Özünə Gəl!

Qədim zamanlardan, hələ İslam dini yer üzünə enmədən əvvəl türk milləti, yəni soykökümüz bir tanrının mövcud olduğunu qəbul edərək təktanrılığa inanmışlar. VII əsrdə Allah-Təala seçdiyi Rəsulu Muhamməd Mustafa (s.ə.s.) vasitəsilə dünyada öz müqəddəs dinini bərqərar etdikdən qısa müddət sonra bu dini ilk qəbul edən xalqlardan biri də oğuz türkləri oldu. Oğuz türkləri, yəni bizim babalarımız İslam dinini ilk tanışlıqda qəbul etdilər. Çünki İslam dininin qayda-qanunları qədim türklər üçün yad bir mədəniyyəti sərgiləmirdi. İstər həyat tərzləri, qəhrəmanlıqları, namusları, şərəfləri ilə seçilən oğuz türkləri İslam dinini sidq ürəkdən qəbul edərək mənimsəmiş, onlardan gələn nəsillər dinlərini bu günümüzə qədər gözəl şəkildə yaşatmışlar.

Bəs bu gün nə baş verir? Dinindən, əqidəsindən, millətindən, ailəsindən üz döndərən gənclər harada və necə yetişir? Hazırda əslini, millətini, dinini danan bir nəsil yetişir. Özlərini modern adlandıran bu gənclər keçmişlərini unudaraq məsuliyyətdən yaxa qurtaracaqlarını düşünürlər. İnsanları dindən uzaqlaşdırıb sözdə özünə inamını artırmaq istəyənlər iradəsiz, ümidsiz bir toplumun formalaşması üçün şərait yaradırlar. Sabaha ümidlə baxan gənclər deyil, dünyanı və həyatı mənasız, dəhşətli görüb qorxuya düşən gənclər, çıxış yolu tapmadıqları anda hər yanlışa yönələ bilirlər.

İnsanlar nə üçün inanca ehtiyac duyarlar?

Çünki insan yaradılandır. İnsanı yaradan onu Özünü axtarsın, idrak etsin deyə o cür yaradıb. Qədim zamanlardan bu yana heç bir dövrdə inancsız bir insan toplumuna rast gəlinməmişdir. Yanlış, ya da doğru olsa da, insanlar mütləq bir inanca sahib olmuşlar.

İnsan daim onu əhatə edən kainatı, hadisələri və ən əsası özünü idrak etməyə çalışır. Bu zaman hər kəsin dərrakəsi və qabiliyyəti çərçivəsində özünə və kainata dair sualları yaranır. “Mən kiməm, haradan gəlmişəm, haraya gedirəm, həyatın məqsədi və mənası nədir?”,- kimi sualar, cavabını tapa bilməyən hər kəsi məşğul edir. Bu suallara cavab tapa bilmək üçün fərqli alimlərin, filosofların əsərlərinə müraciət edənlər hər zaman doğru cavablara rast gəlmirlər. Əslində, bu suallara razı qalacağımız cavabları dinə müraciət etmədən tapmaq mümkün deyil. Daxili dünyamızda mövcud olan sonsuzluq və mükəmməllik istəyi də əlavə edilərsə, ağlımızın bu suallara cavab tapması çox çətin olar. Din həyatımızın bütün istiqamətlərini müəyyən edən məna axtarışında ən təsirli faktor olaraq bizə yön verir. İnsan “necə” sualına cavab axtararkən, din “nə üçün” sualının cavabını verir. Buna görə də insan özünü idrak etmək üçün dini mənbələrə müraciət etməli olur. Əks halda onun razı qalacağı cavabları tapması mümkün deyil.

