Deizm, zənn etməkdir! Çünki…

       

Dünyanın bir oyun və əyləncə yeri olaraq qəbul edildiyi bir zamanda boşluğa buraxılan gənclər hər keçən gün özlərinə yeni fikir axınları axtarırlar. Bu axınlar içərisində nəfsə xoş gələn, öhdəlik və məsuliyyətləri ən az həddə endirən istiqamətlərə yönəlirlər. Təəssüf ki, deizm də bunlardan biridir…

Deizm nədir?

Qısaca desək deizm heç bir funksiya yerinə yetirməyən bir tanrıya inanmaqdır. Tanrı varsa da o, etməli olduğunu edib, kainatı yaradıb, düyməsini basıb işlək vəziyyətə gətirib, işi bitdiyi üçün də kənara çəkilib (təqaüdə çıxıb), istirahət edir, bizə qarışmır deyə zənn etməkdir. Başqa bir sözlə, Yaradanın varlığını qəbul edir, ancaq peyğəmbərliyi və axirəti inkar edir. Əsas mövzuya çatmaq üçün vəhyə ehtiyac qalmadığını iddia edir.

İnsan bu deyilənlərin nə qədər yanlış olduğunu sübut etmək, bu tezisin nə qədər məntiqsiz olduğunu izah etmək üçün səbirsizlənir…

Yuxarıda “...bizə qarışmır deyə zənn etməkdir” dedik...

Zənn etməkdir; çünki bunun mümkün olması düşünülə bilməz...

Zənn etməkdir; çünki kainatda çox sayda varlıq yoxluq sayəsində ərsəyə gəlir ...

Zənn etməkdir; çünki kainatda hər an yaradılış mövcuddur ...

Zənn etməkdir; çünki mövsümlər bir-birini qovarkən günəşin, ayın, ulduzların zərrə qədər orbitdən uzaqlaşmadığını görərik ...

Zənn etməkdir; çünki kainatda qiyamətə qədər gələcək varlıqlar ekoloji tarazlığın içində yer alır…

Zənlər saymaqla bitməz... Çünki Uca Rəbbimiz müqəddəs kitabımızda: “Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir! (Loğman 27) buyurur...

Çox yaxşı, bu qədər həqiqətlər gözümüzün önündə ikən kainatı və bizləri “Müxalifətin lil həvadis (sonradan yaradılanlara bənzəməyən)” olan Cənabı – Haqq yaratmışkən indki gəncləri bu axına sürükləyən faktorlar nələr ola bilər?

İlk ağıla gələn

Kifayət qədər məlumata sahib olmamaqdır:

Yaradanın mükəmməlliyi, kainatın tayı-bənzərinin olmaması, qısacası, bizi yaradan Rəbbimiz haqqında geniş məlumata sahib olmamaq insanı doğru yoldan ayırır... İnsan ağlıyla bir tanrı fikrinə sahib olmağa çalışarkən bu düşüncələri vəhy ilə dəstəkləməzsə, bir növ acizliyə  düşür.

Allah inancında olan tövhid əqidəsində, qüsursuz olan Rəbb qulunu dünyaya gətirir, necə olur ki, bu qədər tarazlığı qurduqdan sonra təsirsiz qalır.

Peyğəmbərləri yox saymaq;

İnsanda fitri olaraq mövcud olan təqlid meyli şəxsiyyəti formalaşdıran ən mühüm amildir. İnsanoğlu əvvəl ana-atasını təqlid edir, daha sonra, uşaqlıq çağında buna məktəbi,yoldaşları və müəllimləri əlavə olunur. Artıq yetkinlik çağında vəziyyət dəyişir, nəfs və şeytan dövrəyə girir. Bax elə bu nöqtədə qulun ağlını vəhyin içində istifadə edə bilməsi üçün peyğəmbərlərə ehtiyacı başlayır.

Enerjili xarakterlərdə sirayət xüsusiyyəti vardır. Nəfsani arzular arxasında qaçanlardan nümunə alınsa, qulu fəlakətlər gözləyir. Enerjili xarakterlər, ağlını vəhyin içində istifadə edənlərdən nümunə alsa, bax, o qula dünya da cənnətdir, axirət də...

Nəfsi arzulara uyma, axirəti inkar etmə;

Nəfs hər an pusquda olan düşmənimizin həva və həvəsinə uymaq üçün gözləyir. Bir boşluq axtarır. Tapdığı boşluqda da tarazlığını itirir və arzularını yerinə yetirməyə başlayır. Fücura qapılır.  Belə olduqda da əvvəl Allahın tələblərini eşitmək istəmir, sonra da Onu onsuz da bir tələbi olmayan tanrı halına salır.Nəticədə də həmsöhbətini ateizmə aparır.

Eqoizm girdabında boğulan qula ən çətin gələn inanc axirəti də inkar etməkdir. Hesab, sorğu, məsuliyyət, günah, cəhənnəm kimi vəziyyətləri həyatından çıxarınca qula dünyada rahatlıq  sandığı, lakin axirətdə məğlubiyyətini hazırladığı “keyfə ma yəşa” (dilədiyini et) həyat qalır.

Allahı xatırlamaqdan - zikrdən uzaqlaşmaq;

Zikr əvvəldən verilən sözün xatırlanmasıdır. Ələst-bəzmində Rəbbimiz: “Mən sizin Rəbbiniz deyiləmmi? - deyə soruşmuş, bizlər, bəli, sən bizim Rəbbimizsən”, - demişdik (Əraf 172). Dünyaya gəldikdə bu sözü unutduq .. Bax dünyadaykən verdiyimiz bu sözü xatırlamağa zikr deyirik.

Dünyada qul Rəbbini unutsa, Cənabı-Haqq uzaq etsin, Rəbbi də qulunu unudar. Ayəti-kərimədə:

“Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!” (Həşr, 19) buyurulur. 

Beləcə, ibadət, zikr, təvəkkül, razılıq, qorxu, ümid və hətta dua kimi qulluq xüsusiyyətlərindən uzaqlaşan qul boşluqda özünü itirər, bir çıxış axtarmaqla, qaranlıq koridorlarda çarəsiz qalar.

Bir də dizinin dibində saleh və ya salehə bir yol yoldaşı yoxdursa, qeyb olub gedər.

Gənclərə çağırış

Uca Yaradanın bizə göndərdiyi Qurani – Kərimi oxumaları…

Rəsulullahın (s.ə.s.) həyatını başdan sona öyrənmələri…

İnanın, qaranlıq otaqlarda (bu otaqlar daha çox içimizdədir) yolumuza bir işıq, könlümüzə rahatlıq, qəlbimizə sükunət ancaq və ancaq bu iki qaynaqda gizlidir...

İki əmanətdə gizlidir..

Əmanətə sarılanlar, bəlkə, nicata çatar...

Fefirru ilallah ... (Gəlin, Allaha doğru addımlayaq!) ....

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)