Yardımlaşmanın fəziləti

İslam aləmində sevgi, birlik və bərabərlik düşüncəsi ürəkləri rahatlatmaq, mərhəmət duyğularının qabarması, kasıb və yoxsulların düşünülməsi, böyüklərin, qohumların, qonşuların ziyarət edilməsi, yetimlərin sevindirilməsi Allahın əfv və bağışlanmasına böyük bir yaxınlaşmadır. Cəmiyyətdə ehtiyac sahibi olan kimsələrin problemlərini həll etmək etmək, gələcəyə ümidlə baxmalarına səbəb olmaq həm dini, həm də insani bir vəzifədir. Peyğəmbərimiz (s.ə.s) “İnsanların ən xeyirlisi insanlığa xidmət edən, faydalı olandır” buyuraraq bu əhəmiyyətli vəzifəni müsəlmanlara xatırlatmışdır. Bu səbəblə cəmiyyətdə asayiş, barış, sevgi və güvən atmosferi yalnız yardımlaşma ilə bərqərar olar. Allah-Təala buyurur:

“Ey iman gətirənlər! Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun.” (əl-Maidə, 2)

Müsəlmanlar ilk növbədə ata-anaya qarşı mərhəmətli olmalıdırlar. Daha sonra ailənin digər üzvlərinə mərhəmət, ehsan və ikram etməlidirlər. Sevimli Peyğəmbərimiz (s.ə.s) “Cənnətin gözəl qoxusu min illik məsafədən alınır, fəqət ana-atalarına üsyan edənlər, qohumlarıyla münasibəti kəsənlər bu qoxunu almazlar”, -buyurmuşdur. Allah-Təala Qurani-Kərimdə “Şübhəsiz ki, möminlər qardaşdırlar” (əl-Hucurat, 10) buyuraraq müsəlmanların bir-birilərinə qarşı qardaş kimi olmalarını, istəmişdir. Həzrət Peyğəmbər (s.ə.s) də Məkkədən Mədinəyə hicrət etdikdən sonra ilk işlərdən biri kimi ənsarla mühacirləri bir-birinə qardaş élan etmiş və tarixdə misli görülməmiş yardımlaşma, qardaşlıq yaşanmışdır.

Həzrət Peyğəmbərin qardaşlıq və yardımlaşma ilə bağlı bir neçə hədisi-şərifini burada qeyd etmək yerinə düşər. Fəxri-Kainat (s.ə.s) buyurdu:

“Bir-birinə qarşı məhəbbət və mərhəmətdə möminlər bir vücud kimidirlər. Vücudun bir üzvü narahat olduqda bütün vücud yuxusuz qalıb narahat olaraq onun sağalması üçün səfərbər olduğu kimi müsəlmanlar da bir-birilərinin yardımına can atmalıdırlar.” (Buxari)

“Kim bir müsəlmanın sıxıntıdan qurtarıb onu sevindirərsə, Allah-Təala da qiyamətin ən çətin anında onu sıxıntıdan qurtarar.” (Buxari)

“Qonşusu ac ikən tox yatan (kamil) mömin deyil.” (Buxari)

Məhz belə bir dinin mənsubları olaraq hər zaman isnanlara faydalı olmağa, yardım və dəstəyimizi ehtiyac sahiblərindən əsirgəməməyə çalışmalıyıq. Əsas olan, möminlər arasında olan sevgi və dostluq əlaqələrinin güclənməsi, ehtiyac sahiblərinin xatırlanması, qardaşlıq duyğusunun ölkəmizdə və İslam aləmində güclənməsidir. Allah-Təala və Rəsulu bizə bunu öyrədir.

Yerdə və göydə nə varsa hamısı Allahındır. Mal və mülk verilən insanlara malları ilə əlaqəli məsuliyyət və xidmətlər də verilmişdir. Bu məsuliyyət Allahın əmanəti olan malın bir hissəsini başqalarına verməkdir. Allah-Təala iman və namazdan sonra zəkat və infaqı əmr etmişdir. Dünyada qalacaq olan malımızın Allahın əmri istiqamətində xərclənməsi və sərf edilməsi vacib bir işdir. Bu xərcləmə axirətə uzanan yol üçün sağlam bir körpüdür.

Eyni zamada unutmamaq lazımdır ki, yardımlaşma sadəcə malla olmur. Hər kəs sahib olduqları ilə digərlərinə faydalı olmağa çalışmalıdır. Elm sahibi elmi ilə, güc-qüvvət sahibi gücü ilə yardım əlini digərlərinə uzatmalıdır. Hətta əziz Peyğəmbərimizin buyurduğu kimi gülər üz göstərmək özü də bir sədəqədir.

Yardımlaşmaq cəmiyyət halında yaşamağın nəticəsidir. Yardımlaşma dedikdə maddi dəstəkdən tutmuş sevgiyə qədər hər şey əhatə olunur. Yardımlaşmanın cəmiyyətdəki bəzi faydalarına gəldikdə isə:

* Yardımla kasıblar qorunmuş olur. Onlara edilən maddi yardımlar, onların oğurluq kimi pis yollara düşməsinin qarşısını alır.

* Yardım edənlə edilən arasında sevgi yaranar. İnsanlar kin, həsəd, düşmənçilik kimi xasiyyətlərdən xilas olar, heç kimin başqalarının malında gözü qalmaz.

* Hz. Məhəmməd (s.ə.s.) müsəlmanlara yardım edilən deyil, yardım edən insan olmalarının daha fəzilətli olduğunu bildirmişdir. Möhtac olduqları zamanda müsəlmanlardan yardım, anlayış, və sevgi görənlər, ehtiyaclarını qarşıladıqdan sonra alan deyil, verən insanlar olmağa çalışmalıdırlar.

* Zəkat sədəqə və digər maddi yardımlar, müsəlmanların güclü olmalarında birlik və bərabərlik içində yaşamalarının zəmanətidir. Yardımlaşma zənginlə-kasıb, acla-tox arasındakı uçurumu örtər və sevgi körpüsü qurar.

Yardım edərkən diqqət olunacaq bəzi xüsuslar:

* Yardım Allah rizası üçün edilməlidir.

* Yardım ediləcəyi zaman həqiqətən kasıb insanlar seçilməlidir.

* Malın pisi, yararsız olanı yardım adı ilə başqalarına verilməməlidir.

* Edilən yardım heç bir zaman başa qaxılmamalıdır. Əks halda edilən əldə olunan savab puç olar.

* Kasıbın halını başa düşməli və onunla yaxşı davranmalıyıq.

* Heç bir yardım kiçik görülməməlidir.

* Yaxşılıq və yardım edən kəs bunu vaxtında etməlidir.

* Yardım edərkən gizli etməyə çalışmaq lazımdır.

Başqalarından yardım gözləyənlərin diqqət edəcəkləri bəzi xüsuslar:

* Ehtiyacdan artığı istənməməlidir.

* Edilən yardımı az görməyərək qəbul etmək lazımdır.

* Yardım səxavətli insanlardan istənməlidir. Yardım etmək istəməyəndən və ya imkanı olmayandan yardım istəmək doğru deyil.

* Bizə yardım edənlərə təşəkkür etmək lazımdır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)