Mübariz ruhlu şairə - Mədinə Gülgün

Mədinə Gülgünün şeirləri haqqında fikir söyləmək üçün ömrü mübarizələr burulğanında keçən bu istedadlı zəka sahibinin həyat və yaradıcılıq dünyasına yaxından bələd olmağa ehtiyac duyulur. Şairənin yaradıcılığı ilə tanış olduqca belə qənaətə gəlirsən ki, onun şeirləri həyat və mübarizə yolunun ayrılmaz bir parçasıdır. Mədinə Gülgünün şeirləri mövzu baxımından müxtəlif və rəngarəngdir. İkiyə parçalanmış Azərbaycan xalqını düşündürən, narahat edən ən mühüm məsələlər onun şeirlərində bütün yönlərilə bədii əksini tapmışdır. Müəllifin şeirlərində ayrılıq, vüsal həsrəti, vətən nisgili dərin, inandırıcı boyalarla ifadə olunmuşdur. Bu ordan qaynaqlanır ki, şairə ayrılıq faciəsini sadəcə bir çoxları kimi uzaqdan-uzağa duymamış, ömründə, taleyində yaşamışdır.

Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur... Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb və fars dilini öyrənir. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitirmişdir.

Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuşdur, xüsusən Aşıq Ələsgəri, M.Ə.Sabiri və Natəvanı sevərək mütaliə etmşdir. O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda iştirak edir, bəzən göstərilən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edirdi. Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlamışdır. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. Mədinə Gülgünün "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görmüşdür. Bu kitabda 1945-1949-cu illər ərzində yazdığı şeirlər toplanmışdır. Mədinə Gülgünün ilk yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirlərində nəzərə çarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi. Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də əsasən buradan irəli gəlirdi. Mədinə Gülgünün poeziyasının ağır sınaqlarla dolu olan yollarında ilk addımlarını atdığı gündən onun lirikasının ötdüyü nəğmələrin baş ahəngini xalqa, doğma vətənə övlad məhəbbəti, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış nidalarını başlıca motivlərini təşkil etmişdir.

Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Şairin Bakıda və Moskvada "Təbrizin baharı" (1950), Savalanın ətəklərində (1950); Sülhün səsi (1951); Yadigar üzük (1953); Təbriz qızı (1956); Firudin (poema) (1963); Dünyamızın sabahı (1974); Durnalar qayıdanda (1983); Dünya şirin dünyadır (1989) "Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni" (1978), "Könlümü ümidlər yaşadır" və onlarca digər şeir kitabı dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirlərinə mahnılar bəstələnmişdir.

O, bir sıra fəxri adlara layiq görülmüşdür. Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

 

Yer üzündə bir evim var

 

Yer üzündə bir evim var,

Pəncərəsi günəşə.

Nəğmə deyib, quşlar qonar,

Pəncərəmə həmişə.

Yer üzündə bir evim var,

Min zəhmətlə qurmuşam.

Ordan iki körpə qartal

Böyüdüb uçurmuşam.

Yer üzündə bir evim var,

Ocağı daim yanar.

Onun sönməz şöləsindən

Ürəyim işıqlanar.

Yer üzündə bir evim var,

Xatirələr məskənim.

İlqarında düz olana

Açıqdır qapım mənim.

Yer üzündə bir evim var,

Orda neçə illərdir,

Taleyi bir, arzusu bir

İki şair ömr edir.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)