Haradan Haraya...

 

İnsanlıq tarixi boyunca axan göz yaşları, dəryalarla yarışdırılsa, görəsən, dəryaların suyu, yoxsa göz yaşları qalib gələrdi? Bəzisi eşq, bəzisi xoşbəxtlik, bəzisi əziyyət, kədər,  həsrət, nifrət göz yaşları… Sanki bunların içində hamısına qalib gələn kədər göz yaşları olmuşdur. Zülmə doymayanlar olduqca, qiyamətə qədər də qalib gələcəkdir. Kədər göz yaşları, 1944-cü ilin 14 noyabr gecəsi Türkiyə sərhəddinin yaxınlığında, Gürcüstanda yerləşən Axısqada isə sel olmuşdur. Bir xalqın sürgün göz yaşları… Geri dönüşü olmayan səfərin göz yaşları... Gələcəyi müəmma olan bir səfər… Ölümlə həyat arasında kiçik bir xəttin olduğu səfər... Axısqalı türk qardaşlarımız heyvanların daşındığı vaqonlara mindirilib qatarın ürəkləri dağlayan siqnalı ilə məchula doğru səfərə çıxarıldığı gecə, kədər xoşbəxtliyə qalib gəlmişdir.

Məchula gedən səfərdə doqquz aylıq bir körpə vardı. Böyüklərin, necə pəhləvanların məğlub olduğu səfərə, kiçik əlləriylə möhkəm sarılmış qədəri-ilahi ölüm səfərindən sağ-salamat çıxmış, bilmədiyi, sonradan vətən olacaq torpaqlara çatmağı bacarmış bir körpə … Adı Güllərdir. İllər sonra adı kimi üzü də gül kimi olan xalamızla Qırğızıstanda tanış olmaq nəsib oldu. Üzü gülən xalamın hər xatirələrə dalanda təbəssümü hüznə bürünürdü. Güllər xalamın sürgün hekayəsini başqa bir yazıda qələmə alacağam. Bu yazıda Güllər xalanın hüznlü xatirələrindən təsirləndiyim gözəl nənələrimizin iffətlərini, həya duyğularını sizinlə paylaşmaq istəyirəm.

Güllər xala sürgünlə əlaqədar xatirələrində gözəl insanlardan bəhs edərkən ibrət alacağımız hadisələr danışdı: "Analarımız bizlərə sürgün hekayələrini həmişə göz yaşları ilə danışırlar. Kişi, qadın demədən hamısını heyvan vaqonlarına yığmışlar, mən o zaman doqquz aylıq olduğum üçün xatırlamıram. Həftələrcə sürən səfərdə ehtiyacı olan, vaqonun küncünə çəkdikləri xalçanın arxasına keçərək ehtiyacını aradan qaldırmaq məcburiyyətində qalmışdır. Pərdə çəksələr də gənc gəlinlər, gənc qızlardan bəziləri böyüklərindən utandıqlarına görə ehtiyacını aradan qaldıra bilməmiş və ölmüşlər. Həyaları buna mane olmuşdur. İndiki vaxtda vanna otağının aynasında və ya getdiyi restoranın, kafenin tualet hissəsində “selfie” çəkib paylaşmanın normal olduğu zamanda bu bacılarımızın duyğularını anlamaq çox çətindir.

Güllər xala həya sahibi anası ilə əlaqədar belə bir xatirəsini də paylaşdı: "Gəlin vaxtımda anam, qardaşım və əmim bir avtomobildə gedərkən mən, "Anacan, sənin bizə uşaqkən söylədiyin türkü var idi. Mən onu başqa heç bir yerdə eşitməmişəm. Nə olar bir daha söylə, köhnə xatirələr gözümüzdə canlansın dedim. Anam qulağıma əyilib "qızım, heç o türkü burada qaynımın, oğlumun yanında deyilərmi, içində yar sözü keçir, ayıb olmazmı?"-  dedi və söyləmədi. Türkünün sözləri belə idi.

 

Göydə ulduz olaydım,

Həvəngdə duz olaydım,

Yar qapıdan keçəndə,

Evdə yalnız olaydım.

Qapımı döydi getdi,

Əlini yudu getdi.

Gedin sorun dirəklərə,

Yarım nə dedi getdi?"

Türkünü Güllər xaladan dinləyincə bir “ah” çəkdim. "Ah, Güllər xalam, həya sahibi analarımız bu gün deyilən həyasız sözlərlə dolu mahnıları dinləsə, ürəkləri utandığından partlayardı hər halda",- dedim. Haradan haraya!

