Ateizmin sosial və psixoloji zərərləri

                         

         İman insan xarakterini tamamlayan, şəxsiyyətini formalaşdıran çox önəmli bir ünsürdür. İndiyə qədər bir çox araşdırmalar, imanın şərtlərini tam yaşayan insanların psixologiyasında və şəxsiyyətində hər hansı mühüm bir problem olmadığını göstərdiyi kimi, yenə bu araşdırmalar nəticəsində iman problemi olmayan cəmiyyətlərdə sosial problemlərin də ən az dərəcəyə endiyi ortaya çıxmışdır. Təbii ki, sağlam və doğru inanca sahib olan imandan bəhs edirik. İman insanın şəxsiyyətini və ümumiyyətlə, cəmiyyəti nizamlayan bir xüsusiyyətdirsə, bəs imansızlıq nə ilə nəticələnir? İman insan şəxsiyyətində və cəmiyyətdə necə fəsadlara yol açır? Niyə bir insan inanmağı deyil, inanmamağı seçir? Bu və bənzəri suallar ortaya çıxır.

         Niyə bir insan inanmamağı seçir? Bunun cavabı çox bəsitdir: məsuliyyət istəməyən, inancsızlığın rahat olduğunu zənn edən insanların başqa bir seçimi olmaz. Bu seçimi etdiyi üçün mərkəzinə sadəcə özünü qoyduğu bir həyat seçən ateist insan, nəticədə formalaşmayan şəxsiyyət sahibi olar. Bu isə natamam bir insan deməkdir. Başqalarını nəzərə almayan həyat tərzi insanın tam formalaşmasına əngəl olar. Belə insanlardan mütəşəkkil bir cəmiyyət isə həm əxlaqı, həm də maddi mənada çökməyə məhkumdur. Niyə imansızlıq belə mənfi nəticələr doğurur? Məhz ona görə ki, Allah inancı olan insanın əksinə, ateist düşüncə daşıyan şəxslər hesab vermə düşüncəsindən məhrum, cəza və mükafatın sadəcə dünyada insanların bir-birinə tətbiq edə biləcəkləri bir sistem olduğunu zənn edən həyat fəlsəfəsi yaşayır.

         Araşdırmalara görə, ateizm düşüncəsini mənimsəyən insanların yanlış davranışlar sərgilədikləri gorülməkdədir. Bu davranışlardan sadəcə bir neçəsini qeyd etsək ateizmin cəmiyyətə vurduğu zərbəni təxmin etmək mümkündür.

Ateizmin cəmiyyətə verdiyi zərərlərin başında, ateizm düşüncəsinin ortaya qoyduğu yanlış dəyərləndirmələrin bir nəticəsi kimi, insanın yaradılışdan sahib olduğu bəzi ruhi ehtiyacların yox hesab edilməsi və buna bağlı ortaya çıxan ziddiyyətlər olaraq görülə bilər. Bu mənada, xüsusilə ateizm düşüncəsi üzərindən qurulmağa çalışılan həyat perspektivlərinin ortaya çıxartdığı problemlərin başında “yoxluq” məfhumu gəlir. Belə ki, şüur insanın yaşadığımız kainatda sahib olduğu ən dəyərli xüsusiyyətidir. Eyni zamanda şüur, var olmanı, yəni həyatdakı varlıq səbəbimizi və hikmətlərini dərk etməmiz üçün yeganə ünsürdür ki, insanı heyvandan ayırır. İnsan varlıq və yoxluq qavramlarını məhz şüuru ilə dərk etməkdədir. Ateizm düşüncəsi insanın sonsuz var olma arzusunu və istəyini şüur altında yerləşdirir və bunu qəbul etməsini istəyir. Bu isə insanın ətrafındakı hər şeyi dəyərsiz görməsi, əxlaqi dəyərlərin yox sayılması və cəmiyyətdən qopmaq kimi mənfi xüsusiyyətlərin ortaya çıxmasına səbəb olur.

         Digər tərəfdən ateizmin ikinci zərəri xoşbəxtlik duyğusundan məhrumiyyətdir. Hər insanın ən böyük idealı və ən böyük məqsədi şübhə yoxdur ki, xoşbəxt olmaq və bu xoşbəxtliyi davam ettirməkdir.

Ateizmdə Allah inancının olmaması, dolayısı ilə də əbədi axirət həyatına dair hər hansı bir düşüncənin mövcud olmaması səbəbi ilə, ateist düşüncəyə sahib olan insanlar xoşbəxt olmaq üçün bəzi səbəblər ortaya çıxartmağa çalışırlar. Ancaq bu səbəblərin heç biri davamlı deyildir. Çünki maddələrə bağlı xoşbəxtliklər, bu maddələr kimi keçicidir və bir gün çökəcək, yox olacaqlar. Fani şeylərə bağlı heç bir xoşbəxtlik davamlı olmaz. Davam edən və ölməyən xoşbəxtlik, əbədi dəyərlərə bağlı olan bir xoşbəxtlikdir. Elə isə heç bir mənəvi dəyərin olmaması, qısacası,  dəyərsizlik üzərinə qurulan ateizm tərəfindən, insanın önünə qoyulan “yoxluq” qavramı onu xoşbəxtlik məqsədindən məhrum qoyacağı üçün, ciddi ruhi sıxıntılara gətirib çıxardar desək, yanılmarıq.

