Cəmiyyətin Qiyaməti: Əxlaq İsrafı

Əxlaqın qayəsi; insana daima ilahi kameralar altında olduğunun idrak və şüurunu qazandıraraq, onu xam xüsusiyyətlərdən təmizləyib, İslamın ideal insan tipi olan “kamil insan” halına gətirməkdir. Nəzakət, zəriflik, ədəb, həya, səxavət, şəfqət, mərhəmət kimi yüksək xüsusiyyətləri, əsl təbiəti ilə insanın daxilinə nəqş edə bilməkdir.

Bu baxımdan əxlaq - din və imanın ayrılmaz bir parçası, hətta onun ruhu və özəyidir. Əxlaqi gözəlliklərdən məhrum dini həyat düşünmək mümkün deyil. Əxlaqi keyfiyyətlərlə bəzədilməyən bir iman, bir şam işığı kimidir ki, nəfsani və şeytani fırtınalar qarşısında daim böyük bir təhlükə və risk altındadır. 

Əxlaq dəyərlərindən xəbərsiz bir həyat israf olunarkən, bu dəyərlərdən pay götürmüş qəlb isə imanın həqiqi ləzzətini dadan bəxtiyardır. Necə ki, bu hadisə gözəl əxlaqın, insanı iman və hidayət diyarına aparan mənəvi bir körpü olduğunu nə gözəl ifadə edir:
Əshabi-kiramdan Hakim ibn Hizam adında gözəl əxlaq sahibi bir şəxs var idi. Eyni zamanda Xədicə anamızın qohumlarından olan bu şəxs çox comərd, müşfiq, xeyir əməllər sahibi biri idi. Cahiliyyə dövründə qızlarını diri-diri basdırmaq istəyən atalardan onları pulla alar, həyata qaytarar və himayə edərdi. Bir gün Rəsulullaha (s.ə.s.):

  • Ey Allahın Rəsulu! Cahiliyyə dövründə etdiyim xeyirlər var - sədəqə vermək, kölə azad etmək, sılayi rəhm (qohumlarla həmhal olmaq) etmək kimi... Bunların müqabilində mənə əcr verilərmi? - deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s.):
  • Sən onsuz da əvvəllər etdiyin bu yaxşılıqların xeyirinə İslamla şərəfləndin! - buyurdu. (Buxari, Zəkat, 24; Müslim, İman, 194-196)

Bu misalda göründüyü kimi, gözəl əxlaq böyük bir bağ ilə imanla əlaqəlidir.

***

Əxlaqi dəyərlərin israfı cəmiyyətlərin korlanmasına, nəticədə də böyük bir fəlakətlərə düçar olmasına zəmin yaradır. Bu isə axirətdə böyük məyusluqla nəticələnər. Fərd və cəmiyyətlərin dinclik və salamatlığı gözəl əxlaq sahibi, yəni dindar, vətənpərvər, zərif və incə ruhlu bir nəsil yetişdirməklə mümkündür. Məhəmməd İqbalın dediyi kimi;

“Müsəlman, dünyanın gedişatından məsuldur”.

Ayədə buyurulur:

“Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir” (Nur surəsi, 19).

Əxlaq dəyərlərinin başında gələn həya və ədəb nemətlərinə məhrumiyyət, din və imandakı zəiflik və nöqsanlıqdan qaynaqlanır. Peyğəmbərimiz (s.ə.s.): “Həya imandandır” (Buxari, İman, 3) – buyuraraq, bu əxlaqi dəyərin imanla mühüm bir əlaqəsi olduğunu bəyan etmişdir. Buna görə həyasızlıq kimi əxlaqsızlıqların cəmiyyətdə yayılmasını istəyənlər, o cəmiyyətin imanına qarşı ən böyük cinayət işləmiş olarlar.

Halbuki bütün haqq dinlərin əsas hədəfi tövhid inancını yer üzünə hakim etdikdən sonra gözəl əxlaq ilə yoğrulmuş möhkəm bir ictimai struktur təsis etməkdir. Əxlaqsızlıq və azğınlığa görə yaşanmış neçə-neçə ilahi intiqam təzahürlərinə şahid olan dünya tarixi, idrak sahibləri üçün ibrət səhnələriylə doludur. Bunu görmək üçün yer üzündə ibrət nəzəri ilə gəzmək kifayətdir. Ayədə buyurulur:

“Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar)” (Həcc surəsi, 46).

