiz siz bir zərafət abidəsi gördülər. Sonsuz bir şəfqət və mərhəmət ümmanı olan müstəsna bir könül seyr etdilər.

O Peyğəmbərlər İmamına ümmət ola bilməyin necə böyük bir şərəf, O Könüllər Sultanına ram ola bilməyin nə böyük bir lütf, O Rahmətənlil-Aləminə yaxın ola bilməyin, Allaha yaxınlaşdıran necə  böyük bir vəsilə olduğunu əminliklə idrak etdilər. Bu səbəblə də əshabı- kiramın hər biri Ona ayrı bir heyranlıq duydu. Hər biri Onu ayrı sevdi. “İnsan sevdiyi ilə bərabərdir” – hədisinin əhatəsinə girə bilmək və bu dünyadakı bərabərliklərini əbədi həyatda da davam etdirə bilmək səyi ilə, Rəsulullahın hər halını, bir kölgənin sahibinə olan sədaqəti nisbətində təqlid etməyə çalışdılar.  

İbadəti, davranışı, gözəl əxlaqı Ondan öyrəndilər. İdrak etdilər ki, bir könül, cahiliyyə qalıqlarını qəlbindən təmizləmədiyi müddətcə, Rəsulullaha və beləliklə də, Haqqa yaxınlıqda məsafə qət edə bilməz. Qəlb çirkin vəsflərdən təmizlənmədən, yəni təzkiyə olmadan, könül bağçası yaşarmaz. Bir lətafət diyarı olan Cənnətə də çirkin vəsflərlə girmək olmaz.

Rəbbimiz, Fəth Surəsinin son ayəsində Rəsulullahın (s.ə.s.) yanında olanların, yəni Onunla qəlbi bərabərliyi təmin etmiş olanların vəsflərini zikr edir. İlk vəsf:

Kafirlərə qarşı

Bir müsləman Allahın sevmədiklərindən daima uzaq olacaq. İslam barədə heç bir zaman güzəştə getməyəcək. Belə ki, əshabı-kiram on üç illik Məkkə dövründə çox ağır zülmlərə düçar oldu. İbadət qadağan olundu. Qulluq qadağan olundu. Fəqət o müsəlmanlar büyük bir səbirlə müqavimət göstərdilər. Heç bir şey qarşılığında öz imanlarından ən kiçik güzəştə getmədilər. 

Bu gün də ən vacib iş, əqidəmizi qoruya bilməkdir. İslam mükəmməldir, mükəmməlin özündən aşağı olanlara bir ehtiyacı yoxdur. Bir müsəlman şəxsiyyəti ilə, xarakteri ilə, geyimi, ədəbi və adəti ilə İslami bir həyatın içində olmalıdır. İmanın vüqarını, İslamın şəxsiyyət və xarakterini daim mühafizə etməlidir.

Allah-Təala Qurani-Kərimdə imanını qorumaq üçün özünü fəda edənləri bildirir. Firon tərəfindən ağır bir işgəncə altında qətl edilən sehirbazları, zalım Əshabı Uhudun alovlu xəndəklərdə yandırdıqları  möminləri, qövmü tərəfindən daşlanaraq şəhid edilən Həbibi-Nəccarı bildirir.

İnsanın hər üzvündə bir iradə vardır. İstədiyin zaman gözünü açıb qapada bilərsən. Əlini qaldırıb endirə bilərsən. Ancaq qəlbdə iradə yoxdur. Qəlb ya müsbətə, ya da mənfiyə dönər. Bu səbəblə iman qəlbdə yaxşıca kök salmalıdır ki, tərpənə bilməsin. Əməli-salehlərlə, ibadətlə, davranışla, ədəblə, gözəl əxlaqla Rəsulullahın (s.ə.s.) izini təqib edəcəyik ki, imanın qüvvəti artacaq, imandan hər hansi bir güzəştə getməyəcəyik. Allah-Təala bizdən belə bir iman istəyir.

Rəbbimiz bunun əhəmiyətini bizə namazın hər rükətində oxuduğumuz:

“…Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (əl-Fatihə, 7) ayəsi ilə təkrar olaraq xatırladır.

