Məhərrəm Ayı

Müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur:

“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır”. (ət-Tövbə, 36) Hicri təqvimə əsasən ilin başlanğıcı məhərrəm ayından hesablanır.

Məhərrəm ayı İslam dinində üç böyük hadisə ilə yadda qalmışdır:

1. Oruc,

2. Qeyd etdiyimiz kimi hicri təqvimin başlanğıcı olması,

3. Həzrət Hüseyn və övladlarının Kərbəlada şəhid edilməsi.

Məhərrəm ayında tutulan oruc tarixi cəhətdən əhəmiyyət daşıyır. Hz. Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra məhərrəm ayının 10-cu günü burada yaşayan yəhudilərin oruc tutduqlarını öyrəndi. Bunun nə orucu olduğunu soruşduqda yəhudilər belə cavab verdilər:

“Bu gün Allahın Musanı düşmənlərdən xilas etdiyi, Fironu dənizdə həlak etdiyi gündür. Hz. Musa (ə.s.) bu gün şükür orucu tutmuşdur”. Hz. Peyğəmbər də onlara:

“Biz Musanın sünnəsini yaşatmaq üçün ona sizdən daha yaxınıq”,- dedi. Həmin hadisədən sonra Allah Rəsulu və müsəlmanlar həmin günü oruc tutdular. Həmin il Ramazan orucu hələ fərz qılınmamışdı. Lakin sonrakı il Ramazan orucu fərz edildikdən sonra müsəlmanların oruc ayı Ramazan oldu. Aşura günü tutulan orucla bağlı isə Peyğəmbər hər kəsi sərbəst buraxdı. İstəyən tutdu, istəməyən tutmadı. Beləliklə də aşura orucu müstəhəb oruc sayıldı.

Alim səhabələrdən olan İbn Abbasın rəvayət etdiyi bir hədisdə yəhudilərə bənzəməmək üçün aşura günü tutulan oruca bir gün əvvəlki, bir gün də sonrakı gün əlavə edildi. Bununla da məhərrəm ayının doqquzu, onu və on biri oruc tutmaq sünnə oldu. Tirmizidə qeyd olunan bir hədisi-şərifdə Hz. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: “Aşura günü tutulan orucun Allah qatında o gündən əvvəlki ilin günahlarına kəffarə olacağına ümid edirəm”. Bu hədisin izahında İmam Qəzali belə deyir: “Məhərrəm ayı hicri ilin başlanğıcıdır. Yeni gələn ili oruc kimi xeyirli bir işlə başlamaq daha gözəl olar. Bərəkəti də davamlı olar”.

Məhərrəm ayının hicri təqvimin başlanğıcı sayılması Həzrət Ömərin xəlifəlik illərinə təsadüf edir. Onun bu ayı hicri ilin başlanğıcı təyin etməsindən bugünə kimi bir çox müsəlman dövlətlərdə həmin ay hicri ilin başlanğıcı kimi qəbul edilir.

Həzrət Peyğəmbərin ifadəsi ilə “Şəhrullahil-Muharrəm – Allahın ayı Məhərrəm” olaraq tanınan bu ay ilahi bərəkət və feyzin artdığı bir aydır. Peyğəmbərlər tarixində də məhərrəm ayı mühüm yerə sahibdir:

- Allah Hz. Musaya aşura günündə möcüzə ehsan etmiş, dənizi yararaq Firon və ordusunu suya qərq etmişdir.

- Hz. Nuh (ə.s.)-ın gəmisi aşura günü Cudi dağında quruya çıxmışdır.

- Hz. Yunus (ə.s.) balığın qarnından aşura günü xilas olmuşdur.

- Hz. Adəm (ə.s.)-ın tövbəsi aşura günü qəbul edilmişdir.

- Hz. Yusif qardaşları tərəfindən atıldığı quyudan aşura günü çıxarılmışdır.

- Hz. İsa (ə.s.) dünyaya həmin gün gəlmiş və yenə həmin gün göyə yüksəldilmişdir.

- Hz. Davud (ə.s.)-ın tövbəsi o gün qəbul edilmişdir.

- Hz. İbrahim (ə.s.)-ın oğlu Hz. İsmayıl o gün doğulmuşdur.

- Hz. Yaqub (ə.s.)-ın oğlu Yusifin həsrətinə görə tökdüyü göz yaşlarından tutulan gözləri o gün açılmışdır.

- Hz. Əyyub (ə.s.) həmin gün şəfa tapmışdır.

Bəzi təfsir alimlərindən rəvayət edilənlərə görə Qurani-Kərimdə aşura gününə işarə edən ayə belədir:And olsun on gecəyə (əl-Fəcr, 2)

Aşura günü eyni zamanda Hz. Peyğəmbərin çox sevdiyi nəvəsi, Cənnət Gənclərinin Rəhbəri İmam Hüseynin şəhid olduğu bir gündür. Peyğəmbər nəvələrinin amansızlıqla və əzab-əziyyətlə şəhid edilməsi hər bir müsəlmanın qəlbində dərin yaralar açmışdır. Lakin bu o demək deyil ki, hər il həmin günü ağlamaqla, özümüzü döyməklə keçirməliyik. O günü Həzrət Hüseynə yaraşacaq şəkildə yad etməyin ən gözəl yolu Peyğəmbərin ciyərparasının ümmətə örnək olan davranışlarını oxuyub öyrənmək və təbliğ etməkdir. 20 faiz torpaqlarımızın işğal altında olduğu bir dövrdə İmam Hüseynin cəsarəti, haqq uğrunda canından keçməsi, ədaləti bərqərar etmək naminə böyük fədakarlıqlar etməsi hər birimizi zəfərə ruhlandırmalıdır.  

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)