Cəmiyyətlərin əxlaqsızlıqdan həddi aşmaları, dünyanın tamamilə həlakı demək olan qiyamətin əlamətlərindəndir. Qiyamətə yaxın meydana gələcək əxlaqsızlıq və həddi aşmalar bir çox hədisi-şərifdə belə xəbər verilməkdədir:

“Elə bir zaman gələcək ki, insanların bütün narahatlıq və səyləri qarınları (mədə və şəhvətləri) üçün olacaq; şərəfləri malları ilə ölçüləcəkdir; qiblələri qadınları olacaq; dinləri də dirhəm və dinarları olacaq. Məhz onlar məxluqatın ən şərliləridir. Onların Allah qatında heç bir nəsibləri yoxdur” (Əli əl-Müttəqi, Kənzul-Ummal, XI, 192/31186).

“Elə bir zaman gələcək ki, insan halaldanmı haramdanmı qazandığına fikir verməyəcək!” (Buxari, Büyu, 7)

“Elə bir zaman gələcək ki, doğru söyləyənlər yalanlanacaq, yalançılar isə doğrulanacaq. Etibarlı kəslər xain sayılacaq, xainlərə etibar ediləcək. İnsanlardan şahidlik etmələri istənmədiyi halda şahidlik edəcəklər, and içmələri istənmədiyi halda and içəcəklər” (Təbərani, XXIII, 314).

“Elə bir zaman gələcək ki, insanlar əmr bil-məğruf (yaxşılığı əmr etmək) və nəhy anil-munkər (pislikdən uzaqlaşdırmaq) etməyəcəklər” (Heysəmi, Məcmauz-Zəvaid, VII, 280).

Yenə bir gün Rəsulullah (s.ə.s.):

  • Elə bir zaman gələcək ki, o vaxt möminin ürəyi duzun suda əridiyi kimi əriyəcək! - buyurdu.
  • Nə üçün əriyəcək, ey Rəsulallah? - deyə soruşulduqda:
  • Pislikləri görüb onları dəyişdirməyə gücü çatmadığı üçün. - buyurdu. (Əli əl-Müttəqi, Kənz, III, 686/8463)

Cənab-Haqq biz qullarını bu hallara düşməkdən çəkindirmək üçün Qurani-Kərimdə xəbərdarlıq etmiş və:

“Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi, 18) – buyuraraq, başıboş olmadığımızı, etdiklərimizin daim nəzarət altında olduğunu bildirmişdir. Beləcə bizləri qəlbimizin hər zaman ayıq olmasına dəvət etmiş, davranışlarımızda ilahi çərçivəyə riayət etməyimizi, həddi aşmaqdan, azğınlıqdan, ifrat və təfritdən, boş işlərlə məşğul olub ömrü israf etməkdən qaçmağımızı istəmişdir.

Davranışlarda çərçivə daxilində olmağı əmr edərək, gözəl əxlaqı nəsihət verən bir çox ayə vardır. Bunlardan ikisi belədir:

“O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər” (Muminun surəsi, 3).

“Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman surəsi, 19)

İnsanı əxlaqda israfa düçar edən əsas davranışlardan biri də “kobudluq”-dur. Kobudluq, ayədə bildirilən uzunqulaq misalında olduğu kimi, insani xüsusiyyətlərə vida etməkdir.

İnsana yaraşan danışıq üslubu Quranın ifadəsi ilə “qövli-leyyin” (Taha, 44), yəni yumşaq bir dildir. Cənab-Haqq, Musanı (ə.s.) Fironun yanına göndərərkən, ona qarşı belə yumşaq bir dil istifadə etməsini əmr etmişdir.

