Əl-Məlik, Əl-Quddüs

Əl-Məlik bütün kainatın, gözlə görülən və görülməyən bütün aləmlərin yeganə sahibi və mütləq surətdə hökmdarı deməkdir. Bu haqda Qurani-Kərimdə belə buyurulur:

“Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir!” (əl-Muminun, 116)

“Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!” (ət-Təğabun, 1)

Üzərində yaşadığımız dünya və onu əhatə edən atmosfer, buna əlavə olaraq kainatda yer alan planetlər sistemi ilə əlaqəli bütün bilgilərimiz yaradılmış hər şeyin bir “qanunlar silsiləsi” ilə idarə olunduğunu və heç bir şeydə özbaşınalıq olmadığını göstərir.

Baş verən hər bir hadisə Hakimi-Mütləq olan Uca Yaradanın varlığından xəbər verir.

Sahibimiz aləmlərin hökmdarı, Məliki olan O Uca Allahdır.

O, bizə şah damarımızdan daha yaxındır!

Dua etdiyimiz zaman, duamızı eşidən və cavab verən Odur!

Ona bu qədər yaxın ola biləni dünya əyə bilərmi?

Haqq-Təalanı tapan nəyi itirər? Onu itirən nəyi qazanar?

Ey insan, Onu axtar tap və itirməməyə çalış. Mülk Onundur, sən də Onun mülkünün bir parçasısan. Onun əmri ilə var olmusan və həyat sürürsən. Heç nəyə sahib olmadığını, hər şeyin yeganə sahibinin O olduğunu gör! Nəmrudlaşmasın nəfsin, “mən” demə “mənim” demə!

 

Qurani-Kərim cilovlanmayan insan nəfsinin onu necə azdıracağını açıq-aşkar ortaya qoyur:

“(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!”  (Bəqərə, 258)

Elə isə əlimizi açaraq belə dua edək o məliklər Məlikinə:

“Ey bədən mülkümün, ağıl mülkümün, və ürəyimin “məliki” olan Uca Yaradan, özümü, işimi, övladlarımı, evimi sənə təslim etdim. Sən hər şeyin sahibisən! Məni qoru! Məni yolundan ayırma! Tut əlimdən Rəbbim! Sənə layiq olum! Amin”. 

 

 Əl-Quddüs hər cür xətadan, qəflətdən, bütün əskikliklərdən və nöqsanlardan pak, təmiz olan, bütün təriflərin üstündə olan deməkdir.

“O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır”. (əl-Həşr, 23)

Makro və mikro aləmdə görə bildiyimiz və görə bilmədiyimiz hər şeyin yaradıcısı olan Uca Allah kainatı ağıllara durğunluq verəcək bir intizam ilə yaratmışdır. Ətrafını təfəkkür ilə seyr edən hər göz təbiətdəki təmizliyi fərq edər. Quddüs olan Yaradan, heyvanlar aləmində  yaratdığı hər canlıya təmizliyi öyrətmişdir. Kimi yuyunaraq, kimi əl-ayağını yalayaraq, kimisi də özündən kiçik canlıların təmizlikçi kimi ona yardım etməsi ilə vücudunu təmizləyər.

Yaşıl rəngdə olan hər ağac təbiətin ciyəri kimidir, havada oksigen və karbondioksidi nizamlayaraq, havanı təmizləyərək canlıların istifadəsinə yararlı hala gətirir.

O, əl-Quddüsdür!

Allahın Quddüs adını təfəkkür edən hər insan səcdəyə qapanar, ətraf mühiti və təbiətdəki nizamı qorumaq üçün əlindən gələni edər. Müsəlman bilir ki, kainat ilə eyni inancı paylaşmaqla Uca Yaradana qulluq edir.

İnsanlar və ağaclar qiyamdadır.

Heyvanlar rükudadır.

Sular və yerdəki bitkilər səcdə halındadırlar.

O, suyu yaradıb, hər şeyin tərkibinə bu möcüzəni yerləşdirərək suyu həyat qılmışdır. Suya təmizləmə gücü vermişdir. Peyğəmbərimiz (s.ə.s.) buyurur:

“Sizdən birinizin qapısı önündə bir çay axsa, gündə beş dəfə həmin çayda yuyunsa, bədənində kir qalarmı? Qalmaz. Suyun kirləri yuyub apardığı kimi namaz da günahları elə silər” (İbn Macə, Müslim, Məsacid, 283).

Ey Uca Rəbbim, Sən qulunu su ilə maddi kirlərdən, namaz ilə də mənəvi kirlərdən təmizləyənsən!

Tövbə qapılarını əcələ kimi açıq tutub, göz yaşları ilə yuyunan ruhları Təvvab adınla himayə edənsən!

Hər cür nöqsanlıqdan uzaq, pak və təmiz olansan!

Sən ən uca olansan, Alimsən, Mütəkkəbbirsən. Bizə Quddüs adınla rəftar et, bizi təmizlə Allahım!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)