Dualarımızın Sirri        

İnsan həm savab, həm də günah işləyə bilər. Allah qatındakı dəyəri isə savab işlədikcə yüksəlir. Bununla yanaşı, Allah-Təala günah işləyən bəndəsini günah dəryasında başıboş buraxmaz. Günah işləyən bəndəsinin “bir gün tövbə edər” ümidi ilə tövbə qapısını üzünə bağlamaz. Bəqərə surəsi 160-cı ayədə Allah-Təala:

“Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!” - buyurur.

Allah-Təala bəndələrinin heç günah işləməməsini istəsəydi, onları mələklər kimi təmiz, pak və iradəsiz yaradardı. İnsanın günah işləməsi nə qədər təbii və xilqəti gərəyi isə, günah və xətasını anlayıb tövbə və istiğfar etməsi, bağışlanması üçün yalvarıb yaxarması da onun vəzifəsidir. Əgər insanoğlu heç günah işləməsəydi, uca Yaradanın “Rəhim” və “Ğaffar” kimi əsması necə təcəlli edəcək və O, uca Yaradan, kimi əff edəcəkdi?

Bir hədisi-şərifdə buyurulur:

“Həyatım, əlində olan Allaha and olsun ki, siz heç günah işləməsəydiniz, Allah sizi yox edər, günah işləyib ondan əff və məğfirət istəyən və Rəblərinin də onları əff edəcəyi bir qövm yaradardı” (Muslim, Tövbə, 1).

İnsan darlıq zamanında olduğu kimi, bolluq zamanında da Rəbbinə yönəlməli, hər halı üçün riza və təslimiyyətini qorumalıdır. Allahın dərgahından üz çevirməməlidir. Rəsulullah (s.ə.s.) bir hədisində bu mövzu ilə əlaqəli olaraq belə buyurur:

“Darlıq zamanında Allahın ona yardım etməsini istəyən, rahatlıq və bolluq zamanında çox dua etsin. Bolluq zamanında dua etmək qədər Allaha xoşgələn başqa bir şey yoxdur” (Tirmizi, Dua, 3382).

Dua edən insan təvazökar olur. Dua edə-edə Allahın sevdiyi bəndə halına gəlir. Allaha sevimli bəndə olmaqdan üstün bir mərtəbə yoxdur. Allah-Təala mələklərinə, “Filan bəndəm səmimi bir şəkildə göz yaşı tökür”, – deyərək  onun adını zikr etməsi bu dünyada duyulacaq zövqlərin ən üstünüdür.

Dua – insanın ruzisinin bollaşmasını, sağlam bir həyat yaşamasını və ömrünün bərəkətli olmasını təmin edər. Dua bəndənin Uca Yaradanın qəzəbindən əmin və uzaq olmasına səbəb olar. Rəbbimiz bir qüdsi hədisdə:

 “Mənə dua etməyənə qəzəblənərəm” (İbn Macə, Dua 1) buyurur. Demək ki, Allahın rəhmət və bərəkəti, dua edənin yanındadır.

Duaların edilməsində bir sıra xüsusiyyətlər vardır ki, bunlar üsullarına uyğun edilmədiyi təqdirdə qəbul olunmasına maneə yaradır. Bunlar aşağıdakı yanlış hallardır:

  • Dua edərkən əlləri yuxarıya doğru qaldırmalı, ancaq gözləri səmaya dikməməliyik.

Müslimdən gələn rəvayətə əsasən Allah Rəsulu bu barədə insanlara ciddi xəbərdarlıq etmişdir:

“Bir qrup insan namaz qılarkən, dua edərkən gözlərini səmaya qaldırmaqdan ya əl çəkərlər, ya da gözləri kor olar” (Müslim, Salat, 118).

  • Dua edərkən səsi  nə çox yüksəltməli, nə də səssiz durulmalıdır.

