MÜBARƏK ÜÇ AYDA HƏYATI YENİLƏNMƏK FÜRSƏTİ

Yaşadığımız on iki aydan ibarət hər bir ilimizdə mübarək günlər, gecələr və məqamlar vardır. Allah-Təala dünya həyatında günah və pisliklərlə ləkələnən bəndələrini bir daha bu kirlərdən paklandırmaq üçün zamana belə mübarək anlar bəxş etmişdir. Mübarək gün və gecələr deyərkən ilk növbədə şübhəsiz ki, İslam dinində xüsusi yerə sahib “üç aylar” ağla gəlir. Ardı ardına gələn Rəcəb, Şaban və Ramazan ayları hər bir müsəlman üçün vazkeçilməz fürsət mövsümüdür. Həzrət Peyğəmbər (s.ə.s.) üç ayların əhəmiyyətindən ötrü Rəcəb ayının birinci günü girdiyi andan etibarən Ramazanın gəlişinə qədər davamlı olaraq bu duanı edərdi: “Allahım, Rəcəb və Şabanı bizim üçün bərəkətli et və Ramazana qovuşdur”. Hər il qapımızı döyən üç aylar Rəbbimizin bizə olan sonsuz sevgisinin bir təzahürüdür, ilahi ehsanıdır. Ona görə də iman sahibi olan hər kəs bu ayları layiqincə idrak etməlidir.

Rəcəb ayı ilə başlayıb, Şabanda artan və Ramazanın gəlişi ilə daha da güclənən savab yağışından özümüzə nə qədər pay götürə biləriksə, Rəbbimizin qatında da bir o qədər ucalarıq. Allah-Təala bu aylarda bizdən təmizlənməmizi istəyir. Rəsulunu meraca çıxardığı Rəcəb ayında ruhlarımızın meraca yüksəlməsi, qulların günahlarından paklandığı Şabanın Bərat gecəsində günahlardan bəraət almamız və nəhayət, Ramazanı yaşayaraq anadan yeni doğulmuş saf bir körpə kimi yenilənməmiz bu günləri dərk edərək, Rəbbimizin istədiyi kimi və Rəsulullahın sünnəsinə əməl edərək dəyərləndirməklə mümkündür. Bu baxımdan idrak edə bilmədiyimiz hər bir gün və ay Ramazanın Qədr gecəsi olsa belə digər adi günlərdən heç bir şəkildə fərqlənməyəcəkdir. İlk növbədə düşünməliyik ki, Rəbbimiz iman gətirmiş heç bir qulunun cəhənnəmdə əzab görməsinə razı deyil. Əksinə, cənnətlə mükafatlandırılmalarını istəyir. Yaşadığımız üç aylarda Allahın ehsan etdiyi gözəlliklərdən maksimum faydalanmaq üçün Allah Rəsulunu örnək almalı, bu məqamları onun kimi bərəkətləndirməyə çalışmalıyıq. Həzrət Peyğəmbər üç ayların ilki olan Rəcəb ayında nafilə orucları və namazları daha da artırmış, Şaban ayında bu səylərini bir az da artırmış beləliklə ümmətinə Ramazana hazırlığın hansı səviyyədə olmasının zərurətini bildirmişdir. Onun Ramazan həyatı isə tamamilə özünü Rəbbinə verməsindən ibarət idi.

Allah Rəsululunun hər üç ay və bu aylarda görülən xeyir işlərin savabı ilə bağlı müxtəlif hədisi-şərifləri var. Rəcəb ayı ilə bağlı bir hədisində belə buyurur:

Peyğəmbərimiz (s.ə.s.) “Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan isə, mənim ümmətimin ayıdır”.

“Allah-Təala Rəcəb ayında savabları qat-qat artırar. Bu ayda bir gün oruc tutan bir il oruc tutmuş kimi savaba nail olar. Yeddi gün oruc tutanın üzünə cəhənnəmin qapıları bağlanar. 8 gün tutana cənnətin səkkiz qapısı açılar. On gün tutana Allah-Təala istədiyini verər. 15 gün oruc tutana bir carçı belə deyər: “Keçmiş günahların bağışlandı!”... (Təbərani)

“Rəcəb ayında Allaha çox istiğfar edin. Çünki Allah-Təalanın Rəcəb ayının hər anında cəhənnəmdən azad etdiyi bəndələri var. Həmçinin cənnətdə elə köşklər var ki, yalnız Rəcəb ayında (nafilə) oruc tutanlar bu köşklərə daxil olar. (Deyləmi)

Şaban ayının fəzilətini göstərən hədislərdən bir neçəsi isə belədir: Həzrət Aişə anamız buyurdu: “Rəsulullahın heç bir ayda Şaban ayından daha çox (nafilə) oruc tutduğunu görmədim. Bəzən Şaban ayının tamamını oruc tutaraq keçirərdi”. (Buxari)

Allah Rəsulu buyurdu: “Şabanın 15-ci gecəsini ibadətlə, gündüzünü isə orucla keçirin! O gecə Allah-Taala belə buyurur: “Əfv istəyən yoxdurmu, əfv edim. Ruzi istəyən yoxdurmu, ruzi verim. Dərdi olan yoxdurmu, səhhət, afiyət verim. Kim nə istəyirsə istəsin, verim”. Bu, səhərə qədər davam edər”. (İbn Macə)

Şaban ayında nə üçün çox oruc tutduğunu soruşanlara isə Allah Rəsulu belə buyurmuşdur: “Şaban elə fəzilətli bir aydır ki, insanlar bundan qafildir. Bu ayda əməllər aləmlərin Rəbbinə ərz edilir. Mən də əməlimin oruclu ikən Rəbbimə ərz olunmasını istəyirəm.” (Nəsai)

Ramazan ayı isə insanlara doğru yolu göstərən Qurani-Kərimin Allah tərəfindən nazil olduğu bir aydır. Elə isə Ramazanın həyatımızdakı yeri də bu ölçüdə olmalıdır. Həzrət Məhəmməd(s.ə.s.) Ramazan ayının fəziləti ilə bağlı belə buyurur:

“Ramazan ayı mübarək bir aydır. Allah-Təala sizə Ramazan orucunu fərz qıldı. O ayda rəhmət qapıları açılar, cəhənnəm qapıları qapanar, şeytanlar zəncirə vurular. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin (Qədr gecəsinin) xeyrindən məhrum qalan kəs hər xeyirdən məhrum qalmış sayılır”. (Nəsai)

Allah və Rəsulunun müstəsna dəyər verdiyi və İslam dünyasında üç aylar kimi seçilən Rəcəb, Şaban və Ramazanı sevərək yaşamaqla həyatımıza rəng qatmaq öz əlimizdədir. Elə isə ilahi buyuruqlara və nəbəvi tövsiyələrə var gücümüzlə sarılmalı, günah və nöqsanlardan təmizlənərək həyata yenidən başlamaq nöqtəmizi təyin etməliyik.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)