Bəyazid Bistami (q.s.)

Hicri 161-ci ildə İranın Şəhrud şəhərində Bistam qəsəbəsində dünyaya gəlmişdir. Həzrəti Cəfəri Sadiqin nəvəsi İmam Əli Rızadan örnək götürdüyü nəql edilir. Həzrəti Cəfəri Sadiq ilə birbaşa görüşməmiş, lakin mənəvi bir yolla (yuxuda) ondan ilham aldığı söylənmişdir.  

Bəyazid Bistaminin zərdüşt bir qonşusu, onun da südəmər uşağı vardı. Qonşusu bir gün səfərə çıxır. Evlərini işıqlandıracaq bir şey olmadığı üçün uşaq ağlayır. Bəyazid Bistami də hər gün bir şam alıb onlara aparır. Qonşusu səfərdən qayıdarkən vəziyyətdən xəbər tutur. Sonralar özündə dəyişikliklər hiss etməyə başlayır. Bəyazidə qarşı qəlbində sevgi yaranır. “Madam ki o zatın aydınlığı gəldi, bizim öz qaranlığımızda yaşamağımız uyğun deyildir”,- deyərək Bistaminin hüzuruna gedir və müsəlman olur.  

Rəvayətə görə Həzrəti Bəyazid Bistami bir müridi ilə birgə həcdən qayıdırdı. Bir şəhərə gəlib çatdıqlarında xalq onların ətrafına toplandı. Bəziləri əlini öpmək istəyir, bəziləri də gah ətəklərinə sarılır, gah da dua istəyirdilər. Bu vəziyyətdən sıxılan Həzrəti Bəyazid getmələrini istəsə də,  onlar yenə israr etdilər. Həmin gün Ramazan ayı olmağına baxmayaraq, o, çantasından şirniyyat çıxarıb yeməyə başladı. İnsanlar çaşqın vəziyyətdə:

 “Biz də bunu özümüzə vəli bilirdik, orucunu pozdu”,- deyərək oradan dağılışmağa başladılar. Bəyazid mürşidinə müraciətlə:

“Oğlum, biz səfəriyik. Səfəri, yəni səfərdə olan insanın orucunu yeməsi, daha sonra isə qəza etməlidir, dinən halaldır. Allahın icazəsi olan hərəkət etdik, onlar isə getdilər. Şükürlər olsun qarışıqlıqdan canımızı qurtardıq”,- demişdir.  

Bir gün insanlar aralarında “vəli” kimi məşhur olmuş bir insanı görmək üçün müridləriylə yola çıxmışdı. Həmin şəxs evindən çıxıb məscidə yol alarkən üzü qibləyə doğru tüpürdü. Həzrəti Bəyazid o insanın laqeyd hərəkətindən pərişan olaraq, salam da vermədən geri döndü və tələbələrinə dedi:

“ – Bu şəxs Peyğəmbərin öyrətdiyi ədəblərdən birinə riayət etməkdə belə laqeyd davranır. Haqqın əsrarı xüsusunda ona necə güvənə bilərik?”

Həzrəti Bəyazid Bistami bir gün yolda gedərkən bir gənc də onun arxasınca, ayaq izlərinə basaraq onu izləyirdi. Şeyxin üzərində bir kürk vardı. Gənc:

“ – Kürkünüzdən bir parça verərsiniz, biz də bərəkət və feyzinizdən ilham alaq?”- deyə soruşdu.  Həzrət isə ona bu möhtəşəm cavabı verdi:

“ – Kürkünü deyil, Bəyazidin dərisini də soyub geyinsən, onun etdiyi əməlləri sən də etmədikcə bir fayda görməzsən”.

Həzrəti Bəyazid Bistami bir yerə səyahət edərkən ağac altında dayanıb yemək yeməyə başlamış, sonra isə yoluna davam etmişdi. Xeyli yol aldıqdan sonra torbasında qarışqa görmüş və:

“ – Allahın bu məxluqunu vətənindən ayrı saldım”,- deyərək geri dönüb onu yuvasına qoymuşdur”.

Belə nəql edilir:

Bəyazid Bistaminin anası bir qış gecəsi ondan su istəyir. Evdə su olmur. Bəyazid su axtarmaq üçün çölə çıxır və geri qayıtdığında anasının yatdığını görür. Anası bir az sonra yenidən oyanıb “oğlum, su gətir”, deyə səslənir. Bəyazid anasına su qabını uzadıb əlini çəkincə, soyuqdan su qabına yapışan əlinin dərisi soyulur. Anası bunu görüncə, “Ya Rəbbim, mən Bəyaziddən razıyam, sən də razı ol”, deyə dua edir. 

