Qəbilə rəisinin əsir qızı...

Huza qəbiləsinin Bəni Müstaliq qolunun rəisi Haris ibn Əbu Dirarın qızı olan Bərrə təqribən 607-ci ildə doğulmuşdur.

Mureysi qəzvəsindən əvvəl öz qəbiləsindən olan əmisi oğlu Musavi ibn Safvan ilə evlənir. Bu evlilikdən uşaqları olmur. Xoşbəxt həyatları var idi. Sonra bir döyüş baş verir, bütün həyatları da sanki alt-üst olur. Yoldaşı bu müharibədə şəhid olur. Bərrə isə bu döyüşdən sonra əsir düşür və Mədinəyə gətirilir. Burada – ana vətənindən uzaqda onun əsarət həyatı başlayır. O, sahibi Sabit ibn Qays ilə Mədinəyə gələr-gəlməz bir şərt kəsir. Bu şərtə görə, o çalışacaq və buna müqabil öz azadlığını satın almış olacaqdı. Üstəlik, bunun üçün bəlli məbləğ də ödəyəcəkdi.

Şərt ürəkaçan idi, amma bu pulu necə ödəyəcəkdi? Bunun üçün çıxış yolu tapmalı idi.

Savaşdan 3 gün öncə gördüyü yuxunu xatırlayaraq onu Allah Rəsuluna danışmaq qərarına gəldi. Yuxuda Mədinədən çıxan bir ay qucağındaydı. Bu yuxunu daha öncə qəbilədən heç kimə danışmamışdı. Çünki bu yuxuda qəbilənin məğlubiyyətinə və özünün Mədinəyə gətirilməsinə dair işarələr sezmişdi.

Bir gün Bərrə Peyğəmbərin (s.ə.s.) hüzuruna çıxıb hürriyətinə qovuşmaq arzusunu dilə gətirdi. Bunun üçün sahibiylə aralarındakı müqavilədən və azadlığın qarşılığından danışdı. Peyğəmbər (s.ə.s.) onu diqqətlə dinlədikdən sonra:

  • “Sənə bundan daha xeyirli bir yol tövsiyə edim?”- deyə soruşdu.

Bərrə bu cür qarşılıq gözləmirdi. Onun üçün azadlığına qovuşmaqdan daha xeyirli nə ola bilərdi ki!? Bir anlıq tərəddüddən sonra:

  • “Ey Allahın Rəsulu, mənim üçün azad olmağımdan daha xeyirli olan nədir ki?”- deyə soruşdu.

Peyğəmbər (s.ə.s.):

  • “Qurtuluş fidyəni ödəyərək səni yoldaşlığa qəbul etməyimdir”,- buyurdu.

Bərrə bu cavaba mat qalmışdı. Həyatı boyu bu cür əxlaqlı və nəzakətli davranış görməmişdi. Çünki Hz. Peyğəmbər (s.ə.s.) istəsəydi onu cariyə olaraq da satın ala bilərdi. Amma O uca şəxsiyyət ona həm azadlığına qovuşmağı, həm də peyğəmbərin xanımı olmağı təklif edirdi. Bərrə çox həyəcanlı şəkildə bu cavabı verdi:

  • “Ya Rəsulallah, əgər məni bu şərəfə nail etsəniz, şübhəsiz, mənim üçün bundan

daha xeyirli bir şey olmaz!”

Bərrədən Cüveyriyəyə...

Mədinədə Allah Rəsulu (s.ə.s.) Bərrəyə evlənmə təklifi etdiyi əsnada Bərrənin atası Haris ibn Əbu Dirar qızını əsarətdən qurtarmaq üçün dəvələrlə birgə Mədinəyə doğru yola çıxmışdı. Əqiqə gəldiyi zaman götürdüyü dəvələrin içərisində ən gözəl olan ikisini vermək istəməyib onları bu vadidə gözdən uzaq bir yerdə gizlədi və yoluna davam etdi. Mədinəyə çatar-çatmaz Peyğəmbərin (s.ə.s) hüzuruna gəlib:

  • “Ey Muhamməd! Qızımı əsir almısınız. Bax, sənə dəvələr gətirdim. Bunlar onun

qurtuluşu üçün əvəz olsun. Onu azad et!”- dedi. 

Peyğəmbər (s.ə.s.) ondan:

  • “Gizlətdiyin 2 dəvəni niyə gətirmədin?” - deyə soruşdu.

Haris çaşıb qaldı. Özündən başqa kimsənin o dəvələrin yerini bilmədiyindən əmin idi. Bu nə işdi? Bu insan gizlini də, aşkarı da bilən Rəbbindən bir xəbər almadan özü bunu necə bildi? Heyrətdən onun qəlbində iman nuru parladı və kəlimeyi-şəhadət gətirərək müsəlman oldu. Bu şəxsin müsəlman olmasıyla yanında gələn iki oğlu və qövmünün başçıları da İslam diniylə şərəfləndilər.

Peyğəmbərimiz (s.ə.s.) Bərrənin azadlıq fidyəsini özü ödədi. Onu azad etdi və atasına təslim etdi. Daha sonra qızıyla nikah kəsmək üçün atasından icazə aldı. Özünə də 400 dirhəm mehir verdi. Haris bu qısa zaman kəsiyində yaşadıqlarının heyrəti içərisində qızının nikahına da icazə verdi. Allah Rəsulunun əxlaqına heyran qalmışdı.

Beləliklə, Peyğəmbər (s.ə.s.) Bərrə (Hz. Cüveyriyə) anamızı yoldaş olaraq qəbul etdi.

Bərrə anamıza Cüveyriyə adını Peyğəmbərimiz (s.ə.s) özü vermişdi. Bərrə qüsursuz,  xeyirli qadın deməkdir. Bu cür adları Peyğəmbərimiz (s.ə.s.) bəyənmirdi. Çünki O, bunları sanki insanın özünü təmizə çıxarması kimi qiymətləndirirdi. Buna görə də, peyğəmbərimiz (s.ə.s) onun adını “qadıncığaz” mənasını verən Cüveyriyə adı ilə dəyişmişdi.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)