Qırğızıstandakı ÇİNAR

Toxum kimi dünyanın bir çox yerinə səpələnmiş, "vətən vətən" deyə inləyən millətlərdən biri də Axısqa türkləridir. Həsrət qaldıqları vətənlərinə dair şeirlər söyləyər, ağılar deyərlər. Həsrətləri heç dinməz və nəsildən-nəslə ötürülər. Ağılarıyla, şeirləriylə, həsrətlə yanan bağrını üzünün təbəssümü ilə örtməyə çalışan, toxum olaraq səpələndiyi torpaqlarda çinara çevrilən Axısqalı xalamızla yolumuz Qırğızıstanda kəsişdi. Adı Güllərdir. Güllər bacımız... Təbəssümündə Axısqaya həsrət, sözlərində Vətənə həsrət, yanıq bağrından çıxan şeirlərində bayrağına, millətinə məhəbbət vardı. Doqquz aylıq olarkən qədərinə sürgün yazılmışdır. Böyük insanlar bu çətin səfərə dözə bilməyib can verərkən, doqquz aylıq Güllər bacı kiçik əlləriylə dəmirdən soyuq vaqon divarlarına möhkəm-möhkəm yapışmışdır. Və ilk dayanacaqları Özbəkistan, sonra Qırğızıstan olmuşdur. Burada dırnaq açmaq istəyirəm, Güllər bacı dediyim insan yaşı kiçik deyil, özü 74 yaşındadır, amma könlü gənc, üzü yaşadığı bütün çətinlik və əziyyətlərə baxmayaraq sevinclə dolu bir xaladır. Hətta yaşlılıqla əlaqədar gözəl bir şeiri var:

Qələmim dilə gəldi,

"Aman əl aman" dedi.

Bədən haqdan əmanət,

Vermə ona ziyanat.

 

Gətirsələr yeyərəm,

Verməsələr susaram.

Uçurduğum gəncliyi,

Röyalarda bəzərəm.

 

Onsuz vücud divanə,

Can bədəndə viranə.

Aynalar çirkinləşmiş,

Yolum, eşqim Allaha.

Vətən həsrəti onu şair etmişdir. Həm ağladan, həm güldürən şeirləri var. Özü 1994-cü ildə Türkiyə Diyanət Başqanlığının Türk Respublikaları arasında mübarək doğum həftəsi münasibətilə təşkil etdiyi şeir müsabiqəsində üçüncü olmuşdur. O şeirini daha sonra yazacağam.

Güllər bacı bəlkə kolxoz zamanında işdən vaxt tapıb uşaqlarını laylalarla, nağıllarla yatdırmamış, amma nəvələrini hər gecə qoynunda yatırdıb hüzünlü Axısqa nağıllarıyla böyütmüşdür.

Var imişlər, çox imişlər,

Əzəl Kütahyadan gəlmişlər (Güllər bacının babaları Kütahyadan Bursaya, oradan da Axısqaya köçmüşlər).

Axısqada məskunlaşmışlar.

Bir təpədə əylənmiş,

O təpəyə Atiyət demişlər.

Sonra onlar sürülmüşlər,

İndi onlar hardadırlar... (nağıla giriş belə uzanıb gedir)

İndi onlar Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Gürcüstan, Ukrayna, Amerika, Fransa, Türkiyə olmaqla bir sıra ölkələrə saçılmışlar. Ananın məzarı bir ölkədə, atanın məzarı digər ölkədə, övlad başqa ölkədə…

Keçmişin dəftərləri təsirli bir şəkildə Güllər bacımızın gözünün qarşısında bir-bir açıldıqca, anlatdıqları bizi də hüznə qərq edir. Orta Asiyaya toxum kimi səpələndiklərini bu sözləri ilə daha da yaxşı anlayırıq. Nənəm Axısqada, babam Özbəkistan Buxarada, anam-atam Qırğızıstanda, hərəsi bir yerə səpildi. Bir babamızın Qırğızıstanın bir şəhərində yalnız adı qaldı, məzarı da yoxdur. Bir qohumum sürgün illərində Fələstinə qaçıb yerləşmişdir. Sovetlər dağılıb yollar açılanda buralara gəlin deyiləndə, "mən böyüklərimin məzarlarını buraxıb gələ bilmərəm",- dedi, mən ağladım. "Biz hansı birinin məzarının başında gözləyək hər biri bir yanda",- dedim.