Gənclik illərində etdiyi ibadətlərindən zövq ala bilmirdi. Bu halını bəzi vaxtlarda anasına danışıb tərbiyəsində bir qüsur olub-olmadığını soruşardı:

“- Anancan, mən uşaq ikən, südəmər vaxtlarımda mənə haram bir şey verdinmi?” İçimdə məni Rəbbimdən uzaqlaşdıran bir şey hiss edirəm.

Anası uzun müddət düşünüb:

 “- Tək bir şeyi xatırlayıram. Sən uşaq ikən qonşuya getmişdik. Orada olanda ağlamağa başladın və susmurdun. Mən də ev sahibindən icazəsiz sobanın üzərində bişməkdə olan şorbadan  barmağımı batırıb bir az sənin ağzına qoydum”, - dedi.

Bu işdən xəbərdar olandan sonra həmin qonşuya gedib anasının halallıq almasını istədi. Bundan sonra ibadətlərindən zövq almağa başlamışdı.  

Bəyazid Bistami (q.s.) belə buyurmuşdur:

“İlk həccə getdiyim vaxt sadəcə Kəbəni gördüm. İkinci gedişimdə həm Kəbəni, həm də Kəbənin Rəbbini gördüm. Üçüncü gedişimdə isə sadəcə Kəbənin Rəbbini gördüm”. 

Bəyazid Bistami (q.s.) deyir ki: “Otuz il ibadətlərimdə nəfsimə tabe oldum. Bir gün bir adamın belə dediyini eşitdim: Ya Bəyazid, Allahın xəzinələri ibadətlə doludur. Əgər Cənabı-Haqqa qovuşmağı diləyirsənsə, sənə lazım olan, nəfsini zəlil, xor, həqir görməyin, əməllərində ixlas üzrə olmağındır”.

Həzrəti Bəyazid Bistami (q.s.) belə deyərdi: “Kim Qurani-Kərim qiraətini və zöhd həyatını tərk edər, cənazələrə qatılmaz, xəstələri ziyarət etməz və sufi olduğunu iddia edərsə, o, ancaq bidətçidir”. “Özünə kəramətlər verilmiş, hətta bardaş qurub havada oturan birini görsəniz belə,  ona aldanmayın! İlahi əmr və nəhylərə riayət edirmi, ilahi hüdudları mühafizə edirmi, şəri hökmləri haqqı ilə əda edirmi, ona baxın!” Çox zikir, ədədi çox olan deyil, qəflətdən çəkinərək və şüurla edilən zikirdir”.

 O, belə deyərdi: “Havada uçan, su üzərində gəzən bir adam görsəniz onu sorğulamadan, şəriətin sərhədləri, əmr və qadağalarına uymaq barəsində sınaqdan keçirmədən ona inanmayın”. “Günahdan tövbə bir, ibadət və itaətdən tövbə min dəfə olur”. Yəni ibadətlərdəki qəflət və riya, ibadətlər səbəbi ilə kibrlənmək, mənlik hissi səbəbi ilə min dəfə tövbə etmək lazımdır.

Belə dediyi nəql edilir: “Ya Rəbbi! Sənə qovuşmaq necə mümkündür?” – deyə dua etdim. Bir nida gəldi, “Nəfsini üç talaqla boşa”,- deyilirdi. Bu qədər zəhmət və məşəqqətlərə, çətinliklərə qatlanaraq, axtardığımı anamın rızasını almaqda tapdım. Çox sadə görünən ana rızasını almağın, bütün işlərin əvvəlində gəldiyini anladım.

Bəyazid Bistami (q.s.) hicri 234-cü ildə (m.848) İranın Bistam qəsəbəsində vəfat edir,  orada dəfn edilir.

Bəyazid Bistami (q.s.) vəfat etdikdən sonra böyük zatlardan biri onu yuxusunda görüb soruşur: “Qəbirdə Münkər və Nəkir mələkləri səninlə necə rəftar etdi?” Cavabında: “O iki mübarək mələk gəlib, “Rəbbin kimdir?” deyə soruşduqda onlara dedim ki: “Bunu soruşmaqla sizin məqsədiniz hasil olmaz. Siz məndən Onu soruşmaq yerinə, Ondan məni soruşun. Əgər O, məni qulu olaraq qəbul edirsə, nə gözəl... Mazallah, O, məni qulu olaraq qəbul etməzsə, mən yüz dəfə, “O, mənim Rəbbimdir”,- desəm nə faydası olar?” – buyurdu.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)