Könül İqlimindən İncilər

İnsanı digər məxluqatdan ayıran fərqli xüsusiyyətlərdən biri olan iffət, nəfsi hər cür şəhvani və bayağı arzulara qapılmaqdan mühafizə edə bilməkdir. Onun itirilməsi, Allah qorusun, insanlıq şərəfini zay etmək və digər məxluqatın vəziyyətinə düşmək, yəni insanlığa vida etmək deməkdir.

İffət, İslamın inşa etmək istədiyi müsəlman şəxsiyyətinin əsas xüsusiyyətini təşkil edir. Zülmdən çəkinməklə (Müslim, Birr və Sıla, 56.) haqqı güdmək; əlini, dilini, gözünü, ismət və namusunu qoruyub (Müslim, Qədər, 21.) zinaya yaxınlaşmamaq (əl-İsra, 32.); azğınlığı tərk edib mötədil davranmaq (əl-Maidə, 87; Müslim, Birr və Sıla, 52.); nəfsinə hakim olmaq (Tirmizi, Sıfatül-qiyamə, 25; əş-Şəms, 7-9.); səbir etməklə hirsi nəzarətə almaq (Əbu Davud, Ədəb, 3.) kimi dinin üzərində əhəmiyyətlə dayandığı bir çox əmr və qadağa, əslində insana "iffət" fəzilətini qazandırmağa istiqamətlidir.

Cənabı-Haqq Qurani-Kərimdə, qiyamətə qədər gələcək bütün kişi və xanımlara nümunə olmaqla, iffət abidəsi olaraq iki insanı göstərir. Bunlardan biri, iffətini qorumaq üçün zindana atılmağa razı olan Həzrəti Yusifdir. O, nəfslərin ən çox zəbunu olduğu üç xüsusiyyətin, yəni sərvət, şöhrət və şəhvətin zirvəsində olan Züleyxa tərəfindən şiddətli bir arzu ilə; "-Heytə lək!", yəni "-Mənə gəl!" -  ifadələrinə qarşılaşmış və çirkin bir hərəkətə dəvət edilmişdi.

Qarşı çıxmağın çox çətin olduğu bu mənzərə qarşısında, Yusif (ə.s.) "maazallah" dedi, Rəbbinə sığındı.

Həqiqətən bir kişinin, həyatı boyunca qarşılaşa biləcəyi imtahanların ən ağırlarından biri; gənclik, gözəllik, sərvət kimi hər cür cazibə ünsürünə sahib bir qadından, üstəlik gözlərdən uzaq bir məkanda gələn dəvətə "xeyr" deyə bilməkdir.

Necə ki, Allah Rəsulu (s.ə.s.) bir hədisi-şərifində, heç bir kölgənin olmadığı qiyamətin o çətin günündə, Allah-Təalanın yeddi sinif insanı Ərşin kölgəsi altında qoruyacağını bildirdikdən sonra, bu siniflərdən birinin:

"Gözəl və mövqe sahibi bir qadının birlikdə olma istəyini, «-Mən Allahdan qorxuram»,- deyərək rədd edən gənc ..." olduğunu ifadə etmişdir (Buxari, Azan, 36).

Yenə Rəsulullah (s.ə.s.), bir hədisi-şərifində, keçmiş peyğəmbərlərin ümmətlərindən səfərə çıxan üç yoldaşın yolda yağışa tutulmaları səbəbiylə qorunmaq üçün bir mağaraya sığındıqlarını və bu əsnada dağdan qopub gələn bir qaya parçasının mağaranın girişini bağladığını xəbər vermiş və aralarında:

"-Saleh əməllərimizlə Allaha dua etməkdən başqa çarəmiz yoxdur. Çünki bizi buradan, Allahdan başqa heç kəs qurtara bilməz",- şəklində danışdıqlarını bildirmişdir.

Sonra da hər biri, etmiş olduğu saleh bir əməli Cənabı-Haqqa vəsilə qılmış və Cənabı-Haqqın lütfü ilə mağaradan xilas olmuşlar.

Bax, o üç yoldaşdan biri də, Cənabı-Haqqa Allah qorxusunu, həya və iffətini vəsilə edərək belə sığınmışdır:

"Ya İlahi! Əmimin bir qızı var idi. Bir kişi, bir qadını nə qədər çox sevə bilirsə, mən də onu o qədər sevirdim. Onunla birlikdə olmaq istədim. Lakin təklifimi qəbul etmədi. Bir neçə il sonra qıtlığa məruz qaldı və mənə müraciət etdi. Özünü mənə təslim edərsə, ona yüz dirhəm verəcəyimi söylədim. Çarəsiz qəbul etdi. Tam əl uzadacağım zaman:

«Allahdan qorx da haqsız olaraq möhürümü pozma!» - dedi.

Əlimdə imkan olduğu halda, Allahdan qorxaraq ondan uzaqlaşdım. Verdiyim pulları da ona bağışladım.

