Həyatı örnək olan alim - Ümnisə Musabəyli

HƏYATI ÖRNƏK OLAN ALİM - ÜMNİSƏ MUSABƏYLİ

Ümnisə xanım Musabəyli 1902-ci ildə Qəbələdə dünyaya gəlmişdir. O, Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi Qızlar gimnaziyasını bitirib. 24 yaşında ikən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmiş, həmin sahədə ilk ixtisaslı həkimlərdən biri kimi fəaliyyətə başlamışdır. Az vaxtda assistentlikdən Nərimanov adına Tibb İnstitutunun professoru elmi mərtəbəsinədək yüksəlmişdir. Ü.Musabəyli tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyasını 1936-cı ildə müdafiə etmiş, ikinci cahan müharibəsində göz cərrahı kimi böyük praktik iş aparmış, Azərbaycan elmini Sovetlər İttifaqında, habelə xaricdə nüfuzlu bir alim kimi dəfələrlə təmsil etmiş, elmi simpoziumlarda, konfranslarda dəyərli və qiymətli mühazirələri rəğbətlə qarşılanmışdır. 30 ilə yaxın bir müddətdə (1945-1974) Azərbaycan Dövlət Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuş əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Ümnisə Süleyman qızı Musabəyli Azərbaycanda oftalmologiyanın təməlini qoyub. Bu gün oftalmologiya üzrə tanınmış yaşlı alimlər onun məktəbinin yetirmələridir Ümnisə xanım elm fədaisi kimi iki yüzdən çox elmi əsərin müəllifidir. Ü.Musabəylinin elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmiş, orden və medallarla təltif olunmuş, hələ 1957-ci ildə ona əməkdar elm xadimi fəxri adı verilmişdir.

Ümnisə xanım Süleyman qızı Musabəyli Azərbaycanın parlaq bir ziyalısı, qüdrətli alimi və nəcib vətəndaşı kimi sıralarımızda bu gün də fəxri yer tutur. 2002-ci ildə Ümnisə Musabəylinin 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib. Konfransın məcmuəsi ayrıca kitab kimi buraxılıb. Mətbuatda müxtəlif xatirə yazıları dərc edilib.

Ümnisə Musabəyli tələbələrini çox sevərmiş. İstedadlı uşaqlara özü yardımçı olur, onların təhsili ilə maraqlanır və əsl ziyalı kimi yetişməsindən ötrü hər cür köməklik göstərərmiş. Bu xanımın dəstəyi ilə üzləşən həmin tələbələr müəllimlərini xoş təəssüratlarla yada salırlar. O tələbələr ki, hazırda özləri kafedra müdirləridir, Azərbaycan elmini xarici aləmdə təmsil edir, tibbə, təbabətə yeniliklər gətirir, bir sözlə, Ümnisə Musabəylinin ideyalarını həyata keçirirlər.

Ümnisə xanım işinə, sənətinə bağlı insan idi. Hər cəhətdən nümunə idi. Qadına xas olan səliqə-səhmanıyla diqqət çəkirdi. Heç vaxt ruh düşkünlüyünə qapılmazdı. Həyatında nə qədər çətinliklər olsa da, bir an belə sarsılmazdı, öz işiylə məşğul idi. Hətta yaşanılan hadisələrdən mütəəssir olsa da, o bunu biruzə verməzdi.

Görkəmli alim, tanınmış göz cərrahı Ümnisə xanım Musabəylinin göz əməliyyatları dünyaya səs salmışdı. Ümnisə xanım Afrika və Asiya ölkələri üzrə Sovet oftalmoloqlarının nümayəndə heyətinin rəhbəri olub. Çünki o zaman ondan yaxşı ingilis dilində danışan oftalmoloq alim yox idi. İttifaq miqyasında birinci idi. Onun bir neçə dildə sərbəst danışması, cəmiyyətdə kübar davranışı, zövqlü və mədəni geyimi diqqət çəkdiyindən bu Azərbaycan alimi əksər beynəlxalq elmi tədbirlərə dəvət edilirdi.

Tələbələri arasında Zərifə xanıma çox üstünlük verirdi. Çünki Zərifə xanımın kövrək, həssas qəlbi, zəkalı, savadlı tələbə olması diqqətini çəkir, ondan oftalmologiyanın gələcəyi üçün çox şey gözləyirdi. Zərifə xanım da professorun bütün ümidlərini doğrultdu. Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiyasının inkişafı üçün əlindən gələni əsirgəmədi. Bir vaxtlar Ümnisə xanım dünyanın hansı nöqtəsində olurdusa, oradan Azərbaycana tibbi avadanlıqlar gətirirdi. Sonradan bu missiyanı Zərifə xanım davam etdirib.

Ümnisə xanım deyərdi; “Xoş söz, gülüş, ürəkdən xəstə ilə danışmaq daha da təsir edər, nəinki həb, müxtəlif dərmanlar...”.

Ümnisə xanım sənətini özündən də çox sevirdi. O, özünü cərrahiyyə stolundan ayrı təsəvvür edə bilmirdi, qaranlıq aləmin nurlandırması missiyasını üzərinə götürən cərrah alim bu amalla yaşayırdı. Günlərin bir günü fikirləşəndə ki, daha əməliyyat otağına girə bilməyəcək, kiminsə gözünə işıq verməyəcək, onun özünün gözlərində işıqlı aləm qaranlığa büründü. Demək həyatının sonu imiş... Görkəmli alim 1974-cü ildə həyatla vidalaşır. Allah rəhmət etsin…

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)