Güllər bacı altmış bir yaşında Axısqaya, nənəsinin məzarını ziyarət məqsədilə Türkiyədən Batuma gedir. Batumda qonaq olur. Ev sahibi tək başına Axısqaya getməməsini, o illərdə insanların işsiz olduğu üçün kənardan gələnə zərər verə biləcəyini söyləyir. Güllər bacı da Batumdan üzünü Axısqaya çevirib vətəni ilə, nənəsi ilə göz yaşları içində danışır. Nənəsinin ruhuna Fatihələr göndərir.

Güllər bacının üzü hər daim təbəssümlüdür. Özündən iki yaş yarım böyük olan qardaşı Cavad baba (bu reportajı etdikdən sonra gülər üzüylə tanınan Cavad baba Haqqın rəhmətinə qovuşub əsl vətənə köçdü. Ruhuna bir Fatihə) var. O da bacısı kimi gülərüzlüdür. Cavad babanın xanımı vəfat etdiyində başsağlığına getdik, təbəssüm edən bir üz ilə qarşılaşdıq. Sanki bizi təsəlli edirdi. "Allahdan gələn hadisədir. Verən o, alan o! Biz nə edə bilərik",- deyərək nə qədər qüvvətli imana sahib olduğunu göstərirdi. Qul başa gələn hadisələrə Cavad baba kimi müqavimət göstərsə stressə girərmi? Və ya Axısqalı vətən həsrəti çəkən çinarlar kimi səbir göstərib, dik dayanmağı bilsə depressiyaya girərmi?

Güllər bacıya "Güllər bacım, sizdə ailəvi olaraq bir təbəssüm halı, dinclik halı var, ana-atanız sizə necə bir tərbiyə verdi ki, hər çətinliyə baxmayaraq, bu halı qoruya bilirsiniz?"- deyə soruşduğumda, əvvəlcə təsirləndi və qarşısında ana-atası varmış kimi gözləri dalıb onlara yazdığı şeiri oxudu:

Anacan, canım atam,

Sızlayan içimdə yaram.

Təsəllimdə bir tək çarəm,

Gözyaşlarım, gözyaşlarım.

 

Qarınları heç doymadı,

Kürəkləri geyim görmədi.

Həsrət vətənə çatmadı,

Qan donduran gözyaşlarım.

 

Böyük usta əziz atam,

Həmişə toxam deyən anam.

Dildə şükür, əldə Quran,

Haqq yolunda əzizlərim,

Haqq yolunda əzizlərim.

"Sürgündə yeddi uşaqla Özbəkistana gəlmişik. Şükür ki, bizim ailədən kimsə tələf olmadı. Əmim və xanımı vəfat etdiyi üçün iki yetimi də anam, atam böyütdü. Anamın üzündən təbəssüm əskik olmazdı. Anam o qədər mərhəmətli idi ki, kasıblıq içində biz çörək tapa bilməzkən o, bir somun (yumru və şişkin çörək) tapsa, qolunun altında gizlədər, bizə göstərmədən yetimlərə yedirərdi. Biz çörəyi görsək ağlayacağıq. Ona görə əvvəlcə evimizdə yetimlər doyar, sonra biz doyardıq. Ana-atamız çox dindar insanlardı. O çətin, yoxluq günlərində çörək tapmaqdan əvvəl düşündükləri şey dinimizi və dilimizi unutdurmamaqdı. Namazı, surələri İslamın “i”sinin danışılmadığı bir zamanda bizə öyrətdilər. Kiçik yaşda namaza, oruca başladıq və bu günə qədər həmişə etdik. Anam bizim dini təhsilimizlə çox maraqlandı. Namazlarımı qılmağa başladıqdan bir müddət sonra "Güllərim, indi də gecə qalxıb iki rükət namaz qıl",- dediyində, gənclik halı ilə, "ana, sən də Sovetlər Birliyi kimisən,  artırdıqca artırırsan, beş vaxt namazı qılıram",- demişdim. İndi o cahilcə sözümə çox gülürəm",- deyərək hamımızı güldürdü.

