İnsan ruhu üçün: Üç əsas ehtiyac

İnsan bu dünyaya üç əsas ehtiyacla gəlir. Bunlar bədəni inkişafı təmin üçün qida, ruhi həyatın təkamülü üçün tərbiyə, zehnən və qəlbən tərəqqi üçün də elm ehtiyacıdır. Bunları qısaca belə açıqlaya bilərik:

1. QİDA EHTİYACI

İnsan varlıq aləminə addım atdığı andan etibarən qidaya möhtacdır. Qidasız yaşaya bilməz. Bu səbəblə doğumundan əvvəl göbək bağı vasitəsilə ananın qidasıyla qidalanır. Doğulduqdan sonra bir müddət ana südü ilə bəslənir. Burada ananın əhval-ruhiyyəsinin də qismən uşağa təsir etdiyini ifadə etmək lazımdır. Yəni bir ananın narkoman və ya musiqiçi olması övladına təsir edər. Daha sonra bu uşaq, hər biri Cənabi-Haqqın bir lütfü və ehsanı olan növbənöv qidalarla, nemətlərlə həyatını davam etdirər. Ancaq unudulmamalıdır ki:

Qidalanma ehtiyacı qarşılanarkən qidaların halal olması, insanın mənəvi istiqaməti üçün çox mühüm bir vəsilədir. Çünki halal olmayan, haram və şübhəli şeylərlə bəslənən adamda ibadət şövqü və qulluq eşqi olmur. Könül mənən kobudlaşıb duyğusuzlaşır. Təmayülləri nəfsani arzulara görə formalaşır. Beləcə, İslam əxlaqı və uca fəzilətlər sanki unudulur.

Yəni qulun mənəvi inkişafında halal qidanın çox mühüm bir rolu vardır. Çünki Cənabı-Haqq:

"Ey insanlar! Yer üzündəki qidaların halal və təmiz olanlarını yeyin ... " (əl-Bəqərə, 168) buyuraraq halal, təmiz və pak qidalar ilə qidalanmamızı əmr buyurur. Halal qazancın əhəmiyyətini bildirən bir neçə həqiqətin xülasəsi olaraq:

"İnsanın dindarlığı qidasının halallığı nisbətindədir",- deyilmişdir. Çünki insanın xarakteri üzərində dörd böyük faktor var. Bunlar:

1- Aldığı qidanın halallıq dərəcəsi.

2- Ana-atanın təsiri.

3-Təhsil aldığı məktəb və yetişdiyi cəmiyyət.

4- Məhəbbət bəslədiyi kəslərin mənəvi vəziyyəti.

Yəni məhəbbət bəslənən kimsə səhv yoldadırsa, sevən kimsəni də səhvə sövq edər. Əgər istiqamət üzrə isə onu da istiqamət üzrə olmağa istiqamətləndirər. Eynilə bunun kimi halal loğma insanı istiqamət üzrə olmağa yönləndirərkən, haram loğma da insanı Haqdan uzaqlaşdırar.

İndiki vaxtda şəhərləşmənin bir nəticəsi olaraq qida barəsində diqqət edilməsi lazım olan bir başqa xüsus da, yemək qoxusu ilə qonşuya əziyyət etməməkdir. Yenə kirayəyə verilən dükanlarda mənfi satışların olmamasına əhəmiyyət göstərmək də qazancın halallığı nöqtəsində diqqət edilməsi lazım olan bir zərurətdir.

2. MÜRƏBBE / TƏRBİYƏEDİCİ EHTİYACI:

  İnsan həyata aciz olaraq başlayır. Öz-özünə heç bir şey edə bilməz bir halda dünyaya addım atır. Bu səbəblə mütləq bir tərbiyəçiyə ehtiyacı vardır.

Bu vəziyyət böyüdüyündə yalnız xüsusiyyət dəyişdirir. Yəni doğulduğunda bədəni yöndən acizlik öndə ikən, böyüdüyündə qəlbi, fikri və iradi acizliyi önə çıxır. Bu səbəbdən mürəbbe ehtiyacı daha ciddi şəkildə özünü göstərir.

Çünki insana nəfs və ruh verilmiş, bir də bu dünyadakı imtahanlar səbəbiylə üzərinə iblis müsəllət edilmişdir. İnsandakı nəfs, digər məxluqatdakı nəfs ilə eynidir. Yəni tərbiyə edilməyə möhtac, xam bir haldadır.

Tərbiyə yolu ilə nəfs iblisə qarşı müqavimət göstərməli, iblisin gətirdiyi maneələri aradan qaldıracaq səviyyəyə gəlməlidir. Əgər tərbiyə edilməzsə, yəni İblisə və nəfsani istəklərə qarşıqoyma qüvvəti qazandırılmazsa, nəticə, dünyada da, axirətdə  də fəlakət olar.

