Onu Anarkən

Allah-Təala insan oğlunu yer üzündə öz xəlifəsi olaraq yaratmış və ona səadət yollarını göstərmişdir. Başıboş buraxılmayan və müəyyən bir missiya ilə yer üzünə xəlifə qılınan insan hər zaman Rəbbi tərəfindən yardımla dəstəklənmişdir. Elə buna görə də Uca Yaradan zaman-zaman bəşəriyyətə ilahi vəhyi ehtiva edən kitablar və o kitabların canlı nümunəsi olan peyğəmbərlər göndərmişdir. Dünyanın gedişatında sonuncu, lakin əzəldə ilk peyğəmbərsə şübhəsiz ki, Həzrət Məhəmməd (s.ə.s.)dir. O elə bir rəhmətdir ki, Allah-Təala Onun hörmətinə aləmləri yaratmış və Ona əzəldə “Həbibim” demişdir. Qurani-Kərimdə Onun ömrünə and içmiş, Merac nemətiylə şərəfləndirmiş, öz ilahi ismi ilə yanaşı Onun adını ərşi-əlada yazmışdır. Allah-Təala Qurani-Kərimdə buyurur:

“Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik” (Ənbiya, 107).

İnsanlığın qurtuluşu üçün göndərilən ən son peyğəmbər Hz. Məhəmməd (s.ə.s.) 571-ci ildə Rəbiül-əvvəl ayının 12-də dünyaya gəlmişdir. Miladi təqvimə görə isə bu 571 il aprel ayının 20-nə təsadüf edir. Bu mübarək gecəyə “Mövlud Qəndili” deyilir.

Peyğəmbərimiz dünyaya gəldiyi vaxt dünyanın hər yerində cəhalət, zülm və əxlaqsızlıq hökm sürürdü. Allah inancı unudulmuşdu. İnsanlıq qorxunc və qaranlıq bataqlığa düşmüş, dünya yaşanmaz hala gəlmişdir. Güclülər zəifləri əzir, varlılar ehtiyac sahiblərinə faizlə borc verir və borcunu qaytara bilməyənlər köləyə çevrilir, məsum qız uşaqları diri-diri toprağa basdırılır, ədalətsizlik baş alıb gedirdi.

Onun doğulduğu gecə insanlığın qurtuluşu üçün çox xeyirli və mübarək bir başlanğıc oldu. Bir fəzilət günəşi və hidayət məşəli olan Peyğəmbərimizin göndərilişi, Uca Allahın bütün insanlara ən böyük nemətlərindən biridir. Qurani-Kərimdə buyurulur:

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər” (Ali- İmran, 164).

Məhz buna görə də bəşəriyyət ona çox şey borcludur. Bu gerçəyi şair nə gözəl ifadə edir:

Dünya nəyə sahibsə, Onun vergisidir həp; 

Mədyun[1] ona cəmiyyəti, mədyun Ona fərdi. 

Mədyundur, o məsuma bütün bir bəşəriyyət. 

O, aləmlərin Rəbbindən “aləmlərə rəhmət olaraq göndərildi”.

Sevimli Peyğəmbərimiz Hz. Məhəmməd özündən əvvəlki peyğəmbərlər kimi sadəcə bir qövmə və ya millətə deyil, bütün insanlığa peyğəmbər olaraq göndərilmişdir. Onun digər peyğəmbərlərdən fərqli tərəfini Qurani-Kərim belə xəbər verir:

“(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!” (Səbə, 28)

Sevimli Peyğəmbərimizin təbliğ etdiyi İslam dini ilə dünya aydınlandı, tək Allah inancı ilə qəlblər nurlandı. Bərabərlik, ədalət və qardaşlıq gəldi. Ona inanan insanlar əsl səadətə qovuşdular.

Bu gecə müsəlmanlar arasında yüz illərdən bəri böyük coşqu ilə qeyd edilir. Məhz həmin gecə İslam dünyasında Peyğəmbərimizin böyük hörmətlə yad edilməsi ilə xatirələrdə qalır. Ondan bəhs edən söhbətlər, mövlud məclisləri bu gecənin ən yadda qalan tərəflərindən biridir. Lakin qeyd etmək lazımdır ki, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizin doğumunu anarkən mövlud oxumaq, sadəcə bu gecəni qeyd edərək digər günlərdə Rəsulullahın izindən getməmək doğru deyil. Uca Allahın sevgisinə və bağışlanmasına nail olmağın yeganə yolu Peyğəmbərimizin yolundan getməkdir. Bu haqda müqəddəs kitabımızda deyilir:

“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali-İmran, 31)

Allah Rəsulunu sevməyin qarşılığı cənnətdir!

Bu sevgiyə sahib olmaq cənnətə getməyi zəmanət altına alır. Bu sevgiyə nail olmaq sevdiyimiz ilə birlikdə olmağımızdan xəbər verir. Allah Rəsulunun buyurduğu kimi: “İnsan sevdiyi ilə bərabərdir”.

Onun əxlaq və fəzilət dolu həyatını öyrənmək və özümüzə örnək almaq başda gələn vəzifələrimizdən biridir. Bu zaman Onun sevgisini qazanmış olarıq.

 Peyğəmbər (s.ə.s.)in dünyaya təşrif etdiyi, mübarək  Rəbiül-əvvəl ayınız xeyirlərə vəsilə olsun. Haqq Təala bizi Rəsuli-Əkrəmin (s.ə.s) şəfaətinə nail eyləsin.                                                                       

 

[1] Borclu

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)