Özünə aşiq insanlar

Narkissos bir gün suda öz əksini görür və ona aşiq olur. Saatlarla özünü seyr edir. Suyun üzərində duraraq ona baxan, amma qarşılıq verməyən bu sima, ona toxunmaq istərkən yox olur. Nəticədə, Narkissos sevgisinə qovuşmaq üçün suya düşür və boğularaq ölür. Əslində bu hekayə narsistlərin halını çox gözəl ifadə edir. Çünki onlar da sudakı özlərinə aşiqdirlər.

Sözünə “Mən…” ilə başlayan insanlardan qaçın!

“Mən…” ilə danışmaq eqonun göstəricisidir. Mən beləyəm, mən eləyəm, mən bunu aldım, mən onu aldım, mən belə istəyirəm kimi cümlələr eqoist olduğunuzun isbatıdır. Eqoist insan, dünya onun ətrafında fırlanır, sanki hər şey onun üçün varmış kimi insanlara yuxarıdan aşağı baxar. Eqoist insan, hər şeyi öz mənfəəti üçün edər, qazanclarını digər insanlardan üstün və vacib görərək eqosunu razı salar. Halbuki bununla özünü toplumdan ayırar və yalnızlığa sürüklənər.

Eqoist kimdir?

Eqo, əslində mən sizdən üstünəm, mən adi bir insan deyiləm, məni zəif bilməyin düşüncəsinin gətirdiyi bir haldır. Yəni eqo insanda fərqli xüsusiyyətlərin olduğu üçün deyil, əzilmə, alçalma qorxusundan yaranan haldır. Eqosunu sərgiləyən insan zəif, uğursuz, bacarıqsız olmadığını sübut etməyə çalışar. Buna görə də daim özündən bəhs edər, yaxşı xüsusiyyətlərini dilə gətirər, pis xüsusiyyətlərindən yaxşı hal kimi şişirdərək danışar. Əslində isə hədəfi pis xüsusiyyətlərini və xasiyyətlərini təmizə çıxarmaq, haqq qazandırmaqdır.   

Eqodan necə qurtulmaq olar?

Çox insan eqoist olduğunun fərqində olmadığı halda, bəzi insanlar eqolarından qurtulmaq istəyirlər. Çünki eqoist insanların çevrəsi zamanla azalar. İnsanlar daim birinin etdiklərini, edəcəklərini, xüsusiyyətlərini dinləməkdən sıxılar, özlərini təhqir edilmiş kimi hiss edərlər. Bu da insanın uzaqlaşması üçün əsaslı bir səbəbdir. Eqo ətrafdakıların təsiri ilə də formalaşa bilər. Ətrafınızdakı insanlar sizi daim tərifləyərək, hədsiz diqqət göstərərək, işlərinizi şişirdərək danışırlarsa zamanla bu sizdə eqonun formalaşmasına səbəb ola bilər.

Eqodan təmamilə xilas olmaq çətindir, lakin səy göstərilməsi vacib olan bir vəziyyətdir. Eqonuza qalib gəlmək üçün “mən” kəlməsini minimuma endirməlisiniz. “Mən” kəliməsinin yerinə “Sən” və ya “biz” istifadə edin. Etdiklərinizi öz mənfəətiniz üçün deyil, topluma faydalı olması üçün etməlisiniz. Həmçinin digər insanların sizdən fərqli olmadığını idrak etməlisiniz.

Eqonuzu tərbiyə etmədikcə bu daha təhlükəli bir hala, narsizmə çevrilə bilər ki, bunun müalicəsi çox çətin və güclü iradə tələb edir.

Bəs narsizmin xüsusiyyətləri nələrdir?

İnsanların, uşaqlıq dönəmlərində şəxsiyyətin formalaşması və qorunması üçün ətraf mühitin təsirinə ehtiyacı vardır. Ana və atadan kifayət qədər sevgi, qayğı görməmiş uşaqların duyğuları tam formalaşmır. Ana diqqəti görməyən uşaq, anadan məhrum böyümüş olur. Ana və atanın uşağın xüsusiyyətlərini hədsiz şişirtməsi isə “mənlik” duyğusunu inkişaf etdirir. Uşaqlıq çağındakı travmalar da şəxsiyyətin formalaşmasına mane olan səbəblərdəndir. Həmçinin, narsist xüsusiyyətlərə sahib olan valideynlərin uşaqlarında bu problem daha çox müşahidə edilir.

