Dazıotu

Dazıotu bu günə qədər bir çox yerdə qarşımıza çıxan, tarlaları bəzəyən, faydaları haqqında çox məlumatımız olmasa da, gördüyümüzdə içimizə fərahlıq verən və günəşə bənzəyən  sarı çiçəkli otdur.  Görüntüsü haqqında bir fikrimiz var, yaxşı,  faydaları nələrdi bilirikmi? Onu gündəlik həyatımızda necə istifadə edə bilərik? Bunlar sizin üçün maraqlıdırsa, buyurun, təbiətin bu möcüzəvi bitkisi haqqında daha ətraflı məlumat əldə edin.

Dazıotu üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Azərbaycanın bir çox rayonlarında yayılıb. Respublikamızda ehtiyatı boldur.

Dazıotunun müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədimdə bu ot müxtəlif xəstəliklər zamanı geniş istifadə olunurdu. Müasir tibb də dazıotunun müalicəvi xüsusiyyətlərini təsdiq edir. Hal-hazırda bu ot onlarla müxtəlif dərmanların tərkibinə daxil edilir. Belə ki, dazıotu 100-dən artıq xəstəliklərin müalicəsində istifadə olunur.

Dazıotu çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə, sakitləşdirici, sidikqovucu təsirlərlərə malikdir. Dazıotu damarları möhkəmləndirir, orqanizmi cavanlaşdırır.

Müxtəlif xəstəliklər zamanı dazıotunun dəmləməsindən istifadə olunur. Dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və qarqara şəklində və ya daxilə qəbul olunur.

Zökəm, nəfəs yolları iltihabları, öskürək zamanı dazıotu dəmləməsi ilə inqalyasiya etmək yaxşıdır. Dəmləməni enli qaba töküb buxarın üzərində nəfəs alın.

Boğaz ağrısı, angina, stomatit, diş əti iltihabları zamanı dazıotu ilə qarqara edin.

Dazıotu mədə-bağırsaq sistemi xəstəlikləri zamanı (qastrit, xora xəstəliyi, öd kisəsi xəstəlikləri və s.) çox yaxşı müalicəvi təsir edir - iltihabı azaldır, selikli qişalarının bərpasına kömək edir, mikrofloranı yaxşılaşdırır. Dəmləməni qida qəbulundan 30 dəqiqə sonra 1 xörək qaşığı olmaqla gündə 3 dəfə qəbul edirlər.

İltihabəleyhinə və sidikqovucu təsirinə görə dazıotu sidik-cinsiyyət sistemi iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir.

Ürəyin fəaliyyətinin yaxşılaşdırılması və ürəyin möhkəmləndirilməsi üçün belə dəmləmə hazırlayın - 1 çay qaşığı dazıotu, 1 çay qaşığı pişikotu kökü, 1 çay qaşığı ballınanə (melissa), 1 çay qaşığı nanəni qaynar suda 30 dəqiqə ərzində dəmləyin və gün ərzində 2-3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Dəmləməni dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün dəmləməyə bal əlavə etmək olar.

Dazıotunun çox güclü sakitləşdirici təsiri var - stress və depressiya ilə mübarizə etməyə kömək edir, baş ağrıları azaldır, yuxusuzluqdan azad edir. Bu səbəbdən dazıotu bir çox sakitləşdirici preparatların tərkibinə daxil edilir. Ev şəraitində dazıotunu çobanyastığı, pişikotu kökü, ballınanə ilə qarışdırıb sakitləşdirici çay hazırlamaq olar.

Dazıotu dəmləməsi dəridə olan kiçik yaralar, xoralar, sıyrıntılar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir - dərinin bərpasını sürətləndirir. Həmin dəmləmədən pambıq parça isladıb islatmalar şəklində istifadə edirlər.

Uşaqlarda bişməcələr zamanı dazıotu ilə vannalar çox yaxşı kömək edir.

Dəmləmə həmçinin sızanaqlar zamanı da istifadə olunur.

Dazıotu yağı xüsusilə günəş yanıqlarına yaxşı təsir edir, yaraları sağaldır və ağrıları aradan qaldırır.  Bu yağın cildə də bir çox faydası var. Belə ki, gecə yatmadan əvvəl təmizlənmiş cildə bir neçə damla dazıotu yağı sürərək masaj edin. Yağı üzünüzdə bir saat saxlayıb sonra yuya bilərsiniz.  Bu yağ üzdəki məsamələri və sızanaqları təmizləyir, cildin yumşaq və hamar görünməsinə yardım edir.

Dazıotu yağını evdə hazırlamaq olar. Bunun üçün təzə ya da qurudulmuş sarı dazıotlarını,  çiçəkləri və sapları ilə birlikdə şüşə bir qaba qoyun. Bitkinin qabın ən az yarısına qədər gəldiyindən əmin olun. Ardından üzərinə təbii zeytun yağını, qabın ağzına qədər əlavə edin və qabın qapağını möhkəmcə bağlayın. Bankanı mümkünsə gündə 2-3 saat günəş görən bir yerdə 2 ya da 3 ay gözlədin. Hər gün bankanı bir dəfə çalxalamağı da unutmayın. 2-3 ay keçdikdən sonra dazıotu yağı qırmızımtıl bir rəngdə olur, bu, yağın hazır olduğu mənasını verir. Təmiz bir cuna ilə yağı bitkidən ayıraraq tünd rəngli bir şüşəyə tökün və sərin bir yerdə saxlayaraq istədiyiniz kimi istifadə edin. Ən az 1 il ərzində xarab olmur.  Rahatlıqla istifadə edə bilərsiniz.

Bütün digər müalicəvi otlar kimi, dazıotunun istifadəsindən əvvəl həkimlə məsləhətləşmək zəruridir. Bəzi xəstəliklər zamanı bu otun istifadəsi əks-göstərişdir.

Gündə 1 və ya 2 fincandan çox dazıotu çayı içilməməli və yağı çox istifadə edilməməlidir. Əks təqdirdə faydaları zərərə dönə bilər, məsələn, həzmi asanlaşdırma təsiri bir anda həzm sisteminizin pozulmasına və ishal olmanıza səbəb ola bilər.

Bununla bərabər hamiləlik və lohusalıq dövrlərindəki qadınların və təbii ki, ciddi bir narahatlığı olanların istifadə etmələri məsləhət deyil.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)