İlk insandan bu günə qədər tarixin heç bir dönəmində dinin təsir etmədiyi heç bir mədəniyyət mövcud olmamışdır. Öz varlığına xəyanət etmədən və yer üzündəki şərəfli varlıq olan insanı alçaltmadan tabe olacağımız dini düşüncə yalnız ilahi qaynaqlı olanıdır. Hər ehtiyacımızın dünyada bir qarşılığı olduğu kimi, yaradılışımızdan gələn məna axtarışının qarşılanması üçün Yaradan ilk gündən etibarən insanı rəhbərsiz, özbaşına qoymamışdır. İlk insan eyni zamanda ilk peyğəmbər olmuşdur və onunla göndərilən din ilə son peyğəmbərin gətirdiyi din arasında heç bir fərq yoxdur. Zaman keçdikcə insanların etdiyi müdaxilələrlə Allahdan gələn dini elm pozulduqca göndərilən hər yeni peyğəmbərlə bu elm yenilənmiş və insanların sualları cavabsız qoyulmamışdır.

İnsan hər zaman və hər yerdə uca, qüdrətli bir varlığa sığınma, ona güvənmə və ondan yardım diləmə ehtiyacını hiss etmişdir. Bu duyğular insanda elə köklüdür ki, tarix boyunca bütün insanlar bu hisslərlə bir əşya və ya varlığı ucaldaraq itaət edib bağlanmışdır. Bu yönü ilə yer üzündəki bütün bütlər əsl Yaradıcını xatırladırlar. Bu sığınma və güvənmə ehtiyacının qarşılanması insanın şəxsiyyətini və ruh aləmini zədələmədən gerçəkləşməlidir. Buna ancaq ilahi qaynaqdan gələn, insan əli ilə pozulmamış bir inanca sahib olunması ilə nail olmaq mümkündür.

İnsan və haqq olan din, hər ikisi də eyni qaynaqdan, bir Yaradandan gəldiyi üçün ayrılmadan daim bir-birləri ilə bağlıdırlar. Yaradılışında var olan ehtiyacın Yaradanın göndərdiyi dini ilə qarşılanmazsa, insanın yolunu azması qaçınılmazdır.  

Tarix boyunca Allahdan başqasına qulluğun hər cürünü rədd edən haqq dinlər ən böyük mübarizəni bu yöndə vermişlər və insanlığı öz təxəyyüllərinin istehsalı olan saxta tanrılara qarşı xəbərdar edərək insan mənliyinə və azadlığına yaraşan bir inanca dəvət etmişlər.

Uydurulmuş inancların da bu ehtiyacı qarşılayacağı iddia edilir. Bu eyni ilə aclıq, susuzluq kimi ehtiyacları qarşılanmayan insanların qıtlıq zamanı əldə etdikləri ilə qidalandıqları kimidir. Saf bir bulaqdan çıxan suyun insan üçün faydası necədirsə, ilahi bir dinin insana önəmi də elədir. İnsanı əzməz, başqalarına qul etməz, onun sığınma və yardım istəmə ehtiyacı qarşılığında mənliyini əsir almaz. Yaradan ilə mənəvi mənada yenidən birləşmək duyğusunu yaşadar.

Dinini idrak edərək yaşayan hər kəs, dini dəyərlərin həyatımıza bir məna qatdığını, bizə həyat üçün bir plan və hədəf təklif etdiyini, yol göstərdiyini, içimizdəki boşluğu doldurduğunu, həyatımızı zənginləşdirdiyini, gələcəyə dair düşüncələri formalaşdırdığını çox yaxşı bilir.

Din əxlaq müəssisəsi olaraq insanları daxili aləmlərindən qaynaqlanan bir enerji ilə hərəkətə gətirər. Özünə, Yaradanına, topluma, canlılara və varlıqların hər birinə qarşı məsuliyyət duyğusu ilə iradəyə uyğun davranmağı təlqin edər. Bu səbəblə dini, yaşanan həyatdan uzaqlaşaraq yalnız vicdani və mənəvi dünyamıza həbs etmək, dinin özünə qarşı davranmaq deməkdir.

Bu dünyada yaşama şansı yalnız bir dəfə verilir. Bu şans axirəti qazanma şansıdır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)