Sevəcəyik, sevməyi öyrədəcəyik!

XƏDİCƏ CANAN XANIM

(2-ci bölüm)

 

Ötən ay bir könül insanı, Xədicə Canan xanımı tanıdan yazı yazmışdıq. Qürbət acısına, yoldaşı ilə fərqli dünyalarda yaşamasına baxmayaraq sərgilədiyi təvəkkül və səbrindən söz açmışdıq. Belə bir qəlbə sahib olan birinə Yaradan cavabsız qalarmı? İlahi eşqlə yanan bəndə əlbəttə ki, öz bələdçisini tapacaq, onunla həm öz yolunu, həm də övladının yolunu işıqlandıracaqdı.

Könül Sultanı Harada Gizlidir?

Xədicə Canan xanım təfəkkür və zikrlə keçirdiyi günlərinin birində qonşu xanımla yaxından tanış olur. Həddən artıq sadə və təvazökar həyat sürən bu xanım o qədər səmimi olur ki, Xədicə Canan xanım onu hər görəndə ürəyi fərqli döyünür. Yalnız qonşu xanımın deyil, uşaqlarının belə ədəbi və əxlaqı ona çox təsir edir. Bir gün qonşusu onlara qəhvə içməyə gəlir. Əslində, çox danışmır, söhbətləri hal dili ilə olur. Dedi-qodu və boş sözlərdən  uzaq könül dili ilə danışırlar öz aralarında. Sonra qonşu xanım onu yeməyə dəvət edir. Xədicə Canan xanım bu dəvəti məmnuniyyətlə qəbul edir.

Yemək dəvətini qəbul edən Xədicə Canan xanım könlünün Haqqa gedən yolunu işıqlandıran müəllimini burada tapır. O zamana qədər görmədiyi, heç tanımadığı Əthəm Əfəndi sən demə, yaşadıqları şəhərdə sevilib-sayılan könül əridir.

Niyazi Misrinin “Divan”ı ilə irşad olmaq

Artıq Xədicə Canan xanım bir sualı, ya da bir çətinliyi olduğu zaman Niyazi Misrinin Divanını açıb ağlındakı mövzu ilə əlaqədar bir beyt, ya da misra tapır, yanına bir işarə qoyub müəllimi Əthəm Əfəndiyə göndərir. Ertəsi gün Əthəm Əfəndi problemin cavabı olaraq yenə Divandan tapdığı hissəni işarələyərək geri göndərir. Artıq Xədicə Canan xanımın könlü Niyazi Misrinin misraları ilə parlamağa başlayır.

Yaşamadan Bilinməz

Xədicə Canan xanım yaxın rəfiqəsi, Əthəm Əfəndinin xanımı Zəhra xanımın dünyadan ayrılma vaxtı çatır. Ölüm döşəyində olan Zəhra xanım dörd övladını rəfiqəsinə əmanət edir. Xədicə Canan Xanım da o zamanlar iki-üç yaşlarındakı Nuriyyəni yanında saxlayır. Mərhum rəfiqəsinin və yoluna işıq tutan müəlliminin övladını evində böyütməyə başlayır.

Xədicə Canan xanım könül gözünün açıla bilməsi üçün qəlb təliminə başlayır. İki il ərzində aldığı mənəvi qidalar ona dünya nemətlərini unutdurur. Bəzən bir dilim çörəklə kifayətləndiyi günlər olur.

Müəlliminin Əmanəti

İllər illəri qovarkən Əthəm Əfəndi də dünyaya gözlərini yumur. Zikir, təfəkkür və ibadətlə keçən illər içində Xədicə Canan xanım oğlu Kənan və ona müəlliminin əmanəti olan Nuriyyəni hər baxımdan mükəmməl bir şəkildə yetişdirir. Nuriyyə münasib biri ilə xoşbəxt bir yuva qurur və qürbətə gedir. Tez-tez "ana" deyə xitab etdiyi Xədicə Canan xanıma məktublar yazır. Bir körpə gözlədiyini, amma olduqları yerin çox isti olması səbəbi ilə çətinlik çəkdiyini deyir. “Lakin bu aralar hər gecə yuxuda atamı görürəm. Mənə buz kimi meyvələr gətirir. Onları yeyib sərinləyirəm", - deyə müjdəli xəbərlər də verir.

Nuriyyə xanım körpəsini dünyaya gətirdikdən bir müddət sonra yoldaşı vəfat edir. Qədərə riza göstərərək Xədicə Canan xanımın yanına qayıdır.

Bursa ziyarəti

Günlərin birində Xədicə Canan xanım Bursanı ziyarətə gedir. Burada Əthəm Əfəndinin böyük qızı Şəfqət xanımın qonağı olur. Əmir Sultan, Həzrət Üftadə, Somuncu Baba və Yaşıl Türbəni ziyarət etdikdən sonra yanındakılara Muradiyyəyə getmək istədiyini söyləyir. Muradiyyədə Sultan Murad türbəsində üstü örtülü bir oyuq görürlər. Xədicə Canan xanım oyuğun üstündəki örtüyü qaldırır və altından çoxlu siçan balası tökülür. Türbədar xəcalətli bir şəkildə Xədicə Canan xanımdan və yanındakılardan üzr istəyir, bundan sonra padşahın türbəsinə çox yaxşı baxacağına dair söz verir.

İşin sirri qayıdarkən yolda ortaya çıxır. Sən demə, Xədicə Canan xanımın tələbələrindən biri yuxusunda Sultan Muradı görübmüş və Sultan ona: “Xədicə Validəyə söylə məni bu dərddən xilas etsin”, - deyib. Yuxudan xəbərdar olan Xədicə Canan xanım da "Bizə səfər var", - deyərək həm böyükləri ziyarət etmiş, həm də Sultanın istəyini yerinə yetirmişdir.

Nəhayət…

İnsan qəlbini Rəbbinə bağladıqdan sonra Allah önündə bir-birindən gözəl qapılar açar. Biz burada Allah sevgisini özünə həyat düsturu edən bir xanımı qısaca tanıtmağa çalışdıq. Allah bizi də "dost"larının himmət və şəfaəti ilə  şərəfləndirsin.

Amin.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)