Xolesistit - öd kisəsi iltihabı

Xolesistit - öd kisəsi iltihabı

Öd kisəsi qarın boşluğunun sağ tərəfində qaraciyərin altında yerləşir. Öd kisəsinin əsas funksiyası qaraciyər tərəfindən istehsal olunan ödün yığılması və saxlanılmasıdır. Həzm prosesi zamanı öd, onikibarmaq bağırsağa ifraz olunur və burada piylərin həzmində iştirak edir.

Öd kisəsi həzm proseslərində çox əhəmiyyətli rol oynayır və bu səbəbdən onun iltihabı insanın ümumi vəziyyətinə çox mənfi təsir edir. Öd kisəsinin iltihabı "xolesistit" adlandırılır. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur.

Xolesistit kəskin və xroniki ola bilər. Kəskin xolesistit zamanı əksər hallarda öd kisəsində və onun axarlarında konkrementlər (daşlar) əmələ gəlir. Daşlar öd axarlarına düşdükdə ödün öd kisəsindən axması prosesi pozulur.

Xroniki xolesistit zamanı öd kisəsində öd daşları əmələ gəlmir, lakin bu heç də o demək deyil ki, bu forma təhlükəli deyil. Xroniki xolesistit istənilən zaman kəskinləşə bilər.

Xolesistitin simptomları:

- sağ böyürdə ağırlıq hissi,

- küt ağrılar (ağrı kürəyə və qola yayılır),

- iştahanın pozulması,

- həzm proseslərin pozulmaları,

- gəyirmə (ağızda acı dad),

- ürəkbulanması,

- nadir hallarda qusma,

- sarılıq (insanın dərisi və selikli qişaları sarımtıl rəng alır).

Bu simptomlar xüsusilə yağlı və qızardılmış qidaların qəbulundan sonra meydana çıxır. Bu simptomlar meydana çıxdıqdan dərhal sonra qastroenteroloqa müraciət etmək lazımdır. Xəstəlik ilk mərhələlərində daha asan müalicə olunur. Əks halda pozulma daha ağır formaya keçərək çox təhlükəli fəsadların inkişafına səbəb ola bilər.

Kəskin xolesistit tutması bu kimi simptomlarla özünü büruzə verir:

- sağ böyürdə güclü tutmaşəkilli ağrılar,

- kəskin zəiflik,

- bədən hərarətinin artması,

- ağızda acı dad,

- tez-tez qıcqırma,

- qusma (xəstənin vəziyyətini yüngülləşdirmir),

- sarılıq.

Bu simptomlar öd kisəsində olan güclü iltihabdan xəbər verir, iltihab qonşu orqanlara da (qaraciyər, mədə, mədəaltı vəzi, onikibarmaq bağırsağı) toxunur.

Kəskin xolesestitin digər çox ağır fəsadı peritonitdir. Öd kisəsində olan daşlar onun divarlarını dartır, divarlar nazilir və nəticədə öd kisəsi yırtılır. Öd kisəsinin möhtəviyyatı qarının boşluğuna düşür və qarının daxili qişasının iltihabına - peritonitə - səbəb olur. Peritonit insanın həlak olmasına səbəb ola bilər. İnsana təcili tibbi yardım tələb olunur (bir çox hallarda cərrahi əməliyyat).

Xolesistit xəstəliyinin əsas səbəbi öd kisəsindən ödün axması prosesinin pozulmasıdır. Bunun nəticəsində öd kisəsində durğunluq yaranır, durğunluq daşların əmələ gəlməsinə səbəb olur ki, bu daşlar ödün axmasını daha da çətinləşdirir və nəticədə öd kisəsi axarları daşlarla tam tutula bilər.

Ödün öd kisəsindən axması müxtəlif səbəblərə görə pozula bilər:

- öd kisəsi və öd axarlarının mikroflorasının dəyişilməsi (immun sisteminin zəifləməsi nəticəsində və s.),

- iltihab (öd kisəsində və ya qonşu orqanlarda),

- hamiləlik, xüsusilə hamiləliyin 2-ci yarısı (hamilə qadının orqanizmində baş verən ciddi hormonal dəyişikliklərin nəticəsində),

- düzgün olmayan qidalanma (qida qəbulları arasında uzun fasilələr; yağlı, qızardılmış, hisə verilmiş qidaların müntəzəm qəbulu),

- piylənmə,

- azhərəkətli həyat tərzi (azhərəkətli həyat tərzi orqanizmdə gedən bir çox prosesləri  ləngidir ki, bu durğunluğa səbəb olur),

- irsiyyət (bu xəstəliyə olan meyillik irsən keçir).

5-10% hallarda kəskin xolesistitə görə aparılmış cərrahi əməliyyat zamanı öd kisəsində daşın olmaması müəyyən olunur. Bu halların 50%-də kəskin xolesistitin əsasında duran faktorun nə olmasını təyin etmək olmur. Daşsız xolesistitin əmələ gəlməsində aşağıdakı risk faktorları müəyyən olunur: ciddi travmanın və ya yanığın keçirilməsi, doğuşdan sonrakı dövr, ortopedik və digər öd yollarına aid olmayan böyük əməliyyatlardan sonrakı dövr.

Daşsız xolesistitlərin əlamətləri daşlı xolesistitlərin əlamətlərinə oxşar olur.

Daşsız xolesistitlərin ağırlaşmaları daşlı xolesistitlərin ağırlaşmalarından çox və ciddi olur.

Kəskin daşsız xolesistitlərin uğurlu müalicəsi diaqnozun zamanında qoyulmasından və erkən cərrahi müdaxilənin aparılmasından asılıdır.

Öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar və ya daşın olmasından təsadüfən hali olurlar. Bu insanlarda adətən öd daşı heç bir narahatçılıq törətmir.

Hansı hallarda öd daşının müalicəsi vacibdir? Bu suala cavab axtaran zaman aşağıdakı üç faktor nəzərə alınmalıdır:

  1. Öd daşı insanın həyat keyfiyyətini poza biləcək dərəcədə şikayətlər yaradır,
  2. Öd daşının ilkin ağırlaşmalarının olması: kəskin xolesistit, pankreatit və s.
  3. Öd daşının ağırlaşma törədə biləcəyini güman etməyə əsas verən faktorların olması: kalsifikasiya olunmuş öd kisəsi, daşların 3 sm-dən böyük olması, öd kisəsində anadangəlmə anomaliyalar.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)