Həyatı gözəl görmək

“Hamı eyni baxır, lakin hər kəs fərqli görür...”

Yəqin ki, yuxarıda qeyd olunan qəlibləşmiş ifadəni eşitməmiş olmazsınız. Hər nə qədər eyni baxmış olsaq da, bəzilərimiz həyatı daha rəngarəng, canlı görərək özümüzü xoşbəxt etməyi bacarırıq. Nə qədər xoş görməyi bacarırıqsa, yaşamımız bir o qədər rahat olur.

Bir çoxlarımız bizə öyrədilən boş xəyallara görə xoşbəxt ola bilmirik. Məsələn, qlobal problemə çevirdiyimiz “varlanmaq ehtirası”mız və digər xəyallar.  

“Əgər pulun azdırsa, hər nə yolla olur olsun varlı ol!” və ya “Varlısansa ağlın olsun pulunu özünə xərclə, evlərin, villaların, maşınların çox olsun” və s.  Sözsüz ki, pul insanın yaşamını təmin etməsi üçün başlıca faktorlardandır. Amma ona həris olub yalnız özümüzə xərcləməklə, ehtiyacı olanlara əl tutmamaqla, bir sözlə sərgilədiyimiz bu cür “insanlıq performansımız” ilə yüksələ bilmərik. Pulla xoşbəxtlik olur, tək bir şərtlə! Əgər onu başqalarının xoşbəxtliyinə xərcləyirsənsə. Gəlin, test edilmiş bir araşdırmanı nəzərdən keçirək.

Bir universitetə gedib tələbələrə 5 – 20 $ arası pul verirlər. “Bu pulu istədiyiniz kimi xərcləyin”,- deyirlər. Kimisi gedib bəyəndiyi aksessuarı və ya ehtiyacı olan nəyisə alır. Kimisi də pulunu bir ehtiyac sahibinə bağışlayır. Daha sonra xoşbəxtlik səviyyələrini ölçdükdə pulu başqasına verənlərin daha çox xoşbəxt olduqları ortaya çıxır. “Hardvard Business School”un 630 nəfər üzərində həyata keçirdiyi bu araşdırma göstərir ki, insanın xoşbəxtliyi nə qədər pul qazandığına deyil, onu necə (nə məqsədlə, harada, nəyə) xərclədiyinə bağlıdır.

Göründüyü kimi həyatımızı gözəlləşdirmək bizim öz əlimizdədir. Başımıza gələn hər hadisəyə “qədərdir, qismətdir” aspektindən yanaşaraq müxtəlif donlar geyindirməklə özümüzə haqsız yerə haqq qazandırmaqdan başqa bir şey əldə edə bilmirik. Unutmamaq lazımdır ki, Allah hər kəsin qədərini göstərdiyi səyə uyğun nizamlayır.

Ya da başqa bir yol –  “Dünya pisdir” sindromunun qurbanı olmaqla özümüzü toxtadırıq. Bu sindrom dünyanın köhnə dövrlərlə müqayisədə daha təhlükəli bir yer olduğunu təsvir etmək üçün istifadə olunur. Dünyada hər şeyin pisə doğru getdiyini fikirləşənlərdə 3 cür reaksiya müşahidə olunur: Zorakılığı nümunə götürərək zorakılıq nümayiş etdirmək; zorakılığa qarşı laqeyd olmaq və qorxuya düşüb özünü zorakılıq qurbanı kimi hiss edərək qaçmaq; məsuliyyətdən yayınmaq. Hər üç reaksiyanın normal olduğunu söyləmək isə olduqca çətindir.

Bütün bu fikirlərdən özümüzə lazım olanı götürərək davranış və hərəkətlərimizi, ən əsası da düşüncələrimizi analiz edib doğru yönə istiqamətləndirmək lazımdır.

İnsanın inandığı dəyərləri müəyyən edən ən önəmli şey düşüncə tərzidir. Düşüncə tərzi qazanılmış məlumatlardan ibarətdir. İnsanın şəxsiyyətini meydana gətirən 3 təməl vardır. Onlardan birincisi problemi həll etmək metodu, ikincisi bəşəri münasibəti, üçüncüsü isə düşüncə tərzidir. Üçüncü təməl beyinə proqram yükləmək kimidir. “Siqaret çəkmək pis deyildir” və ya “insan məcburiyyət qarşısında qalanda yalan danışa bilər” kimi fikirlər sanki daha əvvəl beyində kodlaşmış informasiyanın nəticəsidir. İnsan bu fikirləri beyindən gələn siqnallar olmadan əldə edə bilməz. Bizi formalaşdırıb əsl şəxsiyyətə çevirən də məhz düşüncə tərzimizdir. Vəzifəmiz isə onu optimist düşüncə və fikirlərlə yükləməkdən ibarətdir. Hər kəs eyni olmadığı kimi beyinlərimiz və fikirlərimiz də fərqlidir. Ümumiyyətlə, “eynilik anlayışı” dedikdə nə başa düşürük?

Əgər eynilik insan olmaqdırsa, hamı eynidir.

Əgər eynilik hüquq qarşısında bərabər olmaqdırsa, hamı eynidir.

Əgər eynilik bioloji xüsusiyyətlərlə əlaqəlidirsə, hamı qeyri – üzvi maddələrdən yaradılmışdır və ölümlüdür.

Əl və ayaq barmaqlarımızın beşi də bir – birindən fərqli olduğu kimi, insanlar, yaşam tərzimiz, həyata baxışımız, bir sözlə, yer üzərində mövcud olanların əksər hissəsi də fərqlidir. Nə qədər pozitiv, optimist olmağa can atarsaq, həyatı bir o qədər asan və xoşbəxt görərik.

Xalq jarqonunda “Nə qədər çörək, o qədər kotlet” kimi deyim var. Əgər bunu biz insanlara şamil etsək, qarşımıza belə bir mənzərə çıxar .

 “Nə qədər, o qədər” ritorikası:

Nə qədər əminlik, o qədər uğur;

Nə qədər cəsarət, o qədər azadlıq;

Nə qədər ədalət, o qədər dinclik;

Nə qədər sosial sərmayə, o qədər bəşəri sülh;

Nə qədər cəhd, o qədər şans;

Nə qədər səbir, o qədər qələbə;

Nə qədər şükür, o qədər dinclik;

Nə qədər dua, o qədər kömək;

Nə qədər yaxşılıq, o qədər sevilmək;

Nə qədər qənaət, o qədər zənginlik və s.

Hərəkətsiz, cəhdsiz oturub gözləməklə arzu etdiklərimizə nail ola bilmirik. Bunun üçün də “nə qədər, o qədər”  ritorikasına bir qədər əməl etsək, inanıram ki, hər birimiz üçün faydalı olar.

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)