Hətta Rəsulullah (s.ə.s.) bir müsəlmanın ibadətdə belə qeyri- müsəlmanlara bənzəməsini qadağan edir. Məsələn, Məhərrəm ayının 10-cu günü yəhudilərin də oruc tutduqlarını görüncə, onlara bənzəməmək üçün Məhərrəmin 9-10 və ya 10-11-ci günlərinin oruclu keçirilməsini əmr edir.

Həmçinin tək olaraq şənbə günü oruc tutmaqla, yəhudilərə bənzəyəcəyini:

“Üzərinizə fərz olunan orucun xaricində, şənbə günü oruc tutmayın” (İbni Macə, Siyam, 38.).

“Şənbə və bazar günləri müşriklərin bayram günləridir. Mən onlara müxalif olmaq istəyirəm” (Nəsai, Sünən, Cuma, 1.) - buyurmaqla məkruh qılmışdır.

Azan xüsusunda da boru çalınma təklifini yəhudilərin, zəng çalınmasını da xristianların adəti olduğu üçün qəbul etməmişdir.

Əshabı-kiram da həyatları boyunca bu həssaslığı sərgilədilər. Məsələn, Hüdeybiyədə Həzrəti Osman (r.a.) elçi olaraq Məkkəyə göndərildiyi zaman, müşriklər ona:

– “İstəyirsənsə, sən Kəbəni təvaf edə bilərsən!”- deyirlər. Çünkü müəyyən mövqeyə sahib olan qohumları var idi. Fəqət Həzrəti Osman:

- “Həzrəti Peyğəmbər Kəbəni təvaf etmədikcə, mən də etmərəm!” Mən Beytullahı ancaq Onun arxasında ziyarət edərəm. Allah Rəsulunun qəbul edilmədiyi bir yerdə (ibadətdə belə) mən də yoxam!” (Əhməd, IV, 324)- buyurmaqla Allah Rəsuluna olan sədaqətini göstərdi.

Gerçək məhəbbət, layiq olana məhəbbət, yəni Allaha və sevdiklərinə məhəbbət,  əksinə olana nifrət, yəni Allah və Rəsuluna asi olan hər kəsdən uzaqlaşmaqdır. Bu, bir iman əlamətidir.

Ən böyük qəflət Peyğəmbərimizi tanımamaq, bununla da Ondan qəlbən uzaq qalmaqdır. Çünki Onu tanıyanın, Ondan uzaq qalması əsla düşünülə bilməz!

Bu dünyada Peyğəmbərimizdən xəbərsiz yaşayanlar, dəfinənin üzərində ömür sürüb aclıq və səfalət içərisində ölən bədbəxt insanlara  bənzəyirlər. Belə ki, əmisi olmasına baxmayaraq, O Hidayət Günəşinə kor kəsilərək şirk qaranlıqları içində həlak olan Əbu Ləhəb haqqında Allah-Təala belə buyurur:

“Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı. O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin! Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!” (ət-Təbbət, 1-5)

Peyğəmbərimizin yanında olanların digər vəsfi:

Öz aralarında çox mərhəmətli

Mərhəmət bir möminin imanını təsdiq edən bir əlamətdir. Mərhəmət imanın ilk meyvəsidir. Bir möminin könlü mərhəmət ümmanı olmalıdır. Könlündən rəhmət daşmalıdır. Din qardaşına qarşı üzündən əsla təbəssüm əskik olmamalıdır.

Çünki “Allah” deyən bir qəlbin mərhəmətdən, məhəbbətdən, ikramdan, əfv etməkdən nəsibsiz olması düşünülə bilməz. Belə ki, o bütün məzlumların, möhtacı olanların, yetimlərin, qəriblərin, heyvanatın, xülasə, bütün məxluqatın ona əmanət olduğu anlayışı ilə yaşamalıdır. Bir müsəlman nəbzinin bu həssasiyyətlə vurması lazımdır.