Cənabı-Haqq insanın tərbiyəyə olan ehtiyacını qarşılamaq üzrə tarix boyunca peyğəmbərlər göndərmişdir. Onların vəzifələrini də ayəyi-kərimədə belə bəyan etmişdir:

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər” (Ali İmran, 164) Bu tərbiyənin ən son qayəsi insanı mərifətullaha hazırlamaqdır. Haram ilə bəslənən bədən də, tərbiyə görməmiş xam nəfs də, mərifətullahdan nəsib ala bilməz.

Bu səbəblə kəlməyi-tövhidin «la» ilə başlaması həqiqətində olduğu kimi, əvvəla nəfsani və şeytani duyğulardan təmizləyici bir tərbiyə zəruridir.

Halal qida və nəbəvi bir irşad ilə nəfs tərbiyəsindən sonra insanın üçüncü ehtiyacı isə ürək və zehinə istiqamətlidir. Ürək və zehinin qidası da haqq olan məlumatdır. Bu səbəblə insanın möhtac olduğu üçüncü xüsusiyyət:

3. BİLGİ EHTİYACI

İnsanlar bilgiyə ehtiyac duyma xüsusunda digər varlıqlardan bariz bir şəkildə fərqlidir. Digər məxluqatın elmə ehtiyacı yoxdur. Pişiklərin, yaxud quşların bizim anladığımız mənada elmə, təlimləri, öyrənməyə ehtiyacı olmaz. Çünki onlar həyatlarını Cənabı-Haqqın doğuşdan onlara lütf etdiyi sövqi-tabiilər (instinktlər) ilə davam etdirirlər.

 İnsan isə son nəfəsinə qədər elmə, öyrənmək və unutmamaq üçün təkrarlamağa möhtac yaradılmışdır. Çünki dünyaya gəliş bir imtahandır və bu imtahanın nəticəsində isə ya Cənnət, ya da Cəhənnəm vardır.

Bu səbəbdən ömür boyu zərərli olanı tərk etmək, faydalı olanı da seçə bilmək və yaşaya bilmək üçün insanın elmə ehtiyacı vardır. Cəhənnəmdən qurtaracaq, Cənnətə çatdıracaq yolları öyrənməyə ehtiyacı vardır.

Ayəyi-kərimədə bildirildiyi üzrə yaradılışın qayəsi qulluqdur. Həyatın hədəfi Haqqı tanıya bilmək, qəlbən Allaha yaxınlaşa bilməkdir

Məsələn, bir kimsə həkim olmaq istədiyi zaman tibb fakültəsini, mühəndis olmaq istədiyində isə mühəndislik fakültəsini oxumağa yönələr. O elmin incəliklərini öyrənmək məqsədiylə, bu elm  barədə məlumat sahibi olan kəslərin arxasınca qaçar, öyrənmək üçün səy göstərər.

Lakin Rəbbimiz qullarına olan sonsuz sevgisi, ehsan və ikramı səbəbi ilə qulluq təhsilini etdirmək və mərifətullahdan nəsib ala bilməsini təmin etmək üçün insanoğluna kitablar və peyğəmbərlər göndərmişdir. Bundan başqa bu peyğəmbərlər ümmətləri üçün ən gözəl bir nümunə olmuş, hər hansı bir ödəniş tələb etmədən bütün səylərini insanoğlunun irşadı üçün sərf etmişlər.

Bu nəbəvi tərbiyədən uzaq qalaraq kainatdakı ilahi qüdrət və əzəmət təcəllilərinə kor kəsilən, "dünyaya gələnin haradan və nə üçün gəldiyini, dünyadan gedənin də nə səbəbə və hara getdiyini" bilməyən, beşikdən tənəşirə (üzərində ölü yuyulan ayaqlı taxta), nəhayət, qəbir aləmindəki məchullara bir xəzan yarpağı kimi şüursuzca sovrulan bir insanın vəziyyəti çox kədərlidir!..

Yaradıcısı və Rəbbi olan Allahın hüzurunda heçliyini dərk edə bilməyən və şükür hissiyyatı ilə səcdəyə bağlanmayan bir ürəyin qiyməti və insanlıq ləyaqəti nə ola bilər?!.

Yunus Əmrə nə gözəl buyurmuşdur:

Elm elm bilməkdir,

Elm özün bilməkdir,

Sən özünü bilməzsən,

Bu necə oxumaqdır?

İnsan ağlı fənn elmlər deyilən, yəni laboratoriya müşahidələri ilə isbatlana bilən fizika, kimya, tibb, biologiya və s. kimi elmləri öyrənə bilər. Lakin bu məlumatlar ikitərəfli bir bıçaq kimidir. Fərz edək hüquq təhsili görən bir kimsə, haqq və ədaləti bərpa edəcəyi yerdə bir cəllad; tibb təhsili almış bir kimsə də şəfa paylayacağı yerdə bir insan qəssabına çevrilə bilər. Ya da bir inşaat mühəndisi insanlara ev inşa edəcəyi zaman, materialı az istifadə etdiyi üçün onlara kiçik bir zəlzələdə yerlə bir olan məzar otaqları hazırlamış olar. Bu səbəbdən ağlın haqqa və xeyirə istiqamətləndirilməsi ancaq vəhyin daxilində nəbəvi bir tərbiyədən keçməsiylə mümkündür.

