QƏDƏR

Qədər ərəb dilində “ölçü”, “ölçmə”, “miqdar”, “bir şeyi ölçərək müəyyən bir ölçüyə görə etmək”, “təqdir edərək təyin və təsis etmək” mənalarını verər. Rağib əl-İsfəhaniyə görə “qədər” və “təqdir” bir şeyin miqdarını və sərhədini bildirir. Yəni qədər, hər hansı bir şeyin mahiyyətini göstərən və məhdudlaşdıran bir ölçüdür. Hər şey ilahi bir ölçüyə bağlı olaraq əzəldə təqdir və təyin edilmişdir. Məsələn, buğda toxumu və ya xurma çəyirdəyi özlərinə xas elə bir ölçü və müəyyən xüsusiyyətlərlə təqdir və təyin edilmişdir ki, birincisindən yalnız buğda, ikincisindən isə yalnız xurma ağacı yetişir başqa bir şey yetişməz. Hər bitkinin, hər ağacın və ya hər canlının toxumu  da elədir.

Qədər “Allah-Təalanın əzəldən əbədə (sonsuzluğa) qədər olmuş və olacaq şeylərin zamanını, məkanını, sifətlərini və hər cür xüsusiyyətlərini bilməsi, əzəldə o mahiyyət və şəkildə təqdir etməsidir.” Bu tərifə görə qədər, Allah-Təalanın “elm” və “iradə” sifətlərinə bağlı olub, bu ilahi sifətlərə iman, qədərə imanı da zəruri etməkdədir.

Qəza və qədərə inanmaq iman əsaslarından altıncısıdır. Aləmdəki canlı cansız hər varlığın, Günəşin, Ayın və ulduzların yoxdan yaradıldığını bilirik. Bütün bunların müəyyən bir nizam və ölçülər içərisində hərəkət etdiyini və dəyişdiyini, zamanı gəlincə də yox olduğunu görürük. Bu incə nizam, aramsız meydana gəlmə və yaradılış bir təsadüfün əsəri ola bilməz. Bütün bunları edən sonsuz bir güc vardır ki, o da Allahdır. Onun elminin xaricində heç bir şey ola bilməz. Əzəldən əbədə  qədər nə olacaqsa O, hamısını bilir.

Aləmdə baş verən, cərəyan edən hər şey Allahın qədəri ilədir. Hər şey Allahın elm, iradə və qüdrətinin əsəridir, ilahi qanuna tabedir. Hər şeydə səbəblər bir sıra ölçülər mövcuddur. Bütün bunlar Allahın qəza və qədərinə uyğun olaraq meydana gəlir. Allah müəyyən bir səbəb və hikmətə uyğun olaraq yaradar.

Qədərə inanmaq Allahın elm, iradə, qüdrət və təkvin (yaratma) sifətlərinə inanmaq deməkdir.

Qəza və qədərlə əlaqəli ayə və hədislər

“Şübhəsiz ki biz, hər şeyi bir qədər (ölçü) ilə yaratdıq.” (Qəmər 54/49),

“Allah hər şeyi yaratmış və hər birinə müəyyən bir nizam verərək, onun qədərini təyin və təqdir etmişdir.” (Furqan 25/2),

“Yer üzündə və sizin başınıza gələn hər hansı bir hadisə yoxdur ki, biz onu yaratmadan əvvəl o, kitabda olmasın. Doğrusu bunu bilmək Allaha asandır.” (Hədid 57/22),

“Ölümü aranızda biz təyin etdik...” (Vaqiə 56/60),

“Bu səbəblə illərcə Mədyən xalqı içində qaldın. Sonra da bir təqdirə görə bura gəldin ey Musa!...” (Taha 40).

Peyğəmbərimizdən (s.ə.s.) Hz. Ömərin (r.a.) rəvayət etdiyi, Cibril (Cəbrayıl) hədisi deyə bilinən hədisi-şərifdə iman, İslam və ehsanın nə olduğunu Cəbrayıla izah edərkən iman barəsində bu ifadəni işlətmişdir: “İman Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərə, xeyirin və şərin Allahdan olduğuna inanmaqdır.” (Müslim; İman 1; Əbu Davud, Sünnə 15; İbni Macə, Muqaddimə 9)

Peyğəmbərimiz (s.ə.s) qədər mövzusunda çox danışılmamasını, mübahisə edilməməsini və bu mövzuya çox girişilməməsini tövsiyə etmişdir.

Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur:

"Qədər haqqında danışmayın, çünki qədər Allahın sirridir. Allahın sirrini açıqlamağa çalışmayın "(Alauddin Əli İbn-i Hüsaməddin əl-Hind, Kenzü'l Ummal, 1-ci cild, s, 132)

"Qədər haqqında çox danışmayın, çünki sizdən əvvəlkilər o səbəbdən peşman oldular ." (Tirmizi, Qədər, 1)

Bu hədislər bizə danışmağı qadağan etsə də araşdırıb öyrənməyi qadağan etmir. Qədər iki yerə ayrılır:

1. İnsanın iradəsi ilə əlaqədar olan hissəsi,

2. İnsanın iradəsinin qarışmadığı, onun iradə və qüvvəti xaricində meydana gələn hadisələr. Bir insanın kişi və ya qadın olması, dünyaya gəldiyi zaman dilimi, doğulduğu və yaşadığı diyar, ana və atasının kim olacağı, gözəl və ya çirkin olması kimi xüsuslar, bu ikinci hissəyə misal olaraq verilə bilər.

"Niyə Allah bunu etdi?" deyə düşünmək insan üçün əsassız bir zərər və onu həlakə götürə biləcək pis bir şeydir. Bunun nəticəsində qədərə yəni ilahi təqdirə, ilahi hikmətə və rəhmətə üsyan ola bilər. Bu sirlər ədalət günündə bütün incəlikləri ilə axirətdə görünəcəkdir.

  “Peyğəmbərimiz (s.ə.s) bir gün yatsı namazından sonra sonra hz. Əlinin yanına gəldi. Hz. Əli (r.a) yatmağa hazırlanırdı. Peyğəmbərimiz (s.ə.s) soruşdu:

-Gecə təhəccüd namazı qılırsanmı?

Hz. Əli (r.a) belə cavab verdi:

-Ey Allahın Elçisi! Həyatımız Allahın əlidədir. Dilərsə verər, diləsə təslim alar (bizi oyandırmaq istəsə oyandırar).

Peyğəmbərimiz (s.ə.s) mübarək əlini dizinə vuraraq:

-İnsan nə qədər mücadiləçi olurmuş! Deyərək bu cavabdan məmnun olmadı və otaqdan çıxdı”. (Buxari, Təhəccüd 5; Müslim, Müsafirin 28;)

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)