Əl-Basit

Əl-Basit (c.c): Genişləndirən, açan, asanlaşdıran, rəhmət etmək üçün xəzinələrinin qapılarını açan, qulunu darlıqdan çıxarıb, dincliyə çatdıran, qulunun etdiyinə birə-bir deyil, artıraraq cavab verən deməkdir.

“Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir!” (əş-Şura, 27).

Allah qulunun üzərindəki yükü almaq istədiyi zaman ağıla gəlməyən səbəblər yaradar və qulunu rahatçılığa və xoşbəxtliyə qovuşdurub sıxıntılarını aradan qaldırar. Zənginlik verdiyi zaman şükrünü, fəqirlik verdiyi zaman isə səbrini istəyər. Nə olursa olsun Qabid halının da, Basit halının da imtahan olduğunu unutmamaq lazımdır.

“Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!” (əl-İsra, 30).

Allah Basit adı ilə qulunu kasıblıqdan zənginliyə, çətinlikdən rahatlığa çatdırar. Bu adın təcəllisi ilə kasıb zənginləşər, borclunun ruzisini artırar və borcunu asanlıqla ödəyər, işsiz iş tapar və digər bütün maddi çətinliklər yox olar, yerinə nemətlər və ehsanlar alar.

Qabid adı ilə daralan könüllər və ruhlar bu adın təcəllisi ilə rahatlıq tapar və qəlblərə sevinc dolar. Bu hal ilə qul Allah-Təalanın ehsanını dərk edər və rəhmət hədiyyələrinə qarşı şükürlə cavab verər. Demək, Qabid adının təcəllisi, dua və niyaza bir dəvət olduğu kimi, Basit adının təcəllisi də şükrə dəvətdir.

“Allah istədiyi bəndənin ruzisi bol edər, istədiyini də azaldar. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir)” (ər-Rəd, 26).

Yağış bu adın təcəllisi ilə yağar, torpaq bu adın təcəllisi ilə rəhmətin tarlası olar, müxtəlif nəbatatın boy atmasına səbəb olar. Yuxuda alınan ruh Basit adının təcəllisi ilə təkrar bədənə qayıdar. Demək, hər dəfə oyandığımızda Allahın Basit ismini təfəkkür və zikr etməliyik.

Həmçinin bu adın təcəllisi ilə ibadətdən ləzzət və zövq alınar, çətin olan ibadətlər insana asanlaşdırılar, ibadətin bu dünyadakı mükafatı olan mənəvi həzlər yaşanar.

Maddi, mənəvi və dünyəvi bütün rahatlıqlar Basit adının təcəllisidir.

Allah Təala bu adın hörmətinə bizə maddi və mənəvi rahatlıq versin, çətinlik və darlıqdan qurtarsın, bizi Basit adının təcəllisinə məzhər etsin. Amin!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)