Azərbaycanın ilk qadın naziri – Tahirə Tahirova

Tahirə Tahirova həm də ilk xanım neft mühəndisi idi. O elə bir dövrdə doğulmuşdu ki, oxumaq istəyənləri təqib edirdilər, savad arzusunda olanlar cahillər tərəfindən qətlə yetirilirdi, ziyalı xanımlara barmaqarası baxılırdı. Ən kiçik büdrəmə həyatı bitirməyə səbəb ola bilərdi. Lakin bütün bunlar onu savadlanmaq, irəli getmək və nailiyyətlər qazanmaqdan saxlaya bilmədi. Bir xanım kimi uzaqlara getdiyi yolda daim təzyiqlərin hədəfi oldu. Amma dayanmadı, daim getdi…
            Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabrın 7-də Zakaspi vilayətinin (Türkmənistan) Bayraməli şəhərində müəllim ailəsində anadan olub. Onun əslən şuşalı olan ulu babası müsəlman aləmində böyük hörmətə və ensiklopedik təhsilə malik şeyxülislam Mirzə Həsən Tahirzadə idi. Tahirə xanımın atası Əkbər Tahirov isə o zamanlar çox məşhur olan Qori müəllimlər seminariyasını bitirir və rus dili müəllimi kimi Türkmənistan vilayətinə göndərilir. İstedadlı pedaqoq qərib diyarda ona bəslənən ümidləri doğruldur. Elə qızı – azərbaycanın ilk xanım naziri - Tahirə xanım da burada dünyaya gəlir. 1920-ci ildə Tahirovlar ailəsi Bakıya köçür. Tahirə xanım Bakıda məktəbə getmiş və 1929-cu ildə oranı müvəffəqiyyətlə bitirərək Azərbaycan Neft İnstitutunun nəzdindəki fəhlə fakültəsinə daxil olur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun dağ-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Tahirə xanım həm də neft sənayesi üzrə təhsil alan ilk azərbaycanlı qadın idi.

1936-cı ildə Moskvada sovet partiya və hökumət rəhbərləri, şəxsən İ.Stalin Azərbaycandan gələn nümayəndə heyətini qəbul edir. Nümayəndə heyətinin tərkibində gənc neft mühəndisi Tahirə də vardı. Bakıya qayıtdıqdan sonra Tahirə xanım istehsalatda işləməyə üstünlük verir və neft mühəndisi kimi Bakının bir sıra neft mədənlərində çalışır.
Tələbə vaxtı tanış olduğu geologiya-meteorologiya elmləri namizədi Abdulla Bayramovla ailə həyatı qurur. Cəmi bir il sonra müharibə başlayır. Çoxları kimi, Tahirə xanımın həyat yoldaşı Abdulla da cəbhəyə gedir. Tahirə xanımın neft sənayesi sahəsində aldığı təhsil və göstərdiyi fəaliyyət müharibə illərində onun daha da məsuliyyətli bir işi üzərinə götürməsinə səbəb olur. Belə ki, Tahirə xanım Mərkəzi Komitənin neft sənayesi şöbəsinin müdiri kimi ordunun yanacaq və sürtkü materialları ilə fasiləsiz təmin olunmasına birbaşa cavabdeh şəxs idi.
Onu tanıyanlar deyirdilər ki, Tahirə xanım xaraktercə azdanışan və dəbdəbəli həyatı sevməyən bir insan olub. Hər kəsin fikrini sonadək dinləmək qabiliyyəti göstərən xanım Tahirova ədalətli və gərəkli bildiyi hər bir addımı kimsəylə hesablaşmadan atırdı. Bu isə sovetin «domokl qılıncı» insanlanın başı üzərində olduğu bir zamanda elə də asan məsələ deyildi. Amma Tahirə xanım öz vicdanının səsinə qulaq asırdı. Müharibə illərində onsuz da öhdəsinə götürdüyü məsuliyyətli işlə cəbhəyə yardımını əsirgəməyən bu xanım ailə üzvlərinin ona bağışladığı və yeganə bəzək əşyası olan brilyant üzüyünü də Müdafiə fonduna vermişdi.

