Bir evin içinə iki "Mən" sığmaz

Həzrəti Cabir -radiyallahu anh- deyir:

"Allah Rəsulu -səllallahu əleyhi və səlləm-in qapısına getdim. Qapını döydüm.

- "Kimdir?"

- «Mən!»,- cavabını verdim.

Allah Rəsulu -səllallahu əleyhi və səlləm-, «mən» sözünü işlətdiyim üçün məndən razı olmadı" (Buxari, İstizan, 17).

Çünki "Mən!" sözündə bir növ qürur və əzəmət vardır.

Həzrət Mövlana bu hekayəni bu şəkildə izah edir:

"Ürəyi yanıq aşiq, yarın qapısını tıqqıldatdı. Ancaq «Kimsən?» sualına «Mənəm!» deyincə, yar:

- «Get! Sən gəlməyə hazır deyilsən!..  Belə mənəvi nemətlər olan yerdə xam ruhlara yer yoxdur!»,- dedi".

"O zavallı, qapıdan geri qayıtdı. Və bir il səfərdə olub yarın firaq (ayrılıq) və iştiyaq (güçlü istək, arzu) qığılcımı ilə alovlandı, yandı".

"O yanıq aşiq, yaxşıca bişərək geri qayıtdı. Yenidən yarın xanəsinə gəldi".

"Ağzından tərbiyəsiz bir söz çıxmasın deyə min bir narahatlıq, qorxu və ədəb ilə qapının halqasını yüngülcə vurdu".

"Yarı:

- «Qapıda olan kimdir?» - deyə səslənincə;

«-Ey könlümü almış olan! Qapıdakı da sənsən!»,- cavabını verdi".

Yarı da:

- «Madam ki, indi mənim kimisən, ey məndən ibarət olan! İçəri gir! Bir ev içinə iki "mən" sığmazdı»,- dedi".

Ardından əlavə etdi:

"-Ey nəfsini bir ildə məğlub edib tabe edən adam! Gəl, içəriyə gəl! Sən artıq bağçadakı tikanlar kimi gülün ziddi deyilsən! Sən indi güllərə şah olansan! Görünüşdəki ikiliyi buraxıb artıq mən olansan!"

Yenə Mövlana (q.s.) buyurur:

"Hər kim ki, Haqq qapısında «mən» və «biz» deyəcək olsa, o kimsə «Lə» (yəni rədd) vadisində  gəzib dolaşır deməkdir. Elə olanlar dost qapısından alınmazlar".

Düşünülməlidir ki, iynənin gözündən belə ucu şaxəli iplik girə bilməz. Bir ipliyin bütün lifi birləşməli və bir olmalıdır ki, iynə deşiyindən keçib vəzifəsini yerinə yetirə bilsin. Bir aşiqin də vüsal iynəsinin dəliyindən keçə bilməsi, hicran oduyla yanıb iplik kimi olmasıyla mümkündür.

İnsanın Allah yolunda ruhunu nazildib vüslat iynəsinin dəliyindən keçəcək qədər zərifləşməsi və nəfsanilikdən təmizlənib şəffaf və aydın bir hala gəlməsi, əlbəttə ki, asan deyil.

Lakin ilahi nemətə qərq olmaq üçün bu mənəvi hala çatmaq zərurəti vardır. Çünki ayəyi -kərimədə buyurulur:

“Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!” (əl-Əraf, 40)

Bu deməkdir ki, təkəbbür, qürur və mənlik iddiasında olanlar, Allah yolunda öz mənlik və nəfslərini əridib saf ruh olmadıqca, Allahın cənnətinə girməyə haqq qazana bilməzlər. Belələri ancaq şəriət hökmlərini və təriqət yollarını öyrənib, bir mürşidi-kamilin tərbiyəsində nəfs təzkiyəsi və qəlb təmizliyi ilə könüllərini şeytanın xüsusiyyəti olan mənlikdən təmizlədikləri vaxt onlara göylərin qapısı açılacaq.

