QƏLBİ YETKİNLƏŞDİRƏN ÇƏTİNLİKLƏR

Həyat, imtahan qaydasına əsasən, daima düz bir xətt üzərində davam etməz. Bəzən eniş, bəzən də çıxışları olur. Lakin insanın iman baxımından hansı səviyyədə olduğunu göstərən və könül dünyasını əsl surətdə ortaya qoyan, bu eniş-çıxışlarda sərgilədiyi hal və rəftarlarıdır. Yəni bir mömin, qovuşduğu bir imkan, nail olduğu maddi bir sərvət və ya qazandığı bir zəfər səbəbindən əsla öyünməməli və qürurlanmamalıdır. Qarşılaşdığı bir imtahan və ya düşdüyü bir əziyyət səbəbilə də səbir edərək əcrini Cənabı-Haqdan gözləməlidir.

Unudulmamalıdır ki, insanı yetkinləşdirən çətinliklərdir. Məsələn, sahillərdəki daşlara diqqət etdiyimiz zaman görərik ki, üzərlərində heç bir əyrilik qalmamışdır. Əsrlərdir dalğalar tərəfindən yuyularaq əyriliklərindən təmizlənmiş, cilalanmış, tərtəmiz olmuş, bundan başqa qranit kimi də sağlamlaşmışdır. Bu səbəblə ən böyük əziyyətlər, başda Cənabı-Haqqın ən sevimli qulları olan peyğəmbərlərin, daha sonra da peyğəmbər varisi Haqq dostlarının və dərəcələrinə görə saleh qulların başından keçmişdir.

Mövlamız da Qurani-Kərimin üçdə birindən çoxunu təşkil edən hekayələr vəsiləsiylə, bizlərə peyğəmbərlərin başından keçən məşəqqətli və əziyyətli halları bildirmişdir. Ta ki, onların çətinliklərlə dolu əbədiyyət səfərlərində könül hüzurlarını necə daim qoruduqlarını, hansı əhval-ruhiyyədə olursa olsun, necə daim Allah-Təalaya sığınıb və heç bir zaman ümidsizliyə düşmədiklərini təfəkkür edib, özümüz üçün lazımlı dərsləri çıxarmağı bacarmalıyıq.

Məsələn, İbrahim (ə.s.) Cənabı-Haqq ilə dostluq yolunda nə böyük əziyyətlər çəkdi. Könül meyvəsi olan övladıyla imtahan olundu. Malıyla imtahan olundu. Alova atılaraq canı ilə imtahan olundu. Lakin Allaha olan sonsuz təvəkkül və təslimiyyəti səbəbiylə hamısından da müvəffəqiyyətlə keçdi. Nəticədə Xəlilullah oldu, Allaha dost oldu.

Əyyub (ə.s.) bütün müsibət və çətinliklərinə baxmayaraq, halından şikayətçi vəziyyətə düşməmək və təqdirə rizada qüsur göstərməmək üçün xəstəliyini Cənabı-Haqqa ərz etməkdən, özü üçün səhhət və sağlamlıq istəməkdən belə çəkindi. Nəhayət, zövcəsinin israrları qarşısında yalnız:

“… (Rəbbim!) Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!” (əl-Ənbiya, 83) deyə, niyaz etdi.

            Bu duaya görə Cənabı-Haqq, qulluqda daim olanlara bir rəhmət olaraq onun dərdini yox etdi, xəstəliyinə şəfa verdi və ona yenidən mal və övladlar lütf etdi. Cənabı-Haqq səbir, şükür və hala riza məqamında zirvələşən Əyyub (ə.s.) üçün:

“… O nə gözəl quldur!...” (Sad, 44) - kimi xoş sözlər söylədi.

            Yusif qardaşları tərəfindən quyuya atıldı, çox sevdiyi atasına uzun müddət həsrət qaldı, böhtana məruz qaldı və nəticəsində illərlə zindanda qaldı. Lakin bir an belə düşdüyü bu möhnət və çətinliklərə görə Cənabı-Haqqa qarşı üsyana düşmədi. Qulluq şüuru və idrakı ilə səbir etdi. Cənabı-Haqq da ən sonunda onu Misirə sultan etdi və bütün sevdiklərinə qovuşdurdu.