Müharibə qurtarandan sonra Tahirə xanım öz fəaliyyətinə eyni gərginliklə davam edir. Azərbaycan Sənaye institutunda elmi və pedoqoji fəaliyyəti ilə bahəm həm də neft yataqlarının istismarı kafedrasının müdiri vəzifəsinə təyin olunur. Tahirə xanım Azərbaycan neft sənayesinin hərtərəfli inkişafı, neft trestləri və mədənlərinin, neftayırma zavodlarının öhdəsinə düşən vəzifələri və dövlət planlarını vaxtlı-vaxtında yerinə yetirməsi, «Azneft» birliyinin işgüzar, bacarıqlı mütəxəssislərlə, rəhbər işçilərlə, mühəndis-texniklərlə, ustalarla təmin edilməsi və düzgün yerləşdirilməsi barədə bir sıra işlər görür, Bakının bəzi rayonlarının kadr şöbələrinin hesabatlarını müzakirə edir, müşavirələrin keçirilməsi və onların müəyyənləşdirilməsi sahəsində var qüvvəsi ilə çalışır. Eyni zamanda namizədlik dissertasiyasını müdafiə edir və texniki elmlər namizədi elmi dərəcəsi alır.

Təbii ki, bütün bunlar ondan gərgin əmək və güc tələb etsə də Tahirə xanım istənilən çətinliyin və gərginliyin öhdəsindən mətanətlə gələ bilirdi. 1950-ci illərdə Tahirə xanım müxtəlif təşkilatların nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrə səfər edir.
1959-1983-cü illərdə o, Azərbaycan SSR xarici işlər naziri və Nazirlər Soveti sədrinin müavini kimi çalışır. Nazir işlədiyi dönəmdə Tahirə xanım iti ağlı, mədəni-siyasi davranışı, ünsiyyət bacarığı və s. bu kimi şəxsi keyfiyyətləri ilə istər ölkəyə gələn xarici qonaqların, istərsə də özü xarici səfərlərdə olarkən həmkarlarının və siyasi xadimlərin rəğbətini qazana bilir. Heç şübhəsiz ki, bütün bunlar nazir xanımdan gərgin zəhmət, yuxusuz gecələr, əsl diplomat səriştəsi, məsuliyyət, ən əsası isə səbir, dözüm və iradə tələb edirdi. O, dünya ölkələrinin bu ali məclisində diplomat kimi iştirak etmiş ilk azərbaycanlı qadın olub. 1984-cü ilə qədər xarici işlər naziri kimi fəaliyyət göstərən Tahirə Tahirova sonra təqaüdə çıxır. 1991-ci ildə 78 yaşında vəfat edir.

            Azərbaycanın ilk xanım naziri, həm də neft sənayesi üzrə təhsil alan ilk azərbaycanlı qadın Tahirə Tahirova öz tərcümeyi-halında yazırdı: “Mən gənc yaşlarımdan ictimai fəaliyyətlə məşğul olmağı sevmişəm. İctimaiyyət və insanlar arasında olmaq, onların həyatına təsir göstərəcək müsbət və ən vacib sayılan qərarları qəbul etmək mənim üçün çox maraqlı idi. Ailəmə vaxtım və imkanım çatan qədər diqqət göstərməyə çalışmışam. Baxmayaraq ki, mənim ömrüm daha çox siyasi hadisələrlə dolu aləmdə, fərqli insanlarla görüşlərdə, xarici səfərlərdə keçib, yaşadığım ömür payından narazı deyiləm. Çünki bütün bu etdiklərim sadəcə, xalqımın və millətimin rifahı, xoş gələcəyinə xidmət edirdi”.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)