İnsandakı nəfs və mənlik dəvəsi də ancaq eşq, yoxluq və «Lə» qılıncı ilə yonularaq, yəni heçlik halına çatdırılmaqla islah olar. Ancaq bundan sonra rəhmət və nemətlərə nail olmaq üçün zəruri olan imtahan iynəsinin əziyyətli halqasından müvəffəqiyyətlə keçə bilər.

Həzrəti Yunus Əmrə, Haqq yolunda "mənlik" duyğusuna yer olmadığını belə ifadə edir:

Sənin mən deməkliyin,

Manidə üsul deyil.

Biz qapı qullarına,

Çəp baxmaq yol deyil ...

Digər tərəfdən qul, könlündə və ruhunda parlayan nurun özündən zühur etdiyini zənn edərək aldanmamalı, bunun sırf bir mövhibə (vergi, ehsan) olaraq verilən ilahi bir nəsib olduğunun idrakı içində şükür etməlidir. Yoxsa belə bir lütf qarşısında qürura qapılaraq bu nurun özündən doğulduğunu sanmaq qədər böyük bir bədbəxtlik yoxdur. Bu şəkildə bir nəbi və ya vəlinin aydınlığından istifadə edib sonra da əldə etdikləri ilə mənlik iddiasına qalxanların aqibəti təkrar qaranlığa düçar olmaqdır. Bu hal insanı Allaha qul, Peyğəmbər -səllallahu əleyhi və səlləm-ə də ümmət olma şərəfindən fərsəx-fərsəx uzaqlaşdırar. İslam tarixi, Qarun hekayəsi kimi buna aid bir çox misallarla doludur.

Bunun üçündür ki, insan nemət deyil, onu göndərənə nəzər edib dəlalət çuxurlarına yuvarlanmamalıdır. Həzrət Mövlana beytlərində bu xüsusa belə diqqət çəkir:

"Bir çox xanə və karvansaray tərk etmək lazımdır ki, insan bir gün öz həqiqi məskəninə  çata bilsin!"

"Od içində qızdırılmış bir dəmirdəki qızartını ona aid sanma! Çünki o, atəşin ona müvəqqəti olaraq bir işıq və hərarət verməsindən ibarətdir".

"Əgər pəncərəni və evi işıqla aydınlanmış görürsənsə, sən onlara işıqlı demə, çünki onları aydınladan Günəşdir".

"Günəş, ondan əks edən işıqlarla parıldayıp öyünənlərə deyir ki: Ey anlayışsız məğrurlar! Bir az səbir edin, hələ mən bu dağın və ya bu dəryanın arxasına çatıb üfüqdən bir çəkilim, o zaman həqiqəti anlayarsınız".

"Həmçinin dərinin gözəllik və lətafəti də naz edib öyünür, amma bilsin ki, əsl qüdrət və qüvvət onun içində gizlənmiş olan ruha aiddir".

Bu həqiqəti dərk edib mənlikdən qurtula bilənlər, yəni nəfsin azğın pəncələrindən  xilas olaraq ölmədən əvvəl ölənlər, bu hallarının bir mükafatı olaraq cananda dirilirlər. Bu dirilikdə Cənabı-Haqq, onların görən gözü, eşidən qulağı, yeriyən ayağı və tutan əli olur. Qul bu mövqedə böyük bir vüslət halı yaşayar. Haqdan qeyrisinə nəzər etməz. Yunus Əmrə, vasılı-ilallah (Allaha qovuşmaq) olduqdan sonrakı halın onu necə məst etdiyini nə gözəl ifadə edir:

Canlar canını tapdım,

Bu canım yağma olsun!

Assı (qazanc) ziyandan keçdim,

Dükanım yağma olsun!

 

Mən mənliyimdən keçdim,

Gözüm hicabın açdım,

Dost vaslına çatdım,

Gümanım yağma olsun!

 

Yunus nə xoş demisən,

Balü-şəkər yemisən.

Ballar balını tapdım,

Pətəyim yağma olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)