Musa (ə.s.) inadçı və nankor bir qövmlə min bir çətinlik yaşadı. Onların imana gəlməsi üçün çox səy göstərdi. Lakin onlar ən kiçik bir boşluqda daima üsyan etdilər.

Cənabı-Haqqın onlara olan böyük ehsanını gördükləri halda; “…Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq!” (əl-Maidə, 24) deyəcək qədər təkəbbürləndilər.

Saleh, Hud və Şüeyb (ə.s.), imana dəvət üçün haqq və həqiqəti izah etmək istədiklərində davamlı qövmlərinin azğınlıqları ilə qarşılaşdılar. Hətta qövmləri tərəfindən:

-“Əgər tövhidi təbliğdən imtina etməsən səni öldürərik!" - təhdidlərinə məruz qaldılar.

            Lut (ə.s.) əxlaqsızlıqdan heyvanlardan daha betər hala gəlmiş bir qövmlə böyük bir əziyyətə qatlaşdı. Öz xanımı belə fasiqlərin tərəfində yer aldı.

Nuh (ə.s.) doqquz yüz əlli il qövmünü hidayətə dəvət etdi. Oğluyla imtahan edildi.

Yenə bu hekayələr içərisində Əshabi Uhudun alovla dolu xəndəklərə atıldığı, ilk İsəvilərin Roma sirklərində aslanların dişləri arasında can verdiyi, Həbibi-Nəccarın zalım bir qövm tərəfindən daşlanaraq şəhid edildiyi, Fironun sehirbazlarının isə Musaya (ə.s.) iman etmələri səbəbiylə qolları və ayaqları kəsilib xurma ağaclarının kötüklərindən asıldığı nəql edilməkdədir. Lakin onlar bir an belə iman zəifliyinə uğramadılar. Davamlı olaraq:

“…Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!” (Əl-Əraf, 126) - deyərək, son nəfəslərində iman mübarizəsi verdilər və şəhid olaraq Rəblərinə qovuşdular. Qurani-Kərimdə bəhs edilən Əshabi-Kəhf də zalım Daqyanusun zülmündən xilas olmaq və tövhidi yaşamaq üçün bir mağaraya sığındılar. Cənabı-Haqq da onları üç yüz doqquz il o mağarada mühafizə etdi. Mükəmməl bir örnək şəxsiyyət olaraq insanlığa bəxş edilən Rəsulullahın (s.ə.s.) həyatı isə əziyyət və iztirabların məcmusudur. Beləki, özü bu halını; “... Allah yolunda heç kimin görmədiyi əziyyətlərə məruz qaldım...” – buyuraraq, ifadə etmişdir (Tirmizi, Qiyamət, 34/2472). Ancaq çəkdiyi əziyyətlərin heç biri Allah Rəsulunun mətanətini və müvazinətini poza bilməmişdir. O, bütün bunları böyük bir yetkinlik və riza halı ilə qarşılamışdır. Könlü neçə-neçə ağrılarla dağlansa da, gül üzündən təbəssüm heç əskik olmamışdır. Onu heç kim, heç bir zaman qaşqabaqlı çöhrə ilə görməmişdir. Çünki O, Haqq-Təala ilə birliyin verdiyi sevinc və xoşbəxtlik ilə daim təbəssüm halında olmuş, hər vəziyyətdə İslamın gülər üzünü əks etdirmişdir. Peyğəmbərimizin (s.ə.s.) zamana yayılmış elçiləri olan Haqq dostları da başlarına gələn əzab-əziyyətləri heçlik, acizlik və qulluq hisslərini inkişaf etdirən, ürəyin Allah-Təalaya yaxınlaşmasını təmin edən bir nemət olaraq görmüşlər. Çünki Haqqa yaxınlığın ləzzəti qarşısında dünyadakı bütün əziyyət və iztirablar onların gözündə və könlündə əhəmiyyətini itirmişdir. Məsələn, Hz. Hüdayi bütün mal-mülkünü infaq edib bəzəkli libası ilə Bursa küçələrində ciyər satmasaydı, bu gün adı könüllərdə iz qoya bilərdimi? Çünki bu günə qədər Bursadan neçə qazı gəlib keçmişdir. Hansının adını bilirik? Mövlana Hz. Xalidi-Bağdadi elmdə yüksək bir səviyyədə olarkən ustadı Hz.Abdullah Dəhləvinin bir əmri ilə ayaq yolu təmizliyi etməsəydi, insanların irşad vəzifəsinə layiq görülərdimi? Bəlkə də bu gün “Şəmsuş-Şumus”, yəni “Günəşlər Günəşi” deyə anılmaz, adı belə xatırlanmazdı. Yenə Hz. Yunus Əmrə dərgahın eşiyinə başını qoyaraq, daxili dünyasındakı ehtiyacları aradan qaldırmasaydı, eşq şəlaləsi kimi bir könülə sahib ola bilərdimi? Allahın sevimli qullarının ömürləri hər nə qədər əziyyət və iztirablar içində keçsə də, könülləri bir an belə Haqdan uzaq qalmamışdır. Bu fani dünyadakı imtahanları daima Haqqa yaxınlığın meyarı olaraq görmüş, heç bir zaman vəsvəsəyə qapılmamışlar. Ürəklərindəki hüzuru itirməmiş, Haqqa üsyan etməmişlər.

