Türklərin keçmiş minarəsi - Burana

Türklərin ana vətəni olan Qırğızıstana yolunuz düşsə mütləq Qaraxanlıların paytaxtı və Yusif Xas Hacibin doğulduğu şəhər olan Balasaqun, indiki adı ilə Tokmokda yerləşən Burananı ziyarət etməyinizi tövsiyə edirəm. Burana Qırğız dilində minarə mənasını verir.

Burana IX əsrə aid olub, Orta Asiyada Qaraxanlılar tərəfindən inşa edilən ən köhnə minarələrdən biridir. Toxmaq şəhərinin 15 km cənubunda olan minarə aparılan araşdırmalara görə ilk dəfə inşa edildikdə yüksəkliyi 45 metr olub, XV və ya XVI əsrlərdə baş verən zəlzələ nəticəsində dağıldığı düşünülür. Burananın indiki yüksəkliyi 25 metrdir.
            Türk İslam çağlarının əvvəlində kütləvi müsəlman olan Türklər qısa müddətdə məscidlər və minarələr inşa etmişlər. Qaraxanlı dövləti Türklərin əzəli düşməni olan Çin ilə sərhəd olduğu üçün Burana müşahidə qülləsi kimi də istifadə edilmişdir.
            Hər qalanın bir hekayəsi olduğu kimi, Burananın da quruluş hekayəsi vardır. Xanın bir qızı dünyaya gəlir. Yuxusunda qızının öldüyünü görür. Yuxusunu zamanın alimlərinə danışdıqda qızının quru qurd deyilən zəhərli böcək tərəfindən sancılıb öləcəyini söyləyirlər. Xan da qızını qorumaq üçün 45 metrlik qala tikdirir. Qızını qalanın ən üstündə tikdirdiyi otağa yerləşdirir. Yanına yalnız bir xidmətçi və özü girir. Doğum günündə xidmətçisi qıza meyvə aparır. Meyvənin içində kiçik zəhərli bir quru qurd vardı. Xanın qızını dişləyir və qız ölür.

Bu hekayə bizə İstanbulun göz bəbəyi olan qız qalasının hekayəsini xatırlatdı.

            Burananın yıxılıb qalan qisminə bir insanın sığacağı genişlikdə olan pilləkənlərdən çıxdıq. Yüksəkdən qırğız çölləri və uzaqda Tanrı dağlarının görüntüsü ovsunlayıcı idi. Buranadan endikdə bəy və gəlinlə birlikdə bir qrup insan ziyarətə gəlmişdi. Qırğızlarda və qazaxlarda gəlin və bəy toy günü mütləq olduqları şəhərin əhəmiyyətli yerlərini ziyarət edirlər.
 
            Burananın yanında yerləşən muzeydə Yusif  Xas Hacibin əsərləri mövcuddur. Bundan əlavə Qaraxanlıların hakimiyyəti dövründə tikilən hamamların və camaşırxanaların torpaqdan düzəldilmiş su borularının qalıqları var idi. Orta dövrlərdə başqa millətlərdə təmizlik anlayışı yox ikən Müsəlman Türklər hamamlar, camaşırxanalar tikmişdilər. İslamın təmizliyə əhəmiyyət verdiyinin IX əsrdən qalan sübutudur. Burana ipək yolu üzərində inşa edildiyi üçün muzeydə başqa millətlərdən və dinlərdən insanların əsərləri də var idi. Ən köhnə pul olan  çinlilərin istifadəyə verdiyi balıqqulaqları, Monqol buddist və şamanların sümükləri qoyduqları torpaq qazanları vardı.

            Burananın ətrafında VI əsrdən qalma daşlar mövcuddur. Daşların üzərində müxtəlif heyvan fiqurları vardır. Yenə üzərlərində ərəb yazıları olan daşlar var idi. Bu daşlar türklərin islamı qəbul etdikdən sonra qəbirlərdə istifadə etdikləri daşlar idi. Dəyirman daşları və yağ çıxarma daşları korlanmadan  bu günümüzə qədər gəlmişdi. Rəhbərimiz Burananın qalanın içində yerləşib yanında böyük bir məscid, ətrafında yaşayış yerinin olduğunu, monqol hücumlarında hamısının dağılıb torpağın altında qaldığını danışdı. Əsl tarix yerin altında idi. İnşallah islamın ilk şahidləri olan tarixi əsərlər bir an öncə gün üzünə çıxarılaraq sərgilənər.

            İstanbulun Qız Qalası, Azərbaycanın Qız Qalası, Qırğızıstanın Buranası... Hamısı tarixi özündə yaşadan yerlərdir. Amma Burana bütün türk millətləri üçün həm türk mədəniyyətinin, həm də islamın türk torpaqlarına gəldiyinin bir təmsilçisi olaraq əhəmiyyətli yerə malikdir. Biz də bu torpaqlarda yatan atalarımızın ruhuna Fatihələr hədiyyə edib Türk İslam tarixinin yaşayan ən qədim əsəri, heybətli minarəsi Burana ilə vidalaşaraq oradan ayrıldıq. İstiqamətimizi keçmişin əsərlərini qoruyacaq, gələcəyə gözəl əsərlər buraxacaq insanları yetişdirmək üçün qurulan kursumuza çevirib yola davam etdik.
 

                                                                                                         

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)