Peyğəmbərimizlə qəlbən bərabər olanların bir digər vəsfi:

Onları rükuya gedərkən, səcdə edərkən görərsən

Namaz Allah-Təala ilə baş-başa gerçəkləşən bir müsahibə və bərabərlikdir. Namaz möminin meracıdır. İlk fərz olan ibadətdir. Lakin namaz  məcburən yox, qəlb və bədən ahəngi içində qılınmalıdır. Rüku və səcdələr bir ruhaniyyət bəxş etməlidir. Dinclik, rahatlıq, fərahlıq verməlidir. Çünkü qul namazla Allah-Təalaya yaxınlaşacaqdır. Çünki ayəyi-kərimədə buyurulur:

“Səcdə et və yaxınlaş!” (əl-Ələq, 19)

Məsələn, müharibədə Həzrəti Əlinin ayağına ox dəyir. Ağrının şiddətindən oxu çıxarmadılar. Həzrəti Əli (r.a.):

– “Mən namaza qalxım, o zaman çıxarın!”- dedi.

Dediyi kimi etdilər. Heç bir çətinlik olmadan, asanlıqla çıxarıldı. Həzrəti Əli salam verib:

 – “Nə etdiniz?” – deyə soruşduğunda, oradakılar:

 – “Çıxardıq!”- dedilər. Çünki Həzrəti Əlinin (r.a.) vücudu namazın xuşu və mənəvi həzzi ilə adətən özündən getmiş, sanki dünyadan köçmüşdü.

Peyğəmbərimizin bir səfər əsnasında növbətçi qoyduğu Abbad ibn Bişr (r.a.) namaza durmuşdu. Düşmən ox atmağa başladı. Abbad (r.a.) ona ancaq iki-üç ox isabət etdikdən sonra rüku və səcdəyə varıb namazını tamamladı. Ardından da növbətçi dostu Həzrəti Ammara xəbər verdi.

Ammar (r.a.)

– “İlk vurulduğunda nə üçün xəbər vermədin?”- deyincə, Abbad (r.a.) namaza olan eşq və şövqünü, ibadətdəki xuşunu göstərən bu möhtəşəm cavabı verdi:

– “Bir surə oxuyurdum, onu bitirmədən namazımı pozmaq istəmədim. Ancaq oxlar ard-arda gəlincə, oxumağı kəsib rükuya vardım. Allaha and olsun ki, Allah Rəsulunun qorunmasını əmr etdiyi bu yeri itirmək narahatçılığı olmasaydı, surəni yarıda qoyub namazı kəsməkdənsə, ölməyi üstün tutardım” (Əbu Davud, Təharət, 78/198; Əhməd, III, 344; Beyhaki, Dəlail, III, 459; İbni-Hişam, III, 219; Vakıdi, I, 397).

Bu misallarla özümüzü müqayisə edək. Bizim namazlarımız necədir? Qul namazla Haqqa yaxınlaşır, beləcə də ədəbsizlikdən və günahdan uzaqlaşır. Bir baxıma namaz, yaşadığımız həyatın möhtəvasını göstərən bir rentgen kimidir. Qul özünü qılmış olduğu namazla tərəziyə qoymalıdır.

Başqa bir vəsf:

Allahdan lütf və riza istərlər

Sağlam bir əqidə və könlə qida olan ibadətlərlə qəlb elə bir hala gələcək ki, daima Allahın rizasını axtaracaq. Etdiyi hər işdə qayəsi Allah olacaq. Allahın rizası olacaq.

Əshabın ən böyük arzusu Allah-Təalanın rizasını qazanmaq olmuşdur. Könüllərində dünyəvi ehtiraslar, nəfsani istəklər silinmiş, yerini Allahın məhəbbət və rizasına nail olma arzusu doldurmuşdur. Səhabə xanımları axşam evə gələn ərlərinə əvvəlcə çarşı-bazardan deyil, Allah və Rəsulunun yeni təlimatları haqqında soruşardılar…

Biz də ətrafımızda olanlara daim İslam şəxsiyyət və xarakterini sərgiləməklə Allahın lütf və rizasına nail olmağa çalışmalıyıq. Allah-Təalanın rizasının bəzən böyük, bəzən orta, bəzən də kiçik bir şeydə gizli olduğunu unutmamalıyıq. Qəzəbi üçün də eyni vəziyyətin keçərli olduğunu bilməliyik.

Bu səbəblə Allah-Təalanın rəhmətini cəlb edəcək ən kiçik bir xeyri belə yerinə yetirməyə səy göstərməli -Allah mühafizə etsin- Onun qəhrini təcəlli etdirəcək ən kiçik bir yanlış hərəkətdən də çəkinməlidir.