Unudulmamalıdır ki, fani günlərin həyat qeydləri əbədiyyət məhkəməsinin hüquqi fayllarıdır. Məchullara çevrilmiş həyat yolçusunun dinclik və səadət qapısı ancaq nəbəvi tərbiyədən nəsib ala bilməklə açıla bilər.

İnsan qida və tərbiyə ehtiyacını aradan qaldırmaq üçün necə başda ana-atası olmaqla digər insanlardan istifadə edirsə, həqiqi elmi təhsildə də vəzifə ana-ataya, müəllimlərə, alimlərə və cəmiyyətə düşər. Lakin xüsusilə fitnə və fəsadın çoxaldığı indiki vaxtda təqva əhli saleh alimlərdən istifadə etməyə səy göstərmək böyük bir əhəmiyyət kəsb edir. Necə ki, Rəsulullah (s.ə.s.) Abdullah ibn Ömərin (r.a.) şəxsində qiyamətə qədər gələcək bütün ümmətinə bu barədə həssaslıq göstərmələrinin zəruriliyini bu şəkildə əmr buyurmuşdur:

-"Ey İbni Ömər! Dininə yaxşı sarıl, dininə yaxşı sarıl! Çünki o sənin həm ətin, həm qanındır. Dinini kimdən öyrəndiyinə yaxşı diqqət et! Dini elmləri və hökmləri, istiqamət əhli alimlərdən öyrən, istiqamətdən azanlardan öyrənmə!" (Xatib əl-Bağdadi, əl-Kifayi fi-İlmir-Riva, s. 121)

Bu səbəbdən nəsli yetişdirmə məsuliyyətinə laqeyd yanaşılarsa, aqibət qəmli olur. Övladlarımız dinlərinə, mədəniyyətlərinə yad olur, mənən xarici yerlərin övladı və nəsli olurlar. Geriyə qalan bioloji quruluş da heç bir şey ifadə etməz hala gəlir. Qiyamət günü isə üxrəvi təhsilinə laqeyd yanaşılmış övladlar ana-atalarından şikayətçi olacaq.

Övladlar nə etsə, ana-atalarının haqlarını ödəyə bilməz, amma ana-atalar o ciyərparələrini  Cənabı-Haqqın yoluna deyil, başqa tərəflərə sövq etmişlərsə, gələcəyi  fanilərin verəcəyi kağız parçalarında axtarmışlarsa, Allahın vəd etdiyi gələcəyi də ikinci plana atmışlarsa, aqibət ziyan olmuşdur.  Çünki bu vəziyyətdə övladlar məhşər meydanında ana-atalarının yaxasına yapışacaq, öz valideynlərindən şikayətçi olacaqlar.

Bu gerçəyin mühasibliyini bu gün etmək məcburiyyətindəyik. Çünki;

Qiyamət günü fəryadlar fayda verməz.

Bu səbəbdən bu gün ən böyük hədəfimiz kamil insan yetişdirə bilmək və arxamızdan xarakter və şəxsiyyət mirası qoya bilmək olmalıdır.

Bu vəsilələrlə;

• Qazancımızın halallığına diqqət göstərməliyik.

• Özümüzü və övladlarımızı kimin və kimlərin tərbiyə etdiyinə diqqət etməliyik.

• Həqiqi elmə və təhsilə talib olmalıyıq.

Xülasə;

Əbədi gerçəyi indidən görməli, bu gün övladlarımızı öyrətmək üçün gecə-gündüz tər tökməliyik. Xüsusilə Quran təhsilinə, uşaqlarımızın Allah kəlamının və sünnəyi-səniyyənin ülvi toxumasından hissələr ala bilməsinə səy göstərməliyik. Övladlarımızın gözəl bir gələcəyə sahib olmalarını istəyiriksə, onları saleh və salehə kəslər olaraq yetişdirməliyik. Bunun üçün ilk şərtin, əvvəla, öz xarakter və şəxsiyyətimizi Quran və Sünnə istiqamətində inşa etmək olduğunu da əsla unutmamalıyıq. Çünki Rəsulullah (s.ə.s.) bizlərə iki əmanət buraxmışdır: "Quran və Sünnə". Bunlara olan rəğbətimiz də bizim Peyğəmbərimizə olan yaxınlığımızın ən bariz bir göstəricisidir.

Cənabı-Haqq şəxsiyyətimizi Quran və Həzrəti Peyğəmbər əxlaqı ilə inşa etməyə cümləmizi müvəffəq etsin. Fayda verən elmlərlə bizləri şüurlandırsın. Amin!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)