Batkənin simvolu-Aygül gülü

Qırğızıstan dünyanın təbii gözəlliklərə sahib ölkələrdən biridir. Yamyaşıl dağları, zəngin çay və gölləri ilə gözqamaşdırıcı gözəlliyə malikdir. Qırğızıstana gəldikdən sonra dünyada nadir gözəlliklərdən birinə də sahib olduğunu eşitdik. Yalnız Əfqanıstan və Qırğızıstanda yetişən Aygül gülünün (Edward Petilium) Batkən bölgəsində açdığını öyrəndik. Qırğızlar bu çiçəyə “ay işığından açan çiçək” mənasını verən Aygül adını vermişlər.

Allah-Təala ayədə buyurur: “(Ya Rəsulum!) De: “Yer üzünü gəzib (Allahın) məxluqatı (ilk əvvəldən) nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!” Yaradılanlardan ibrət almaq və Allah-Təalanın kevni bir ayəsi olan Aygül gülünü görmək üçün Qırğızıstanın Batkən şəhərinə doğru səfərə çıxdıq.

Batkən Qırğızıstanın cənub-qərbində, Fərqanə dərəsinin cənubunda yerləşən, 12.000 əhalisi olan, dağların arasında yerləşən kiçik bir şəhərdir. Batkənə yaxınlaşarkən yol boyu ərik ağacları ziyarətçiləri salamlayır. Batkən əriyi ilə məşhur bir şəhərdir. Hətta başqa bölgələrdə yaşayan qırğızlar batkənlilər üçün “Batkənlilər yuxularında örük, örük, örük (ərik) deyə sayıqlayırlar” - deyərək, zarafat edirlər.

Batkən şəhərinə girəndə sanki 1999-ci ilə geri döndüm. Kiçik küçələri, divarların içində təkmərtəbəli evləri ilə ilk qürbət dayanacağım olan Ağdaş şəhərinə gəlmiş kimi hiss etdim. Şəhər mənə çox isti gəldi.

Məkanlar insana təsir edir. Batkən Fərqanə vadisində yerləşdiyi üçün böyük alimlər tarix boyu bu bölgələrdən çıxmışdır. Qırğızıstanın indiki məşhur alim, hafizləri də bu bölgənin sakinlərindəndir. Yol bələdçisi Səltənət müəllim Türkiyədə bir müddət qaldığı üçün “Türkiyədən olan insanlar Batkənin xalqını Konya şəhərinin xalqına bənzədir. Hər iki şəhərin insanı elmə düşkün, həmçinin yumşaq xasiyyətlidir” - dedi. Həqiqətən, Qırğızıstanın həm şimalında, həm də cənubunda olmuş biri olaraq iki bölgədə yaşayan insanların fərqini anlamaq çətin olmur. Buna şəxsən qonaq olduğumuz ev sahiblərində də şahid olduq.
Ev xalqı çox həlim, qonaqpərvər, böyüyündən kiçiyinə qədər Quran aşiqi, özlərini ailəlikcə xidmətə həsr etmiş insanlardır. Ailənin beş qız, bir oğlan olmaqla altı uşağı var. Ata könülləri fəth edən bir imam olmuş, cavan yaşda vəfat etməsinə baxmayaraq, uşaqlarına Quran eşqini aşılamışdır. Ana Quran kursunda müəllimdir. Altı uşağı ilə Qurana xidmət edən bir ailədir. Evin həyətinə daxil olan andan etibarən mənəvi bir hava insanı bürüyür. Üç gün ərzində danışdığımız sözləri düşündükdə ağızdan Allah kəlamından başqa bir şey çıxmadığının fərqinə vardım. Deməli, salehlərlə birlikdə olmaq öz təsirini qısa müddətdə belə göstərirmiş.