Peyğəmbərimiz: “Ey insanlar! Dua etdiyiniz Allah nə kar, nə də dilsizdir. Bilin ki, O, sizinlə miniklərinizin boynu arasındadır.”(Sizə o qədər yaxındır) (Buxari, Tövhid; Müslim, Zikr, 44) Bu sözləri ilə Rəsulullah (s.ə.s.) Allah-Təalanın bəndəsinə çox az sayılacaq qədər yaxınlığını bildirmək istəmişdir.

  • Eyni zamanda dua şeir formasında və qafiyəli olmamalıdır.

Dua insanın içindən necə gəlirsə elə olmalıdır. Vəzinli, qafiyəli bir şəkildə dua edən insan, duadan çox vəzn və qafiyələrin uyğunluğunu və insanlar tərəfindən gözəl təqdirlə qarşılanacağını düşündüyü üçün, duanın şüur və səmimiyyəti, eşq və məhəbbəti qeyb olacaq. Onun yerini “Nə gözəl dua edir?”- desinlər düşüncəsi (yəni riya) alacaqdır. Belə bir dua, dua deyil, gizli şirkdir, yəni riya və göstərişdır. Peyğəmbərimiz (s.ə.s.) bu halı bəyənmədiyini ifadə edərək:  

“Dua edərkən qafiyədən çəkinin” - xəbərdarlığını da etmişdir.

  • Uzun-uzadı dua etməkdən də çəkinmək lazımdır.

Bəzi insanlar dua edərkən təfərrüatlara girərək Allahın necə, nə zaman, harada, nə kimi şeylər bəxş edəcəyini ən incə detalları ilə sıralayırlar. Allah Rəsulu möminlərə belə dua etməmələri mövzusunda xəbərdarlıq etmişdir:

Abdullah ibn Muğaffəl (r.a.) oğlunun:

 “ Allahım! Səndən cənnəti, cənnətin sağ tərəfindəki ağappaq köşkü istəyirəm” – şəklində dua etdiyini eşidir:

 “Oğlum, elə dua etmə, Allahdan cənnəti istə, səni cəhənnəm əzabından qoruması üçün də yalvar. Mən Allah Rəsulunun “Duada həddi aşan bir qövm gələcək”- dediyini duydum”,- buyurur. (Əbu Davud, Taharət, 45; İbn Macə, Dua, 3864) Həqiqətən də, Allah Rəsulunun  sözlərini bu gün yas və ya xeyir məclislərində görməkdəyik.

  • Duanın qəbul olma şərtlərindən biri də səmimi bir qəlb ilə edilməsidir.

Dua, dua edən insanın bütün mənliyi ilə duada yox olduğu andır. Şərt kəsilərək edilən dualar həm ilahi şövqün aradan qalxmasına səbəb olur, həm də ixlas və səmimiyyətdən uzaq olur. Buna görə dua edən, Rəbbindən istəyəcəyi şeyi qəti bir dillə istəməlidir. Bu mövzunu Peyğəmbərimiz (s.ə.s.) belə açıqlayır:

“Sizlərdən biri dua edərkən, “Allahım! İstərsən məni bağışla, istərsən mənə mərhəmət et” –deməsin. Duasını qəti bir dillə etsin. Çünki uca Yaradanı məcbur edəcək heç bir güc-qüvvət yoxdur” (Buxari, Dəvət, 21; Müslim, Zikr, 8).

  • Duada daim ümid və qorxu hissi hakim olmalıdır.