Anam, atam vətən, vətən, bayraq, bayraq deyərək həsrətlə, gözü yaşlı canlarını təslim etdilər. Biz kiçikkən ağladığımızda atam bizi qərbə doğru çevirib əlləriylə çiyinlərinə qaldırar "bax, bax İstanbul oradadır, gördünmü?”- deyərdi. Biz də üfüqdə İstanbulu görmüş kimi sevinər və dərhal susardıq. Bu qədər vətənə yanıq, bu qədər vətənə aşiq biri idi".

"Güllər bacım İstanbulu görmək atanıza nəsib olmadı, amma İstanbul, vətən deyərək böyüyüb illər sonra vətəni ziyarət etdiyinizdə nə hiss etdiniz?" - deyə soruşduğumda, Güllər bacı:

 "- Dilim tutuldu, gözyaşlarım danışdı, ağladım, ağladım yalnız ağladım. Vətənə ayaq basar basmaz torpağını öpdüm. Güllər bacı vətən sevgisini yenə bir şeiri ilə dilə gətirir:

Düşmən qılıncını üstümə çəksə,

Yadlar zəhər olub məni qəhr etsə,

Bir deyil, yüzlərlə cana qəsd etsə,

Varımı, dövlətimi, yurdumu alsa,

On deyil, yüz deyil, min illər keçsə,

Ala bilməz qəlbimdəki sevən eşqimi,

Ala bilməz üstümdəki al bayrağımı,

Dəyişmərəm dünyaya uca adımı.

Güllər bacı sanki bir xəzinədir. Keçmişdən çox xatirələr danışır. Danışdırdıqca  bir-bir tökülür xatirələr...

"Bibim çox gənc yaşda xəstələnib bu dünyadan köçdü. Çox dindar bir insan idi. Əri ikinci dünya müharibəsindən geri dönə bilməmiş, bir qızı ilə sürgün olmuşdu. Vəfat etmədən üç gün əvvəl ətrafında oturanlara mən ölümdən qorxurdum, amma mənə yerimi göstərdilər. Çox gözəl idi. İndi ölümdən heç qorxmuram",- dedi. On üç yaşındakı qızına "can qızım, namazını, niyazını tərk etmə. Qorxma baban, nənən sənə baxar, böyüdər, ancaq haqq yolunu buraxma", - dedi. Atam ağlamağa başlayanda, "qardaşım, ağlama, mən çox bəxtliyəm, Allah sizə də belə ölüm nəsib etsin. Bu mənim toyumdur, mənim atlarım gəldi, mən hazırlıq görürəm. Sizi Allaha əmanət edirəm, kimi küsdürmüşəmsə, haqqınızı halal edin",- deyərək, "Bismillah, Allah bir, indi döndük o biri tərəfə, la ilahə illəllah, Muhəmməd Rəsulullah",- deyərək ruhunu təslim etdi”.

Onlar qürbət ellərdə, zülm altında Allah, Peyğəmbər, vətən sevgisini qoruyub taxta atlara minərək köçüb getdilər. Onlar haqqa can əmanətini ən gözəl şəkildə təslim etdilər. Onlar həyat dəftərini acısı ilə, şirini ilə bağlayıb qürbət elindən əsl vətənə səfəri tamamladılar. İndi isə sıra bizdədir. Çalışmağımız, səy göstərməyimiz Güllər bacının bibisi kimi bir son yaşamaqmı, yoxsa sonu düşünmədən oyun, əyləncə ilə yaşamaqmı? Rəbbim bizlərə də hüsnü xatimə nəsib etsin .... Amin.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)