Allahım! Əgər bu işi sırf Sənin razılığını qazanmaq üçün etmişəmsə, içində olduğumuz bəlanı bizdən uzaq et!» ( Buxari, Ədəb 5, Ənbiya 53; Müslim, Zikir, 100; Əhməd, IV, 274).

Cənabı-Haqqın Qurani-Kərimdə Yusif (ə.s.) kimi bizlərə misal verdiyi bir digər şəxs isə, iffəti səbəbi ilə adı zikr edilən Həzrəti Məryəmdir. Ayəyi-kərimədə belə buyurulur:

“(Allah mömin qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu” (ət-Təhrim, 12).

Quranda adı zikr edilən tək xanım, Məryəm anamızdır. Hətta iffət xüsusiyyəti səbəbindən adı tam 34 dəfə zikr edilmiş, ona göydən süfrə endirilmişdir. Həzrəti İsanın (ə.s.) Qurani-Kərimdə əksəriyyətlə "Məryəm oğlu İsa" şəklində zikr edilmiş olması da, Cənabı-Haqqın ona və bu səbəbdən iffət vəsfinə olan xüsusi bir rəğbətidir.

Rəsulullah (s.ə.s.) bir hədisi-şərifdə belə buyurur:

  "Cənnət qadınlarının ən fəzilətliləri: Huveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Muzahimin qızı (Fironun arvadı) Asiyədir" (Heysəmi, Zəvaid, 9/223).

 Demək ki, bir xanımın, Cənnətə nail ola bilməsinin yolu, Peyğəmbərimizin adlarını zikr etdiyi bu xanımların həyatlarında gizlidir. Onlar nə etdilər, necə yaşadılar? Qısa olaraq ifadə etsək, ömürlərini böyük bir iman həssaslığı və gözəl əxlaq içərisində yaşadılar. İffətlərini daima qorudular. Çünki bir qadının ən böyük izzət və şərəfi də, iffətini qoruya bilməsindədir.

Cəmiyyətdə həya, iffət, əxlaq təmizliyi və nəzakətin hakim olması çox mühüm bir məsələdir. Çünki İslam, bütün pis işləri, həyasızlıq və iffətsizliyi haram etmişdir. Fərd və cəmiyyət həyatında iffətin zədələnməməsi üçün təsəttürü əmr etmiş və harama baxmağı da qadağan etmişdir.

  Necə ki, İslam ilə şərəflənmədən əvvəl ərəblərdə təsəttür adəti yox idi. Hicrətin beşinci ilində fərz olunana qədər, İslamın ilk illərində də, təbii olaraq, belə davam etdi.

Hicab ayəsinin endirilməsiylə qadının mövqeyi yüksəldildi. Şərəf və ləyaqəti qorunub etibarı artdı. Qadın, bir iffət abidəsi halına gətirildi, təmkin və izzət sahibi bir şəxsiyyət qazandı.

Digər tərəfdən kişi və qadın arasında cinsi əlaqə əvvəla, "baxış"la başlayır. Bu səbəblə müsəlman kişi və qadınlara, naməhrəmə baxmamaları, danışacaqları zaman da başlarını önə əymək surətiylə ədəbə diqqət edərək danışmaları əmr edilmişdir:

“(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!

 Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)...” (ən-Nur, 30-31)

Allah Rəsulu (s.ə.s.), iffətə o qədər əhəmiyyət vermişdir ki, qadınlardan xüsusilə iffətlərini mühafizə etmələri barəsində beyət almışdır. (əl-Mumtəhənə, 12) Bütün möminlərə xitabən:

  "Kim mənə iki çənəsi arasındakı (dili) ilə iffət və namusunu mühafizə sözü versə, mən də ona Cənnət sözü verərəm",- buyurmuşdur (Buxari, Riqaq, 23).

 Hətta, Peyğəmbərimizin Bəni Kaynuka qəbiləsinə müharibə elan etməsinin səbəbi, yəhudi bir zərgərin müsəlman bir xanımın iffət və namusunu ləkələyəcək sataşması, əxlaqsız davranması olmuşdur. Yəni İslam nəzdində iffət bu qədər mühümdür.

Rəbbimiz iffətlərini mühafizə edən kişi və qadınların ilahi bağışlanmağa və böyük bir əcrə nail olacaqlarını xəbər vermişdir (əl-Əhzab, 35).

Cənabı-Haqq qulunun daim iffət üzrə olmasını istəyir. Qulaqda iffət, dildə iffət, gözdə iffət, əldə iffət, nəhayət, bütün bədəndə iffət istəyir... Yaxşı, nə üçün?