O qədər qonaqpərvərdirlər ki, insan bu hörmət qarşısında əzilir. Hətta evin xanımı belə bir şey danışdı: “Əvvəldən nənələrimiz küçəyə su daşımaq üçün belə çıxsalar özləri ilə bir çörək və qaymaq götürüb çıxardılar. Yolda bir yolçu görsəm ikram etməmək yaxşı olmaz deyərdilər, indi isə insanlar xəsisləşib”. Bunları eşidəndə “Batkənlilərin xəsis halı budursa, görəsən, o comərd nənələr necə idi”, - deyə, xəyal belə edə bilmədim.

Səfərimizin ikinci günü Aygül gülünü görmək üçün Batkənə yarım saat uzaqlıqda olan Aygüldaş dağına doğru yola çıxdıq. Qırğızıstanın başqa şəhərləri baharın verdiyi gözəlliklərlə yamyaşıl ikən, Batkənin dağlarındakı yaşıllı   qlar saralmağa başlamışdı, bunun səbəbi isə dağların altında qızıl, neft, qaz kimi yeraltı sərvətlərin çox olmasıdır, dedilər. Batkənin mənası özbəkcə “şamaldın kəni”, yəni “küləyin qaynağı” mənasına gəlsə də, faydalı qazıntıların qaynağı demək imiş.
 

Nəhayət, Aygüldaş dağına çatdıq. Orada izdiham var idi. Aygül gülü aprelin ortasından başlayıb üç həftə ərzində qısa bir müddət gül açdığı üçün ölkə daxilindən və xaricindən insanlar bu narin gülü görməyə gəlmişdilər. Gülü görmək üçün dağın təpəsinə çıxmaq lazımdır. Yaşlı-gənc, tələbə-təqaüdçü - hər kəs özünə bir cığır tapıb çıxmağa çalışırdı. Çıxarkən istirahət üçün bəzi yerlərdə çardaqlar düzəldiblər. Bəzi çardaqlarda orta yaşlı bir qrup oturub, qramafon çalıb qırğızca mahnılar söyləyirdi. Bir qrup tələbə dağın bir yerində yerə oturub gitara çalıb, dincəlirdi. Digər gənclər isə əllərindəki telefonlarda qoyduqları musiqi ilə enerji yığıb dırmanırdılar. Dağlar tarix boyu ucalığın simvolu olmuşdur. Tanrıya ən yaxın yer olaraq qəbul edilmiş, bu səbəbdən ibadət yerləri yüksək yerlərə inşa edilmişdir. Orta Asiyada cənazələr yüksək yerlərə dəfn edilmişdir. Qırğızıstanda bu inanc hələ də davam etdiyi üçün qəbiristanlıqlar yüksək təpələrdədir.

Dağa çıxdıqca yüksəklik hissi Yaradanın böyüklüyünü hiss etdirdiyi üçün Peyğəmbər (s.ə.s.) yüksəyə çıxdıqda təkbir, endikdə Allah-Təalanın nöqsan sifətlərdən münəzzəh olduğunu düşünüb, zikr edərmiş. Abdullah ibn Ömər: “Nəbi (s.ə.s.) ilə əsgərləri təpələrə çıxdıqda “Allahu Əkbər” deyər, aşağı endikdə də “Sübhanallah” deyə zikr edərdilər” (Əbu Davud, Cihad 72) - demişdir. Musiqi sədaları ilə çıxılan bir dağda insan Yaradanın ucalığını hiss edə bilərmi? Özünü Allah Təalaya nə qədər yaxın hiss edə bilər? Musiqi dinləyərək çıxılan bir dağ gəzintisi təfəkkürdən uzaq, yalnız turistik bir səyahət olar.

Dağa çıxarkən kənarlarda çox gözəl, kiçik çiçəklər açmışdı, amma heç kim onlarla maraqlanmırdı. Hər kəs hədəfə kilidlənmiş, gedirdi. Deməli, məqsədə doğru gedərkən, yol kənarında dayananlara fikir vermədikdə, hədəfə daha tez çatırsan.