Narsist insanlar özləri ilə məşğul olurmuş kimi görünsələr də, özlərini dəyərsiz hissetmə qorxusu içərisindədirlər. Başqalarından əsla məsləhət almazlar. Qarşısındakını öz istək və məqsədləri üçün istifadə edər, özlərini əvəzedilməz kimi görərlər. Onlara diqqət, hörmət göstərməyən hər kəsə nifrət edərlər. 

Narsist kimdir?

Yuxarıda dediklərimizə əsasən deyə bilərik ki, onlar çox eqoist və öz mənfəətləri üçün yaşayan insanlardır. Təriflə bəsləndikləri üçün yalnız onları tərifləyənləri, tərifləndikləri müddətdə yanlarında tuturlar. Məqsədləri üçün başqalarından istifadə edər və sonra da bir tərəfə atarlar. Narsist özünü başqalarından fərqli görür. Hər kəsdən  daha ağıllıdır, güclüdür, gözəl və ya cəlbedicidir. Bu səbəbdən hər kəs ona itaət etməlidir. O xəta etmir. Xəta varsa da, bu, əsla onun günahı deyil. Başqalarının nə dediyinin əhəmiyyəti yoxdur. İnsanların dərdlərinə və hisslərinə anlayış göstərməzlər.

Əslində isə…

Narsistin  qaya kölgəsini öz kölgəsi zənn edən bir cücədən fərqi yoxdur. O, daxili aləmində yaşadığı və öhdəsindən gələ bilmədiyi üçün gizlətdiyi zəiflik kompleksinin əsiridir. Daim ona qalib gəlməyə çalışır. Bunu etmək üçün isə özünü və davranışlarını şişirdərək təriflər yağdırır.  

Narsist, yalan danışar, hekayə uydurar. Amma ən böyük yalanı da özünədir. Özlərini dəyərli hiss etmək üçün başqalarını alçaltmağa çalışırlar. Əslində isə sevgi və qayğıya ac şəkildə böyüdükləri üçün daxili aləmlərindəki boşluqları doldurmağa cəhd edirlər. Narsizmi bəzi insanlar özünə inamla səhv salırlar.

Özünə inam nədir?

Özünə inamı olan insan isə özünü yaxşı tanıyan, duyğu və düşüncələrini idarə edə bilən insandır. Özünü və ətrafındakıları sevir, başqalarını əzmir, xor görmür. Ən yaxşısını özünün bildiyini düşünmür, səhvlərindən dərs alır və bir daha etməməyə cəhd göstərir.

Araşdırmalar göstərir ki, uşaqların özünə inamını artırmaq üçün digərlərindən daha yaxşı olduğunu deyil, sevildiyini hiss etməyə ehtiyacları vardır.  

Valideynlər uşaqlarının başqalarından daha üstün olduğunu düşünürlərsə, narsizmin təməlini formalaşdıran üstünlük fikrini yetişdirmiş olurlar. Lakin valideynlər onlara sevgi və təqdirlə yanaşsalar, uşaqlar dəyərli olduqlarını idrak edər, bu da özünə inamın formalaşmasına səbəb olar.

Övladını digərlərindən üstün görmək narsist bir uşaq yetişdirməyə səbəb olan tək davranış deyil. Burada təbii ki, genetik faktorlar da əsas rol oynayır.

Narsist bir uşaq yetişdirmək istəmirsinizsə aşağıdakılara diqqət yetirin!

            1.Uşaqlarınızı əsla xəta etməyəcəklərinə inandırmayın. Mükəmməllik şüuru formalaşdırmış olarsınız.

2. Üstün olduqlarını göstərmək üçün uşaqlarınızı onlardan zəif olanlarla müqayisə etməyin.

3. Onlara tənqid qəbul etməyən biri kimi nümunə olmayın. Çünki uşaqlar valideynləri təqlid edirlər.

4. Onları hər yerdə tərifləyərək və xətalarının üstünü örtərək olduqlarından daha üstün görünmələrinə səy göstərməyin.

5. Fərqli uşaqlar haqqında alçaldıcı sözlər danışaraq övladlarınızı hər zaman qəhrəman kimi təqdim etməyin.

Uşaqların arada bir yanlışlar etmələri pis bir şey deyil. Narahat olmağa, ya da utanmağa əsas yoxdur. Onlara heç kimin mükəmməl olmadığını anlatmaq yerinə, səhvlərini ört-basdır etsəniz, həyatları üçün vacib olan öyrənmə fürsətini əllərindən almış olarsınız.

Uşaqlar üçün xətaları ilə yaşamağı öyrəmək çox vacibdir və bu narsist uşaqlar üçün ən yaxşı dərmandır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)