Çünki:

Dilin iffətsizliyi insanı qeybətə aparır. Gözün iffətsizliyi insanı yanlış vitrinlər, uyğunsuz ekranlar, haram səhnələr seyr etməyə sürükləyir. Qulağın iffətsizliyi insanı şəri dinləməyə istiqamətləndirir. Əlin iffətsizliyi insanı günaha düçar edər. Bədən xəttlərini müəyyən edəcək dərəcədə dar, gözləri üzərinə çəkəcək qədər dəbdəbəli və baxan kimsəyə Züleyxanın dediyi kimi "Gəlsənə mənə!" dedirdən paltar geymək də bədənin iffətsizliyidir və adamı həlaka sürükləyər. Rəbbimizin bu xüsusdakı əmri isə cilbab, yəni bədən xətlərini müəyyən etməyən bol paltarların geyilməsidir.

Mömin, iffətli və həya sahibi olmalıdır. Nəfsani arzu və hisslərin kökü, təxəyyül və təsəvvürdə olduğundan, iffət və namusu qorumaq və nəfsə hakim ola bilmək üçün ürəyi daim gözəl hisslərlə, zehni də ülvi düşüncələrlə məşğul etmək lazımdır. Rəsulullah (s.ə.s.):

"Sizin haqqınızda ən çox qorxduğum şeylərdən biri, mədələriniz və iffətləriniz barəsində sizi azğınlığa sürükləyən şiddətli arzular, digəri də həva və həvəsinizin sizi dəlalətə salmasıdır",-buyurmuşdur (Əhməd, IV, 420, 423; Heysəmi, I, 188; Əbu Nuaym, Hilyə, II, 32).

İbni Ataullah əl-İsgəndəri belə deyir: "Bütün asiliklər, qəflət və şəhvətlərin əsli, nəfsani arzulara ram olmaqdır. Bütün taət, mənəvi oyanıqlığın və iffətli olmanın əsli də nəfsani arzulara meyl etməməkdir" (Əl-Hikəmül-Ataiyyə, 35).

Arif bir şəxs nə gözəl buyurmuşdur: "Bu dünya: Aqil üçün seyri-bədayi (ağıl sahibləri üçün sirr, hikmət və ilahi sənəti ürəkdən seyr), axmaqlar üçün isə yemək ilə şəhvətdir".

Zühd mövzusundakı rəvayətləriylə məşhur olmuş alimlərdən Əhməd bin Əbul-Havar, müəllimi Əbu Süleyman əd-Daraniyə:

"-Məhəbbət əhli, Allahın sevgisini nə ilə qazandı?" - deyə soruşduğunda ondan bu cavabı almışdır:

"-İffət və qənaətkarlıqla" (Beyhəqi, Şuabul-İman, I, 382).

Bizlər də övladlarımıza iffətin hüzurunu, qənaətin zənginliyini, təvazönün nəcibliyini, səbir və səbatın ən son ləzzətini, comərdliyin zövqünü, mərhəmətin həzzini qazandıra bilməyə çalışaq. Əgər bunu bacara bilsəniz, dünyanın süfli və fani cazibələri onlara asanlıqla təsir etməyəcəkdir.

Rəsulullahın (s.ə.s.) Cənabı-Haqdan istəyi belədir:

"Allahım! Səndən hidayət, təqva, iffət və könül zənginliyi istəyirəm" (Müslim, Zikir, 72).

Peyğəmbərimizin Cənabı-Haqdan hidayət, təqva, iffət və könül zənginliyi istəməsi, bunların həm Allah qatındakı yüksək dəyərinə, həm də möminlərin həyatında bu xüsusiyyətlərin olmasının zəruriliyinə bir işarədir.

Çünki mömin Allahdan hidayəti istəməklə özünü hər cür xeyrə və müvəffəqiyyətə götürəcək şeyi; təqva istəməklə, Allahın bütün əmrlərini yerinə yetirib qadağalarından qaçınmağı; iffət istəməklə, hər cür günahdan qorunmağı; könül zənginliyi istəməklə də, heç kimə möhtac olmamağı niyaz etmiş olar.

Xülasə, İslamın hədəfi, iffəti möminin şəxsiyyət və xarakterinə silinməz bir şəkildə nəqş etməkdir. Çünki qısqanclığa və süfli arzulara meyilli olan nəfs (ən-Nisa, 128), ancaq iffət fəzilətlə bəzəndiyində, dinin və ağlın xoş görmədiyi şeyləri etməkdən həya edər, pisliyi və çirkinliyi özünə yaraşdırmaz. Möminə yaraşmayan mühitdən uzaq olar. İlahi əmrlərin xaricinə çıxmaz. Belə iffətli könüllərdən ibarət olan bir cəmiyyət də maddi və mənəvi baxımdan yüksələr.

Çünki Rəsulullah (s.ə.s.) bir hədisi-şərifində belə buyurmuşdur:

“Allah bir cəmiyyətin davamını və inkişafını istəsə, onlara dözüm və iffətlə ruzi verər" (Təbərani, Müsnəduş-Şamiyyin, I, 34).

  Rəbbimiz, könüllərimizi sevdiyi və razı olduğu xüsusiyyətlərlə ziynətləndirsin.

Amin! ..

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)