Müsahibə - Fərqanə xanım Qasımova

“Bizim ailə” jurnalının bu aykı qonağı sevimlimiz, Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə xanım Qasımovadır.

Fərqanə xanım, dörd övlad böyüdən bir ana kimi sizinlə övladların düzgün yetişdirməsi mövzusunda danışmaq bizim üçün çox maraqlı olardı.

Fərqanə xanım, işinizdə, sənətinizdə bu qədər aktiv olmaqla yanaşı, 4 övlad böyüdürsünüz. Övladlarınızın tərbiyəsində çətinliklərlə qarşılaşmısınızmı?

Əvvəla onu deyim ki, uşaqlar əsasən 7 yaşına qədər yetişirlər. Biz də o illərdə gənc və təcrübəsiz olduğumuz üçün onlara qarşı davranışlarımızda bilmədən ciddi səhvlər edirik. Və onların xarakterləri artıq 7 yaşında formalaşmış olur. Sonra isə şikayət edirik ki, uşaqlarda bəzi xoşagəlməz xüsusiyyətlər var. Və öyrənirik ki, uşaqlarda müşahidə etdiyimiz bu halların səbəbkarı biz özümüzük. Ona görə də gənc xanımlar övladlarının ilk günlərindən onları düzgün şəkildə yetişdirməyə çalışmalıdırlar. Onlar da öz analarından bunları öyrənməlidirlər. Yaşlı nəsil, analar, nənələr gənc analara düzgün yol göstərməlidirlər. Kiçik yaşlarda onlara qazandıra biləcəyimiz gözəl xüsusiyyətlərin yerinə daim şiddət, qorxu ilə onların kiçik dünyalarını sarsıtmış oluruq. Gec də olsa hər valideyn gərək övladına qarşı etdiyi səhvləri düzəltməyə çalışsın. Səmimiyyətlə olunan davranışlar mütləq öz yerini tutacaq və işə yarayacaqdır.

 

Hazırda həddindən artıq diqqət və qayğı nəticəsində eqoist uşaqlar yetişir. Bu şəkildə yetişən uşaqlar, təbii ki, gələcəkdə cəmiyyət üçün ciddi problemlər yaradır. Siz övladlarınızın eqoist olmaması üçün hansı addımları atmısınız?

Özünü düşünmək, eqoistlik, bölüşə bilməmək, bəzən paxıllıq insan xislətinə aid xüsusiyyətlərdir. Bəzən tərbiyədən asılı olur, ya da yaradılışlarında artıq insanların xasiyyətləri belə olur. Mən öz ailəmdən misal gətirəcəyəm. Bir sıra ailələrdə əkizlərin bir-birinə bağlı, dəstək olduqlarını görürəm. Amma bizim üçüzlərdə bu xüsusiyyətlər yoxdur. Daim bir-birilərinə rəqib kimi davranırlar. Bunun səbəbkarı biz olmuşuq. Kiçik yaşlarından biz uşaqlara oyuncaqlar alarkən hər birinə ayrılıqda alırdıq. Bu da eqoizmi artıran səbəblərdəndir. Əslində isə 4 uşağa bir oyuncaq alınmalı idi. Bu zaman onlar həm paylaşmağı öyrənərlər, həm də birlikdə oynamağın həzzini dadarlar. 

Paylaşmağı öyrətmədiyimiz uşaqlar gələcəkdə də ciddi problemlər yaşayırlar. Bu xasiyyətlərin formalaşması deyil, dəf edilməsinə çalışmalıyıq.

 

Çalışan bir ana kimi övladlarınıza vaxt ayıra bilirsinizmi?

Övladlarıma sənətimdən daha çox vaxt ayırmağa çalışıram. Bəzən valideynlər uşaqlara diqqəti daha çox pul xərcləməkdə görür. Amma puldan da, işdən də daha önəmli olan onlarla birlikdə vaxt keçirməkdir.

Hazırda əksər ailələrdə analar işləyən xanımlardır. Və uşaqlarını gün ərzində sadəcə bir neçə saat görə bilirlər. Heç olmasa bu hallarda da analar uşaqları ilə olduğu vaxtı səmərəli keçirməlidirlər, onlara vaxt ayırıb hər gün yaxından maraqlanmalıdırlar. Uşaqları yemək və geyimlə yetişdirmək mümkün deyil. Onları ilmə-ilmə toxumaq gərəkdir.

Uşaqlar təklik hiss etməməlidirlər. Valideyn daim onun yanında olduğunu hiss etdirməlidir.

Sosial səhifələrin birində çox maraqlı bır video çarx izləmişdim. İşdən yorğun gələn atanın oğlu onunla oynamaq istədiyi zaman ata oğluna: “Oğlum bu pazlı düzəlt ondan sonra səninlə oynayaq”, - deyir. Bu pazl dünya xəritəsi idi. Ata düşünür ki, bu pazlı yığmaq üçün uşağa bir neçə saat lazım olacaq. Lakin uşaq təxminən 5-10 dəqiqə sonra geri qayıdaraq pazlın hazır olduğunu söylədikdə ata çox təəccüblənir və bunu belə qısa müddətdə necə hazırladığını soruşduğu zaman, uşaq: “Ata, pazlın arxasında insan şəkli var idi. Mən onu düzəldikcə dünya da düzəldi”,- cavabını verir. Həqiqətən,  dünyamızı düzəltmək istəyiriksə, ilk olaraq övladlarımızı gözəl yetişdirməliyik.