Nəhayət, çətinliklə qalxdıqdan sonra Aygül gülünə çatdıq. Qırğız gəlinlər kimi sanki başını aşağı əyib bizi salamlayırdı (Qırğızlarda yeni gəlinlər böyüklərinə hörmət əlaməti olaraq əyilərək salamlayırlar). Aygül gülü təxminən bir metr hündürlüyündədir, zirvələrdə iki metrə qədər çatdığı deyilir. Narıncı rəngdədir. Tərsinə lalə kimi başını aşağıya çevirmiş. Onsuz da Türkiyədəki adı tərs lalə və ya ağlayan gəlindir. Araşdırmalarım nəticəsində öyrəndim ki, Türkiyədə də Hakkari bölgəsində yetişir. Amma Hakkaridə yetişən ağlayan gəlin və ya tərs lalə çiçəyinin soğanağı əkildikdə baharda dərhal çiçək açır. Qırğızıstandakı Aygül gülü ilə nə qədər bənzəsə də aralarında fərq var. Çünki Aygül gülü laboratoriyada tədqiq olunduqda görünür ki, torpağa əkildikdən yeddi il sonra gün üzünə çıxıb, çiçək açır. Və hər il gül sayı artır. Buna görə də, gülün yaşını hesablamaq asandır. Biz 2 yaşında və 11-12 yaşlarında Aygül güllərini gördük. 31 yaşında gül görənlər belə olubmuş. Bundan əlavə, Aygül gülü endemik olduğu üçün öz bölgəsindən başqa bir yerə əkildikdə yetişməyən bir güldür. SSRİ rəhbərliyi tərəfindən 1978-ci ildə Qırmızı kitaba salınaraq qorunmağa başlanmışdır. SSRİ vaxtında bitki sahəsi 250 hektar olan ərazidə yetişirdi, lakin indi sadəcə 6 hektar sahədə bitir. Dövlətin aldığı tədbirlər gülü qorumağa kifayət etmir, ziyarətçilər tərəfindən çiçək qoparılaraq yetişməsinə imkan verilmir. Çoxaltmaq məqsədilə Aygüldaş yaylasının beş il bağlanılacağı deyilir.

Aygül gülü Qırğızlar tərəfindən müqəddəs hesab edilir. Bundan əlavə, xalq arasında çiçəyin belə bir hekayəsi vardır:

“Bir vaxtlar varlı bir adamın Aygül adlı qızının Kozu Ulan adında bir sevgilisi var imiş. Kozu Ulan xalq arasında cəsur biri olaraq tanınırmış. Qohumların və atasının razılığını alan Aygül ilə Kozu Ulanın nikahı kəsilir. Gənclərin evlilik vaxtı çatdıqda düşmən birliklər bölgə xalqına hücum edir. Düşmənlərə qarşı çıxan Kozu Ulan həyatını itirir. Düşmən qarşısında zəfər qazanan atlılar, Kozu Ulanın ürəyini Aygülə verir. Gözəl Aygül yoldaşının ölümünü qəbul edə bilmir, onun ürəyini alaraq çıxdığı qayalığın təpəsindən özünü aşağıya buraxır. Aygül gəlinin qanı ətrafa sıçrayır. Qanının dəydiyi hər yerdən bir gül çıxır. Xalq da bu çiçəyə Aygül adını verir”.

Aygül gülü nə qədər gerçək və gözəl olsa da, üç həftəlik qısa ömrü ilə bir fani olduğunu səssiz bir şəkildə dilləndirir. Hər kəs fani olan Aygül gülünün şəklini çəkərək (müasir zamanın dilində) ölümsüzləşdirirdi. Əslində şəkli çəkənlər də, çəkdikləri fotoşəkillərin fani olduğunu bilirdilər. Hələ hər şeyin olduğu kimi fotoşəkillərin də kəsrət olduğu digital bir əsrdə hansı fotoşəkil ölümsüz ola bilər ki?!

Körüşkönçö jakşı kal (görüşənədək, salamat qal) deyərək vidalaşdığımız Batkən şəhəri arxamızda qalsa da, qəlbimizdə qonaqpərvərliyi ilə, insanlarının hərarəti, gülünün gözəlliyi ilə xoş bir xatirə olaraq yer açdı.

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)