Yenə Rəbbimiz:

“(Ya Rəsulum!) Bəndələrimə de: (Danışdıqları zaman “la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)”. (İsra surəsi, 53) – buyuraraq, insanlara xitab edərkən nəzakət ölçülərinə riayət etməyimizi əmr etmişdir. Peyğəmbərimiz (s.ə.s.) nümunəsində bizlərə bir nəzakət ölçüsü bəyan etmək üçün digər bir ayədə də belə buyurmuşdur:

“(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər” (Ali-İmran surəsi, 159).

Digər tərəfdən, hər barədə olduğu kimi əxlaqi davranışlarda da etidala (orta yol) riayət etmək şərtdir. Əks təqdirdə etidal qədərilə məqbul olan bir çox əxlaqi davranış, ifratçılıqla, yəni israf ilə ifa edildikdə insanı ifrat və təfritə aparar.

Məsələn, gözəl əxlaqa aid bir davranış olan “təvazö” də həddindən artıq olduqda dolayı bir öyünmə şəklində təvazönün israfıdır.

Deməli, bəşəri münasibətlərdə təvazö, nəzakət kimi ölçüləri nömrəsiz eynək kimi hər yerdə eyni tərz və ölçüdə istifadə etmək, əxlaqda israfa düşməkdir. Çünki layiq olana məhəbbət və ədavət bəsləmək, eyni zamanda bunun tələb etdiyi kimi davranmaq, əxlaqi bir zərurətdir. Mühüm olan, hər barədə olduğu kimi əxlaqi məsələlərdə də ilahi ölçülərə riayət edərək, etidal tarazlığını mühafizə edə bilmək və beləcə yetkin bir mömin xarakteri göstərə bilməkdir.

Peyğəmbərimiz (s.ə.s.) şəxsən öz həyatında İslam əxlaqını böyük bir nəzakət və zəriflik üslubuyla yaşamış və ümmətinə bu incəlikləri üsvəi-həsənə (ən gözəl bir nümunə) olan uca şəxsiyyəti təlqin etmişdir. Peyğəmbərimiz (s.ə.s.) bir günahkar şəxsi bilsə belə, o adamın ayıbını üzünə vurmamış, həmsöhbətinin səhvini ona yaraşdırmadığını bildirmək üçün də; “Mənə nə olur ki, sizi belə görürəm” (Buxari, Mənaqib, 25; Müslim, Salat, 119) –buyurmuşdur.

Bu baxımdan, xətalı insanlara xəbərdarlıq etmək və irşad kimi fəzilətli əməllərdə, həmsöhbətlərin idrak səviyyəsini düşünmək və xüsusilə, bu nəbəvi nəzakət və ədəbə riayət etmək lazımdır.

Digər tərəfdən gözəl əxlaqın ən mühüm təzahürlərindən olan comərdlik və infaq kimi fəzilətlərdə də üsul və ədəbə riayət etmək, çox mühüm bir şərtdir. Əks halda bir yaxşılıq edərkən başa vurmaq, minnət qoymaq, könül qırmaq, qürura qapılmaq kimi səhvlər, bu xeyirlərin əcrinin zay olmasına səbəb olar.

Xülasə, Rəbbimiz bütün həyatımızı gözəl əxlaqla, həssas bir ürəklə və insanlıqğa yaraşan bir formada yaşamağımızı əmr edir. Çünki Cənab-Haqq, əxlaqi üstünlükləri insana ikram etmişdir. Digər məxluqat üçün əxlaq mühüm deyildir. Bu vəziyyətdə insanın bu məziyyətini həba edərək, digər məxluqata bənzəməsi və hətta onlardan daha çaşqın bir hala düşməsi, insanlıq şərəfi üçün acı bir itkidir!

 

Rəbbimiz, Rəsulullahın (s.ə.s.) dualarının bərəkətindən könüllərimizi hissədar etsin:

“Allahım! Yaradılışımı gözəl etdiyin kimi əxlaqımı da gözəlləşdir!”

“Ey Rəbbim! Məni əxlaqın ən gözəlinə çatdır! Şübhəsiz, ona çatdıracaq olan ancaq Sənsən!”

Amin...

Qeyd: Möhtərəm Osman Nuri Topbaşın əsərləri əsasında hazırlanmışdır.

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)