MÜSAHİBƏ

Hər kəs döyüşə gedərkən ölməyə gedirəm deyirdi, mən isə...

Azərbaycan xalqının şərəflə yazılan səhifələrindən olan Qarabağ müharibəsi hər birimizin qəlbini hələ də titrətməkdədir. Minlərlə Vətən oğulları və qızları bu müharibədə şəhid oldu, qazi oldu. Qarabağ müharibəsində igid oğullarımızla yanaşı, igid qızlarımız da yeri gəldi canlarından keçdilər, yeri gəldi əsgərlərimizə arxa-dayaq oldular. Azərbaycan torpağının yetişdirdiyi igid xanımlardan biri Qarabağ veteranı Növrəstə Yusifova ilə həmsöhbət olduq. Növrəstə xanım Qarabağ müharibəsinə könüllü olaraq yollanmış və qadın snayperçi kimi döyüşlərdə yaxından iştirak etmişdir. Belə bir qəhrəman xanımla maraqlı söhbətimizi sizlərə təqdim edirik.

 

Yusifova Növrəstə Ağakərim qızı. Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri

Növrəstə xanım, özünüz haqqında bizə qısa məlumat verə bilərsinizmi?

1952-ci il aprel ayının 19-da Baki şəhərində anadan olmuşam. Əslən Xızı rayonundanam. 8 illik orta məktəbi bitirdikdən sonra Maliyyə-kredit Texniki Peşə Məktəbinə daxil oldum. Uzun müddət təyinat üzrə mühasib kimi çalışdıqdan sonra bu sənətin mənə uyğun olmadığını görüb, kran maşinist kursuna başlamağa qərar verdim. Kursu bitirdikdən sonra tikintidə kran maşinist kimi çalışmağa başladım. Onu da qeyd edim ki, o zaman kran maşinisti olan yeganə Azərbaycanlı qadın mən idim.

Növrəstə xanım, siz Qarabağ müharibəsinə könüllü yollanan döyüşçülərdənsiniz. Sizi hansi hisslər vadar etdi cəbhəyə yollanmağa?

Müharibə başlayan dövrdə sevdiyim bir işim, yaxşı qazancim var idi. Amma cəbhədən aldığımız xəbərlər məni çox təşvişə salırdı. Vətənin bu dar günündə rahat yaşamaq məni çox narahat edirdi. Mən əmin idim ki, cəbhədə olsam köməyim dəyər, nə bacarıram edərəm. Nəhayət, fikrimi dəqiqləşdirib müharibəyə getməyə qərar verdim. İş yoldaşlarım Şıxovda könüllülərin toplandığını söylədilər. Ora getdim, xeyli axtarsam da tapmadım, bir polisə yaxınlaşıb könüllülərin toplandığı yeri soruşduqda məni təxribatçı adlandırıb həbs etdi. Daha sonra səhvlərini anlayıb, üzr istəyib məni axtardığım könüllülər batalyonuna apardılar. Fevral ayına qədər çox gedib gəldim, lakin məni cəbhəyə aparmadılar. Qərargaha da buraxmırdılar. Hətta iki dəfə darvazadan aşıb içəri keçdim. Yenə də məni sürüyərək çölə çıxarırdılar. Daha sonra fevral hadisələri, yəni Xocalı soyqırımı baş verdi. Bu zaman daha da pis oldum, dayana bilməzdim. Artıq necə olursa olsun cəbhəyə getmək istəyirdim. Düzü heç rayonların yerini də tanımırdım. Amma düşünürdüm ki, avtobuslara minib özüm gedim. Düşünürdüm ki, orda bir köməyim dəyər. Cəbhədə insanlar qırılır, əzab-əziyyətlərə düçar olur, mən evimdə rahat otura bilməzdim. Nəhayət, 1992-ci il mart ayının 17-si qərargahda məni qəbul etdilər. Məndən nə bacardığımı soruşdular. Əlimdən gələni edərəm dedim. İdmanın bir sıra növlərində yüksək göstəricilər göstərmişdim. 1974-cü ildə respublika üzrə atıcılıq yarışlarında 2-ci yer, 1975-ci ildə isə 1-ci yeri qazanmışdım. Tibb bacısı kimi də əsgərlərə yardım edə biləcəyimi söylədim. Mənim varlığımı onlar hiss etməyəcəklər, yeri gəlsə səngərdən 2 metr arxada quyu qazıb içində oturacağam dedim. Axır ki, mənə orduya getmək üçün icazə verdilər. İlk könüllü snayperçi qadın kimi məni qeydə aldılar. Çox sevinirdim. Mart ayının 21-də artıq batalyonla birlikdə yola düşdük. 2 il 4 ay Qarabağ döyüşlərində iştirak etdim.