Onların nişanları üzlərindəki səcdə izidir

Yəni Allah əmr və qadağalara itaət etməklə Ona yaxınlaşan quluna ayrı bir xüsusiyyət və ruhaniyyət verir. Sirət də daim surətə əks etdirir. Yəni surətlər, surətlərin güzgüsü kimidir.

Ayəyi-kərimədə buyurulur:

“…Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür…” (əl-Fəth, 29).

İslamın inkişafı kafirləri daima qəzəbləndirmişdir. Məsələn, nə üçün İslamofobiya deyirlər, nədən qorxurlar? Çünkü İslamı tanımırlar. Peyğəmbərimizi tanımırlar. Tanısalar səvərlər, canı-könüldən ram olarlar.

Peyğəmbərimiz on üç illik Məkkə dövründə daima zülmə məruz qaldı. On illik Mədinə dövründə də saysız çilələrlə qarşılaşdı. Lakin O, nə qədər zülm və məşəqqət altında olsa da, hər an imanın gözəlliklərini sərgilədi:

* Taifdə Onu daşlayanların əbədi qurtuluşu üçün dua etdi.

* Hicrətdə fədakarlığı,

* Bədirdə qalibiyyəti Haqdan bilib şükür etməyi,

* Uhudda səbri,

* Xəndəkdə aclıq və fağırlığa qarşı səbat və rizanı,

* Hudeybiyədə fərasəti,

* Heybər və Huneyn sonrasında zənginliyin gerçək əsalət və səadəti olan comərdlik və infaq zirvələrini,

* Huneyndə mətanəti,

* Məkkə Fəthində təvazö və əfv etməyi,

* Təbükdə şücaəti sergilədi.

Xülasə, həyatının bütün səhifələrində üsvəyi-hasənə-bənzərsiz nümunəvi şəxsiyyət olaraq, gözəl əxlaqın müstəsna misallarını sərgilədi.

Bu gün İslam Allahın iradəsini qəbul etməyib nəfsinin əsiri olaraq yaşamaq arzusunda olanlara çox ağır gəlir. Onların imtahanı fərqli,  bizimki fərqlidir.

Lakin əsla unutmayacağıq ki, İslami səylərə rəvac verildiyi zaman Allah-Təala qullarına daima ayrı bir bərəkət lütf etmişdir. Əshabı-kiram bunun ən gözəl misalıdır. Çünki onların üstün səyləri ilə İslam dünyanın bir çox yerinə yayılmışdır.

Beləliklə, günümüzdə də müsləmanların və əhli-Quranın artmasına səy göstərməli, bunun üçün də halımız və davranışlarımızla təbliğ vəzifəsinə çox əhəmiyyət verməliyik. Belə ki, Allah-Təala:

“…Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur! (əl-Fəth, 29) buyurmaqla İslamın qalibiyyəti üçün səy göstərən, tər tökən, insan yetişdirən kəslərə böyük mükafatlar verəcəyini müjdələmişdir.

Allah, hər nə qədər zaman etibarı ilə uzaq olsaq da cümləmizə, Peyğəmbərimizə qəlbən yaxın ola bilməyi nəsib etsin. Çünki əsas olan  qəlbən bərabər ola bilməkdir. Belə ki, Peyğəmbərimiz, Muaz ibn Cəbəli Yəmənə vali olaraq göndərərkən ona bu nəsihəti vermişdir:

“İnsanlardan mənə ən yaxın olanlar, kim və harada olursa olsun,  Allaha qarşı təqva sahibi olan müttəqilərdir” (Əhməd, V, 235; Heysəmi, IX, 22).

Həmçinin Peyğəmbərimiz (s.ə.s.):

“Mənim ümmətim bərəkətli bir yağmur kimidir. Başımı, sonumu (xeyirlidir) bilinməz” (Tirmizi, Ədəb, 81)  buyurur.

Allah-Təala bizə də könülləri əhya edən bir rəhmət damlası ola bilməyi lütfü-kərəmiylə ehsan buyursun... Hovuz kənarında Rəsulullaha qovuşmağı nəsib eyləsin.

Amin!..

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)