Lakin bu gün insanların qarşılaşdıqları çətinliklər və əziyyətlər qarşısında çox tez həyata küsdüyünə və könül hüzurlarını itirdiyinə şahid oluruq. Hətta, Allah qorusun, bəzən intihara təşəbbüs edənlərin xəbərlərini oxuyuruq. Həzrət Mövlana belə buyurur: “İnsanın xoşuna gəlməyən, insana acı gələn ilahi əmr olmasaydı, gözəl, çirkin, dəyərsiz daş, qiymətli inci olmasaydı, nəfs, şeytan, həva və həvəs, zəhmət və məşəqqət, məşğuliyyət və çarpışmaq olmasaydı, Sultan qullarını nə adla, nə ləqəblə çağıracaqdı?

Necə; «Ey səbirli, ey helm sahibi!» - deyəcəkdi? Necə; “Ey igid adam, ey hikmət sahibi!” - deyəcəkdi?

 Səbirlilər, doğrular, sadiqlər, kasıbları doyuranlar, əgər yol kəsənlər, əxlaqsızlar olmasaydı, lənətlənmiş şeytan olmasaydı, necə aydınlaşar, necə müəyyən olunardı?”

Allah-Təala mühafizə etmədikdən sonra heç bir qəlb, bəşəri zərurət kimi dünyanın tələlərindən, bəzi arzulara meyl etməkdən, nəfsin fısıltılarından və şeytanın vəsvəsələrindən əmin ola bilməz, öz-özünü qoruya bilməzdi. Necə ki, Yahya ibn Muaz (r.a.) şeytanın insanı aldatmaq üçün nə qədər çox imkana sahib olduğunu belə izah edir: “Şeytan boş, biz isə məşğuluq, işimiz, gücümüz var. O bizi görür, biz isə onu görə bilmirik. Biz unuduruq, o isə vəzifəsini heç unutmur. Bununla yanaşı, böyük düşmənimiz olan nəfs də şeytanın lehinə işləyir. “Bu səbəbdən, bir qul olaraq bizim öhdəmizə düşən, nəfsimizin hiyləsindən heç bir zaman əmin olmayıb, daim ayıq olmaq və bu xüsusdakı acizliyimizlə müdrik bir şəkildə Allaha sığınmaqdır. Cənabı-Haqq quluna kifayətdir. Necə ki, Rəbbimiz ayədə belə buyurur: “Əgər sənə şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!” (Əl-Əraf, 200) Xülasə, bütün fani narahatlıqlar və vəsvəsələr ancaq Allah ilə qəlbən bərabərlik sayəsində təsirini itirər. Ancaq bu şəkildə könül iqlimində sarsılmaz bir dinclik, sakitlik, mətanət və istiqamət halı meydana gəlir.

Cənabı-Haqq qəlblərimizi hər cür şeytani və nəfsani vəsvəsədən mühafizə etsin. Qəlblərimizi zikrullah, məhəbbətullah və mərifətullah gülşəni etsin. Amin!

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)