Uca Yaradan:  “(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!”- buyurur. (Hicr, 56) Bu ayə duanın qəbul ediləcəyindən ümidi kəsənlərin birinci növbədə müqəddəs kitabımızın əmrlərinə inanmadığını, bu sayədə də məhşər günü hüsran içində qalacaqlarını açıqca bildirir. Eyni zamanda Allah-Təalanın “Rəhman” və “Rəhim” isimlərinin təcəllisindən ümidini kəsməkdir ki, Allah-Təala bəndələrinin hər nə günah işləyirsə işləsinlər, səmimi tövbə ilə gələcəkləri təqdirdə günahlarını bağışlayacağını müjdələyir:

“(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zümər, 53)

Qorxu məsələsinə gəldikdə, dua edən mömin o anda sanki Allah ilə bərabərdir. Belə bir anda ürəyini ilahi bir əzəmət və bir qorxunun sarmaması mümkün deyildir. Bununla bərabər dua əsnasında içini qorxu sarmayan insan demək ki, hələ qəlbini və ruhunu duaya hazırlamamışdır.

  • Dua edən xeyirxah və gözəl işlər üçün dua etməlidir.

Mömin bir insanın dost, qohum-əqrəba və tanışların əleyhinə pis söz demələri və ya dua etmələri (qarğış) doğru deyildir. Peyğəmbərimiz (s.ə.s.) heç bir zaman öz şəxsinə qarşı edilən zülümlər üçün qarğış etməmiş, dua edərkən də:

“Allahım! Onlara hidayət ver! Onlar nə etdiklərini bilmirlər”- buyuraraq yenə də onların islahı üçün çalışmışdır.

  • Dua edən insan vəzifə sahibidirsə, əmri altındakılara zülm etməməli, işçilərin haqqını, peyğəmbərimizin buyurduğu kimi, alın təri qurumadan verməlidir. Allah zalımın deyil, məzlumun duasını qəbul edər.
  • Duanın qəbul ola bilməsinin ən önəmli nöqtələrindən biri də, dua edənin halal qazanc sahibi olmasıdır.

“Dua ehtiyacın açarıdır, bu açarın dişləri isə halal loğmadır”,- buyurub müdriklərimiz. Bir mömin nə qədər dua edirsə etsin, nə qədər namaz qılırsa qılsın, haram loğma yediyi və qazandığı müddətcə dualarının və ibadətlərinin qəbul olunacağını gözləməsi bir xətadır. Bununla bərabər, halal qazanc yolunda olan bir mömin, eyni zamanda duasının qəbul olunmasını istəyirsə, gecə dua edib, gündüz də kasıb və miskinlərə sədəqə verməli, yoxsulları və kimsəsizləri sevindirməlidir. Belə bir insan, sevindirdiyi insanların da xeyir-duasını alacaq və onun haqqında uca Yaradanın qatına xeyirli dualar yüksələcəkdir. Çünki Allah Rəsulu bir hədisində duaların qəbul olması ilə əlaqəli ipucunu ümmətinə bildirir:

“Qəbul olunma baxımından duaların ən sürətlisi, bir insanın başqa biri haqqında etdiyi duadır”. 

  • Duaların qəbul olmasına səbəb olan amillərdən biri də duada tələsməməkdir.

 Dua edən insan bir müddət dua etdikdən sonra “Dualarım qəbul olmur, artıq dua etməyəcəyəm” kimi sözlərlə o saat dua etməkdən uzaqlaşmamalıdır. Allah-Təalanın duaları nə zaman qəbul edəcəyi bilinməz. Kim bilir, bəlkə Yaradan bəndəsinin səsini eşitmək istəyir? Dua etmək, yalvarmaq və acizliyimizi əzəmət sahibi olan Yaradana ifadə etmək bəndənin  bir vəzifəsidir. Qəbul edib-etməmək isə Onun əlindədir. Qeybin açarları da Onun əlindədir. Nəyin xeyirli, nəyin isə şər olduğunu da Allah bilir. Məhz buna görə də dua edən, duanın xeyirli isə qəbul olunacağını Rəbbindən istəyərək səbir və təslimiyyət içində gözləməlidir.

Son sözümü Qurani-Kərimin Fürqan surəsinin 77-ci ayəsi ilə tamamlayıram:

“De ki, duanız olmasa,  Rəbbin sizə niyə dəyər versin?”

Dua – çarəsiz qalan möminin ən böyük silahıdır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)