Nemətlərdən istifadə edərkən həddi aşma!

“İsraf” sözü, adətən, mal və sərvət kimi maddi imkanlar haqqında istifadə edilsə də, bu onun ilk ağla gələn, məhdudlaşmış mənasıdır. Halbuki israf insanın həddi aşdığı bütün məsələləri əhatə edən geniş mənanı ifadə edir. Buna görə qulun -hər nə barədə olursa olsun- Allahın qoyduğu ilahi hüdudların xaricinə çıxması da israfdır. Yəni o neməti boşa xərcləyərək ziyan etməkdir.

Necə ki, maddi əmanətlərin israfı dinimizdə qadağan edilib, bunlarla birlikdə mənəvi qiyməti olan etiqad, ibadət, elm, əxlaq, zaman və ağıl kimi nemətlərin istifadəsində həddi aşmaq da qadağan edilib, hətta bunlar daha təhlükəli bir itki olaraq görülür. Çünki bu davranışlar gəlib-keçən dünyəvi zövqlər uğruna əbədi səadəti qəflət içərisində israf və ziyan etməkdir.

**

Bu dövrdə bəlkə də ən çox “israf” məsələsinə diqqət yetirməliyik. Çünki bu gün iman, etiqad və ibadətdə, zamanda, elmdə, əxlaqi məsələlərdə, təfəkkürdə, məişət təmini və infaqda, sağlıqda və yemək-içməkdə israf  hədsizdir. 
            İsrafın  hər növü digərindən betərdir. Lakin ən faciəvi israf  “insan israfıdır”. İnsan israfı dövrümüzün ayrı bir dərd və iztirabıdır.

**

Həddindən artıq istehlak, lüks və israf səhabə cəmiyyətinin tanımadığı bir həyat tərzi idi. Kifayət miqdarı bir ruzi ilə dolanıb ehtiyacdan artığını infaq etmək, heç kimə möhtac olmamaq üçün işləyib məzlumların və möhtacların köməyinə qaçmaq mömin könüllərdə böyük bir zövq və ləzzət halında idi.

**

Allahın lütf etdiyi nemətləri istifadə edərkən, ilahi əmr və nəhy ölçülərini gözardı etməmək məcburiyyətindəyik. Halalın hesabı, haramın da əzabı olduğunu unutmamalıyıq. Haramlardan çəkindiyimiz qədər, halal nemətləri istifadə edərkən “israf” sərhəddini aşaraq, başqa bir harama düşməkdən də çəkinməliyik. Çünki nemətlərin istifadəsində həddi aşaraq, ilahi ölçülərə hörmətsizlik mənasına gələn israf, Cənabı-Haqqın lütf və bəxş etdiklərinə qarşı böyük bir nankorluqdur. 
           Şükrə zidd bir davranış olan israf, Allahın verdiyi neməti xor görməkdir, pis yolda istifadə etməkdir. Ayədə bu barədə acı bir xəbərdarlıq olaraq:

“...Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (Əl-İsra, 26-27) – buyurulur.

**

İstehlak etdiyimiz dünyalıq nemətlər şəxsi və ailəvi məişətimiz üçündür. Lakin israfdan çəkinmək zəruridir. Çünki dünyadakı sərvət və imkanlar məhduddur. Əmanətdir və hesabı verilməlidir. Bunların bugünkü kapitalist nizamdaki kimi kobud şəkildə istifadə edilməsi, gələcək nəsillərin həyatını təhlükəyə atır. Canlı varlıqlar içində yalnız insandır ki, gözü asan doymur. Halbuki bir qoyun sürüsünə hücum edən vəhşi bir heyvan, yalnız o anki doymağını təmin edəcək qədər heyvan öldürür. “Bunu da sabah yeyərəm!” - deyərək, doyduqdan sonra yenə də öldürməyə davam etmir. Sürünün digər qoyunlarıyla sanki dost olur. Bunun qarşılığında isə insanoğlu həddi-hüdudu olmayan ehtiras sahibidir. Onu bu ehtirasından xilas etməyin birinci şərti, ruzinin artıb-əskilməyəcəyi inancı ilə bərabər, israfdan çəkindirməkdir.

**

Ailədə səadətin təmin edilməsi, şübhəsiz, yaxşı bir atanın yetkin idarəsinə əsaslanır. Lakin bir atadan gücündən və qazancından artıq şeylər gözləmək ana və uşaq üçün haqq deyil. Kişinin vəzifəsi israfa tərəf getmədən və lazım olandan aşağı düşmədən, orta hesabla qida və dolanışığı təmin etməkdir. Kişi varlı olsa belə israfdan qorunmaqla mükəlləfdir. Çünki mülk Allaha aid olduğu üçün insana yalnız bir əmanət olaraq verilmişdir. İnsan bu düşüncə ​​ilə hərəkət etməzsə, israfın ağır məsuliyyətini belinə yükləmiş olar. Burada insan qarnının bir təhlükə qazanı olduğunu unutmamaq lazımdır. Onun partlaması maddi və mənəvi həlakdır.

            **

Əvvəllər toylar və sünnətlər məscid və bağçalarda keçirilər, mövludlar, Qurani-Kərimlər oxunardı. Varlı-kasıb ayırd edilmədən dəvət edilər, ikramların ardınca dualar edilərdi.

“Amin, amin!” nidaları, ruhların hüzur qaynağı olardı. Yoxsullar və qəriblər xüsusilə dəvət olunar, dünya və axirət səadəti üçün onların duaları alınardı. Çünki; “Zənginlərin dəvət edilib, kasıbların çağırılmadığı bir toy yeməyi nə pis bir yeməkdir” (Buxari, Nikah, 72) nəbəvi xəbərdarlığına ciddi riayət edilirdi. Beləcə, feyz və ruhaniyyət dolu, hüzur bəxş edən məclislər olurdu.

İndiki vaxtda isə bir az imkanı olanların çoxu, israfa söykənən bir güc nümayiş etdirmək üçün, toy və ya sünnət mərasimlərini çoxulduzlu otellər və ya lüks restoranlar kimi, sanki kasıblara qadağan olan yerlərdə təşkil etməyə başlayıblar. Bu toylarda da müəyyən elit bir qrup dəvət edilərək, çox yeməyə təşviq edən açıq bufet üsulu ilə yeməklər verilir, boş və mənasız mövzulardan söhbət edilir. Hətta bəzi toylarda və sünnətlərdə qəti bir haram olan içki, sanki o vaxta məxsus bir sərbəstlik varmış kimi dərin bir qəflətlə istifədə edilir. Neçə dindar kimi bilinən, namaz qılan, həccə gedən ana-atalar, övladlarının içkili, rəqqasəli və qeyri-islami davranışlarla dolu mərasimlərinə göz yumaraq, inanclarıyla təzad yaşayırlar.

**

Rəbbimiz gündəlik həyatımızdakı yemək-içmək, geyinmək kimi ehtiyaclarımızdan, mənəvi həyatımıza aid məsələlərə qədər bütün sahələrdə israf və xəsisliyi qadağan edib, orta yolu tutmağı əmr etmişdir. Buna görə hər mömin bu iki zidd nöqtə arasında müvazinət nümunəsi bir həyat yaşamaq məcburiyyətindədir. Çünki maddi və mənəvi bütün nemətlərin istifadəsində ilahi ölçülərə riayət edilmədiyi təqdirdə, insan israf və ya xəsislik xəstəliklərindən birinə düşməkdən xilas ola bilməz.

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)