         Ateizmin üçüncü zərəri olaraq qeyd edə biləcəyimiz digər bir məsələ də “məqsədsizlikdir”. İnsanı digər canlılardan ayıran ən önəmli xüsusiyyətlərdən biri də, məqsədinin fərqində olmasıdır. Məqsədi olan insan nəticəni gözləyər. Buna bağlı olaraq da məqsədinə doğru həyatda önəmli addımlar atmağa çalışar. Bu məqsəd insanın həyat motivasiyası rolunu da görür. Ateizmin insan psixologiyasına vurduğu ən böyük zərərlərdən biri insanın motivasiyasını qıran məqsədsizlikdir.

         Ateizmin dördüncü zərəri isə əxlaqi çöküntü problemi və dəyərsizləşdirmə düşüncəsidir. İnsan yaradılış etibarilə müəyyən əxlaqi dəyərlərə sahib olaraq dünyaya gəlir. İctimai həyatın nizam-intizamı, fərdlərin əxlaqi dəyərlərinin həyata keçirilməsi ilə təmin edilir. Ateizm fərdlərin əxlaqi dəyərlər sisteminin çökməsinə səbəb olur. Məsələn, ateizmi seçmiş biri üçün yalan söyləməyi pis bir davranış olaraq görməsinə bir səbəb yoxdur. Çünki ateizmin kriteriyaları içində yalan söyləmək heç bir şey ifadə etmir. Hətta bəzi hallarda yalan söyləyərək müəyyən faydalar əldə etmək bir zəka əlaməti belə sayıla bilər. Beləliklə, bu hal cəmiyyətin əxlaqi normaları içində qəbul edilə bilən bir davranış şəklinə girərsə, dürüstlük və güvən duyğusu zədələnəcəyi üçün cəmiyyət pozulur. Bununla birlikdə fərdin özünə olan hörmətini itirməsinə və şəxsiyyətinin zədələnməsinə səbəb olur.

         Ateizmin zərərlərindən beşincisi isə özünü bəyənib başqalarına lağ etməkdir. Lağ etmək, bir insanın, bir hadisənin, bir vəziyyətin müəyyən  yönlərini əskik, gülünc, qüsurlu və s. şəkildə dəyərləndirib alçaltma üslubuna girmək və ya ifadə etməkdir. Bu halın adət halına gətirilməsi isə cəmiyyətdə fərdlər arasında münaqişəyə səbəb olur. Buna görə də lağ etməyi adət halına gətirmək insanın dəyərlər sistemi ilə mübarizə halıdır. Xüsusilə xarakter inkişafı tamamlanmamış yeniyetməlik dönəmində tez-tez müşahidə edilən lağ etmə adəti, yaş artdıqca zehni yetkinlik nəticəsində azalır. Ateizm düşüncəsini mənimsəyən gənc və orta yaşlı fərdlərdə çox rastlanılan bu hal, bir davranış problemi olaraq ciddi mövzuların lağ edilməsi, müqəddəs dəyərlərin təhqir edilməsi və gülməli bir mövzu kimi göstərilməyə çalışılması şəklində özünü göstərir və sonrakı mərhələlərdə yerini diqqətsizlik, məsuliyyətsizlik və antisosiallıq kimi xarakter problemlərinə tərk edir.

         Ateizmin verdiyi zərərlər olaraq qeyd etdiyimiz məsələlər təbii ki, bu sadaladıqlarımızdan ibarət deyildir və saymaqla da bitməz. Buna qarşı cəmiyyətin inkişafı üçün, Allaha imanın necə müsbət təsirləri olduğu da inkar edilməz bir həqiqətdir. Belə ki, doğruluq, dürüstlük və yaxşılıq kimi bəzi məfhumlar İslam dininin öyrətdiyi və həqiqi müvəffəqiyyət olaraq dəyərləndirdiyi sonsuz xoşbəxtliyə çatmaq üçün lazım olan ünsürlərdəndir. Bu mənada Allah-Təalanın insan fitrətinə qoyduğu iman, təqva, təslimiyyət, təvəkkül və s. kimi bütün təməl həqiqətlər sağlam bir ruh halının və şəxsiyyətin inkişaf prosesinin də təməl prinsiplərindəndir. Nəticə etibarı ilə insanın bunlardan uzaq qalması, uzaq tutulması və ya uzaqlaşdırılması onun başına gələ biləcək ən böyük fəlakət və haqsızlıqdır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)