Biz övladlarımızı cəmiyyət üçün yetişdiririk, bəsləyirik daha sonra isə bir göyərçin kimi yuvamızdan uçuracağıq. Amma necə uçuracağıq bu çox önəmlidir. Biz təbiətdə olan heyvanlara diqqət yetirsək görərik ki, hər bir heyvan öz balasına kiçik vaxtlarından ovlamağı, qida tapmağı öyrədir və sonra təbiətin qoynuna buraxır. Lakin biz öz övladlarımızı çox sevdiyimizdən hər şeydən qorumaq niyyəti ilə onları yetişməkdən məhrum edirik.

Mən də həyatdan qazandığım təcrübələrə əsasən övladlarımı yetişdirməyə çalışıram. Məsələn, qızım mənə işləmək istədiyini söylədiyi zaman, mən ona icazə verdim, hətta bacısını da özü ilə aparmasını söylədim ki, o da yetişsin. İnsanlarla ünsiyyət qurmaq, özlərini sınamaq, ayaqda durmaq, yaşayışlarını təmin etmək üçün pul qazanmağa uşaqları təşviq etmək lazımdır. Mən oğluma da deyirəm: “Artıq sənin 14 yaşın var. Yay tətilini dəyərləndir, işlə, artıq həyata atılmağa hazırlan”.

 

Fərqanə xanım, övladlarınızla dostluq edə bilirsinizmi?

Psixoloqlar vurğulayır ki, uşaqlarınızla dost olun, onlar sözlərini problemlərini çöldə kimlərəsə deyil, sizə deyə bilsinlər. Uşaqlar valideynlərdən örnək götürür. Valideyn yalnız özünün davranışları ilə uşaqlarını tərbiyə edə bilər, danlamaqla, deyinməklə deyil. Əsas odur ki, övladlarımızla münasibətimizi elə qurmalıyıq ki, onlar başlarına gələnləri, dərdlərini bizə çəkinmədən deyə bilsinlər. Valideyn də onu danlamadan doğru yol göstərməlidir. Vay o gündən ki, uşaq valideynə yaxınlaşa bilməsin. Mən övladlarıma deyirəm ki, sizi dinləməyə hər zaman hazıram, ürəyinizdən keçənləri, etdiklərinizi mənimlə çəkinmədən paylaşın. Böyük qızımın 17 yaşı var. Mən deyərdim hər zaman o mənimlə tam açıq söhbət edir, məsləhət alır.

 

 

Fərqanə xanım, həm sənət, həm ailə bir qadın üçün çətin olmur ki?

Əlbəttə, bəzən ruh düşkünlüyü olur, bəzən enerji tükənir, yenə də Allaha şükürlər edirik. Çünki heç nə bizim idarəmizdən, iradəmizdən asılı deyil.

Bir gün bir psixoloqa müraciət etdim. Dedim ki, çox yorğunam mənə elə bir dərman verin ki, işimə davam edə bilim. Məni dinlədikdən sonra “Siz sahib olduğunuz bu gücü haradan alırsınız?”- dedi. Mən də “Gücü mənə yalnız Allah verir”,- dedim. Dedi, qızım, indiyə kimi necə etmisənsə, elə də davam et. Sənə heç bir dərman lazım deyil. Bu qədər işlərin öhdəsindən gəlirsənsə, sən çox yaxşısan, sənə heç bir şey lazım deyil. Nə qədər dedimsə mənə heç bir dərman yazmadı.

İnsan bilməlidir ki, hər bir işimiz Allahın əlindədir. Mən təsəvvür etmirdim ki, 4 övladım olacaq, sənətçi olacağam, səfərlərə gedəcəyəm. Bunların heç birini bilmirdim. Biz sadəcə icra edənik. Səfərə getdiyim zaman deyirəm “Ya Rəbbim, məni burda qoruyursan, övladlarımı evdə. Onlara əlim çatmasa da, bircə bilirəm ki, Sən onları qoruyursan. Onları mənim üçün, məni də onlar üçün qoruyursan”.

Təbii ki, ailəmin, övladlarımın da dəstəyi mənə enerji verir. Onlar mənim sənətimə dəyər verirlər, hörmət edirlər. Daim onların qayğısını, diqqətini görürəm. Məsələn, oğlum bacılarına bəzən xəbərdarlıq edərək ananı əsəbləşdirməyin, onun çıxışı var səsi tutula bilər. Ya da qızlarımın bir-birinə xəbərdarlıq edərək mənim qeydimə qaldıqlarını gördüyüm zaman mənə çox xoş təsir edir. Onların mənim səsimə, sənətimə hörmət etmələri mənə çox böyük dəstəkdir.

 

Fərqanə xanım, səmimi və gözəl söhbətiniz üçün sizə təşəkkür edirik. Ailənizdə və işlərinizdə sizə uğurlar arzu edirik. Son olaraq oxucularımıza nə demək istərdiniz?

Mən də “Bizim ailə” jurnalının heyətinə və əlbəttdə ki, sizə təşəkkürümü bildirirəm. Oxucularımıza demək istərdim ki, hər kəs analıq, atalıq, bacılıq münasibətlərində dürüst, səmimi olsunlar, ən əsası isə qəlbləri təmiz niyyətlə vursun. Həqiqətən, insanların təmiz niyyəti onları hər cür çətinlikdən üzü ağ çıxarar. Niyyətlərin səmimiliyi çox önəmlidir. Keçmişimizdə baş verən xoşagəlməz halları daim xatarlayaraq deyil, gələcəyə ümidlə baxaraq yaşamaq lazımdır. Hər yeni gün bizə təqdim olunun yeni bir səhifədir. Verilən hər günü gələcəyimizə sərmayə olaraq dəyərləndirək.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)