Psoriaz xəstəliyi

Psoriaz qırmızı-çəhrayı səpgilər və dərinin qabıq verməsi ilə müşayiət olunan xroniki qeyri-infeksion xəstəlikdir.

Psoriaz zamanı dəri hüceyrələri sürətlə bölünməyə başlayır, hüceyrələr tam yetişmir və onların arasında olan əlaqələr itir. Bu isə dəridə bu xəstəliyə xas olan pulcuqların əmələ gəlməsinə səbəb olur. Psoriazın bir neçə növü var.

Psoriaz zamanı dərinin üzərində boz və ya ağ pulcuqlarla örtülmüş ləkələr əmələ gəlir. Dəriyə toxunduqda bu pulcuqlar asanlıqla qopur. Səpgilərin ölçüləri müxtəlifdir - əvvəl daha kiçik olur, sonra böyüyür, bir-biri ilə birləşir. Səpgilər qaşınır, xəstə dərini tez-tez qaşıyır, nəticədə çatlar əmələ gəlir, qanaxma baş verir. Qaşınma çox üzücü olur, xəstə əziyyət çəkir.

Əksər hallarda səpgilər dirsəklərdə, dizlərdə, baş nahiyəsində əmələ gəlir. Bəzən psoriaz digər yerlərdə də inkişaf edə bilir.

Dəridən əlavə psoriaz zamanı dırnaqlar, saçlar, oynaqlar və daxili orqanlar da zədələnir.

Psoriazın inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. Belə hesab olunur ki, immun sistemində olan bəzi dəyişikliklər psoriazın inkişafına səbəb ola bilər. İrsiyyət də xəstəliyin inkişafında böyük rol oynayır - əgər valideynlər bu xəstəlikdən əziyyət çəkirlərsə, uşaqlarda psoriazın inkişafı riski 50% artmış olur. Həmçinin xəstəliyin inkişafına güclü stress, mübadilə prosesinin pozulması və hormonal pozulmalar təkan verə bilər.

Psoriaz, xəstədə həm fiziki, həm də ciddi psixoloji problemlərə səbəb olur. Xəstə həm qaşınmadan, ağrıdan, həm də ətrafda olan insanların münasibətindən əziyyət çəkir, yaxşı iş tapa bilmir və s. Bu səbəbdən belə xəstələrdə bəzən hətta sosiofobiya inkişaf edir, onlar cəmiyyətdən, insanlardan çəkinir, qorxur, depressiyaya düşürlər.

Psoriaz keçici xəstəlik deyil. Xəstəlik nə məişət, nə hava-damcı, nə cinsi yolla bir insandan digərinə keçmir. Bunu xəstənin ətrafında olan insanlar bilməli və xəstədən çəkinməməlidir. Əksinə,  belə xəstəyə dəstək vermək lazımdır. Bu belə xəstələr üçün olduqca vacibdir.

Psoriaz zamanı güclü qaşınmadan əlavə, xəstə həmçinin oynaq ağrılarından da əziyyət çəkir.

Psoriazın müalicəsi ilə dermatoloqlar məşğul olur. Müalicə zamanı hormonlar, iltihabəleyhinə preparatlar, sink əsasında preparatlar, vitaminlər, fizioterapiyadan (zəli ilə müalicə, krioterapiya, fototerapiya) istifadə olunur.

Psoriaz xroniki xəstəlikdir, tam müalicə olunmur. Xəstə daim həkimin nəzarətində qalmalı və lazım olduqda müalicə almalıdır. Bu günə qədər bu xəstəliyin dəqiq inkişaf etmə səbəbləri aşkar olunmayıb.

Bütün digər xroniki xəstəliklər kimi, psoriaz da kəskinləşmə və remissiya (xəstəliyin əlamətlərinin azalması) dövrlərinin növbələşməsi ilə keçir. Məhz bu səbəbdən psoriaz xəstəliyindən əziyyət çəkən insan bu xəstəliyin ağırlaşmasına və daha da dərinləşməsinə səbəb olan amilləri bilməli və özünü onlardan mümkün qədər qorumalıdır.

1. Soyuqdəymələr psoriazın əlamətlərinin residivləşməsinə (yenidən qayıtma) gətirib çıxara bilər. Bu səbəbdən xəstə özünü soyuqlamadan mümkün qədər qorumalıdır.

2. Kariyesli dişlər, xroniki tonzillit, rinit, xolesistit, haymorit və orqanizmdə olan digər gizli infeksiya ocaqları xəstəliyin kəskinləşməsinə səbəb ola bilər ki, onları mütləq və vaxtında müalicə etmək lazımdır.

3. Stresli vəziyyətlərdən qaçın, kifayət qədər yatın (gecə yuxusu 8 saatdan az olmamalıdır).  Sinir-psixi yükləmələrin intensivliyini azaltmaq üçün bitki əsaslı sedativ preparatlardan (nanə, pişik otu, gülxətmi və s.) istifadə etmək olar (müalicə həkimi ilə məsləhətləşin).

4. İnsanın öz xəstəliyinə qarşı olan münasibətinin xüsusi əhəmiyyəti var. Xəstəlikdən utanmayın, hətta səpgilər bədənin açıq yerlərində olsa belə bundan çəkinməyin. Xəstəliyin əlamətlərinə lazım olduğundan artıq fikir verməyin.

5. Dərinizi müxtəlif zədələmələrdən (kəsik, yanma, sürtülmə və s.) qoruyun, Dırnaqlarınızı mümkün qədər qısa kəsin.

6. Vanna və ya duş qəbul edərkən çox yumşaq süngər istifadə edin. Sabun və dərini qıcıqlandıra bilən digər vasitələrdən istifadə etməyin. Apteklərdə satılan və "tibbi kosmetikaya" aid olan gel və ya duş üçün olan xüsusi yağlardan istifadə edin. Su prosedurlarından sonra dəriyə yumuşaldıcı vasitələrdən birini (krem və ya yağ) çəkin.

7. Gün şüaları, demək olar ki, bütün psoriaz xəstələrinə müsbət təsir edir. Lakin qaralmaqdan sui-istifadə etmək olmaz ki, bu halda xəstə özünə digər problemlər qazana bilər.

8. Psoriaz xəstəliyi olan insan balıq və digər dəniz məhsulları, süd məhsulları, meyvə, tərəvəz, yarmalar ilə zəngin olan pəhriz saxlamalıdır. Yağlı, kəskin qidaları, asan mənimsənilən karbohidratları (şəkər, bal, mürəbbə və s.) və xüsusilə alkoqol içkiləri ən minimum həddə qədər azaltmaq lazımdır.

9. Psoriaz xəstəliyi olan insanın paltarları yüngül və enli olmalı, bədəni sıxmamalıdır ki, bu yeni səpgilərin əmələ gəlməsini səbəb olmasın. Sintetik materiallardan olan paltarları geyinməyin.

10. Xəstəliyin kəskinləşməsi zamanı vannaların qəbul edilməsi və ultrabənövşəyi şüalanma ləğv olunmalıdır.

11. Psoriaz xəstəliyi olan insan məişət kimyası (camaşır tozu, lak, emal, boya və s.) ilə mümkün qədər az təmasda olmalıdır. Bu vasitələr psoriazın kəskinləşməsinə təkan verə bilər. Dərmanlarla da mümkün qədər ehtiyatlı olmaq lazımdır. Yalnız profilaktik və insanın həyatı üçün vacib olan dərmanlara (ürək preparatları, diabet əleyhinə preparatlar, arterial təzyiqi normallaşdıran preparatlar və s.) icazə verilir.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)