Həya sahibi bir xalamız da, Allah rəhmət etsin, Azərbaycanda yaşayırdı. Bəşə xala (əsil adı Bənövşədir, hər kəs qısaldaraq xitab edərdi) özü haqqında belə demişdi: ”Xəstələndiyimdə oğlum məni xəstəxanaya apardı. Yolda yaxası açıq bir qadın gördüm. Utandığımdan oğlumun üzünə baxa bilmədim. Utandığından qıpqırmızı oldum, önümə baxıb kaş ki, evdən heç çıxmasaydım",- dedim. Bəşə xala hər zaman uzun önlük taxardı. Səbəbini soruşduqda "bədən xətlərim bəlli olmasın" - deyərdi. Hamilə qaldığında ev əhlinin  öyrənməsindən utanar, geniş paltarlar geyinərək bəlli etməz, uşaq dünyaya gəldikdə fərqinə varardılar. Yenə özü "bu günə qədər mənim saçlarımı oğullarım belə görməyib",- deyərdi. Həya sahibi nənələrimiz, xalalarımız taxta atlara minib getdilər. Bizlər də onların xatirələrini dinləyib “ah”larla kifayətləndik. Keçən dəfə “instagram”da təsəttürlü bir tanıdığım illər sonra hamilə qaldığı üçün fotoşəkillərini paylaşmışdı. Bu fotoşəkilləri görən, həya duyğusunun qırıntılarını daşıyan hər kəs utanmadan edə bilməz. Bir tərəfdə həyasından hamiləliyini saxlayan iffətli bir qadın, digər tərəfdə hamilə qaldığını yoldaşıyla çəkdiyi uyğunsuz fotoşəkillərlə tanıdığı, tanımadığı hər kəslə paylaşan bir qadın…

Əsrlər boyu İslamın yaşandığı hər cəmiyyətdə həya ilə əlaqədar gözəl misallar heç bitmir. Qırğızıstanda ənənəvi paltarların satıldığı mağazaya girdiyimdə qalın parçadan  tikilmiş, işləməli bir ətək diqqətimi çəkdi. Ətəyin adının “bəldəmçi” olduğunu söylədilər. Çox qalın parçadan tikilmiş olan bəldəmçi, paltar üzərindən belə sarılan bir ətəkdir. Deyirlər ki, əvvəllər qırğız qadınları küləkdə paltarları üzərinə yapışıb bədən xətlərini bəlli etməsin  deyə mütləq bəldəmçini geyərdilər. Saçlarını başörtünün altından iki hörgü edib gümüşdən hazırlanmış “çaçbax” adında ağır bijüteriyaları saçlarına bağlayaraq gəzərdilər. Bu hər addım atdıqlarında səs çıxarar və uzaqdan kişilər eşidincə, qadın gəlir deyə yoldan çəkilərdilər. İslam, mədəniyyətlə qarışdığında ortaya nəcə zərif bir görüntü çıxır. Bu zərifliyə artıq həsrət qalmışıq.

Fatma Barbarasoğlu bir köşə yazısında qohum-əqraba təzyiqindən söz etmişdir. Yoldaşlarının arasında aşağı səviyyədə qalmamaq, ictimai mediada söz sahibi olmaq üçün gənclərin, xüsusilə də yuxarı sinif şagirdlərinin bir sıra əxlaqi prinsipləri ayaqlar altına alıb özlərini sübut etmək səylərinin şahidi oluruq. Bir ailə uşağına əxlaqi təhsil verə bilər, amma Peyğəmbərimizin (s.ə.s.), "İnsan yoldaşının dini üzrədir" - hədisinə görə ətrafındakı dostları yaxşı deyilsə, uşaq, dostlarının yanında pis vəziyyətdə qalmamaq üçün inandığı dəyərləri tapdalaya bilər. İndiki vaxtda bunun nümunələri az hesab edilməyəcək qədər çoxdur. Uşaqlarımıza əxlaqi təhsil verməyə səy göstərdiyimiz qədər, dost çevrəsinin də yaradılmasına səy göstərməliyik.

Hz. Əli (r.a.) "Həya duyğusu itən kimsənin, qəlbi ölər",- deyir. Qəlbi ölən insandan hər şey, hər şər gözlənilər. Cəmiyyətdəki əxlaqi çöküşün ən böyük səbəblərindən biri də, həya duyğusunun itməsidir.

            "Həya imandandır" (Buxari-İman). Yenidən həyalı bir cəmiyyətə qovuşmanın xəyalını qururuqsa, ilk işə ürəkləri təmir etməklə, zəifləyən imanları gücləndirməklə başlamalıyıq. Əlbəttə ki, ilk növbədə öz rüsvayçılığımızı yoluna qoymalı və öz internet paylaşımlarımızı  düzəltməliyik. İşarət barmağı həmişə başqalarını göstərir, digər üç barmaq isə işarət  barmağının sahibini. Ümmət olaraq hamımız birlikdə qəlbimizi inşa və ehya etmək üçün  niyyət edək. Niyyət etdik həya pərdəsini qəlb pəncərəmizə çəkməyə… Rəbbim, niyyət etdiklərimizi əmələ çevirəcək gücü ver ki, itirilən əxlaqi dəyərlərimizə yenidən qovuşaq, Amin.  

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)