Açıq dannışsaq, bəzən kişilərin də çəkindiyi müharibəyə könüllü olaraq getmək hər qadının işi deyil. Necə oldu ki, özünüzdə bu cür hünər hiss etdiniz?

Ümumiyyətlə, xarakter olaraq hər zaman çətin işlərə meyilli olmuşam. Elə bu səbəbdən də mühasibatlıq işi mənə çox sadə və sıxıcı görünürdü, ona görə də kran maşinist işinə baş vurdum. Hələ gənc yaşlarımda ikinci dünya müharibəsinə aid filmlərə çox baxırdım. Hər zaman özümü döyüş səhnələrinin qəhrəmanı kimi hiss edirdim. Filmlərdəki qəhrəmanların səhvləri ucbatından başlarına gələnləri gördükcə, mən belə etməzdim deyib özümə ölçülər götürürdüm. Qarabağ müharibəsi başladığı zaman isə özümü orada iştirak etməyə borclu hiss etdim. Vətənin bu günündə evdə oturub yas tutmaqdansa, cəbhədə qardaşlarımıza dayaq olmaq lazım idi.

 

Növrəstə xanım, əsgərlərin arasına tək qadın döyüşçü kimi daxil olduğunuz zaman hansı hissləri keçirdiniz? Əsgər yoldaşlarınızın sizə qarşı münasibəti necə oldu?

 

Mənə xalaqızı deyirdilər. Hər zaman baci münasibəti bəsləyib hörmətlə yanaşırdılar. Qadın olduğum üçün xüsusi nəzarət var idi üzərimdə. Hər hərəkətimə diqqət edilirdi. May ayında Xankəndinə hücum edəcəkdik. Amma ayin 3-də məni Bakıya ezamiyyətə göndərdilər. Mən getmək istəmədim,  əlbəttə. Amma məni məcburən avtobusa mindirib göndərdilər. May ayının 7-də ermənilər hücum edərək Şuşanı işğal etdilər. Uzun illər özümə gələ bilmədim ki, məni nə üçün geri qaytardılar. Kaş mən də orda olardım deyirdim. Şuşa üçün əlimdən gələni edərdim. Məni o zaman göndərən komandiri də heç bağışlaya bilmirdim. Nəhayət ki, cəbhə yoldaşlarımızdan biri 2014-cü ildə məni nə üçün məcbur göndərdiklərini söylədi. Sən demə, ermənilər mənim sağ tutulmağım üçün pul mükafatı müəyyənləşdiriblər. Mənim qadın kimi ələ keçməyimi istəmədikləri üçün məni məcburən göndəriblər. Məni qorumaq üçün belə ediblər. Mən isə bunu illər sonra bildim.

Bu günə qədər də səngər, döyüş yoldaşlarımızla çox gözəl münasibətdəyik. Onlar üçün əlimdən gələni edirəm. Veteranların qarşılaşdıqları problemləri birlikdə həll etməyə çalışırıq.

Cəbhəyə yollanarkən və döyüşdə olduğunuz zaman hansı hissləri keçirirdiniz?

Hər kəs döyüşə gedərkən ölməyə gedirəm dediyi vaxt “Mən ölməyə deyil, öldürməyə gedirəm!” deyirdim. İçimdə elə bir qisas hissi var idi ki, onu ancaq erməniləri öldürərək söndürə bilərdim.  Döyüşdüyüm illər ərzində çox sayda erməni və onların çox sayda silah-sursatlarını məhv etmişdik. Hədəfinə çatan hər mərmi bizə dünyaları bəxş edirdi. Döyüşdə olduğumuz zaman çox uğurlar qazanırdıq. Lakin ermənilərə olan dəstəklər bizdən üstün olmalarına səbəb oldu. Bütün əziyyətlərimizə baxmayaraq torpaqlarımızı işğal etdilər.

Zəngilanda döyüşlər zamanı yaralandım, çoxlu sayda qəlpə yarası aldım. Amma zərrə qədər də olsa bu mənim gözümü qorxutmadı. Düşmənimizi məhv etmək üçün bu gün də lazım gəlsə canla-başla vuruşmağa hazıram.

Növrəstə xanım, Vətənimiz uğrunda etdiyiniz qəhrəmanlıqlar və fədakarlıqlar üçün biz sizə nə qədər təşəkkür etsək, yenə də azdır. Dəyərli xatirələrinizi və hisslərinizi bizimlə bölüşdüyünüz üçün çox sağ olun.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)