Üz dərisinin kirlənməsi və qara ləkələr

Son zamanlar xanımların böyük əksəriyyətini narahat edən problem dəri kirlənməsidir. Ətraf mühitin təsiri, orqanizmdə gedən bir sıra dəyişiklər üz-dəri məsamələrinin dolmasına və qara ləkələrin yaranmasına səbəb olur.

Əziz xanımlar! Həm ev şəraitində, həm də kosmetoloq köməyi ilə üz dərisinin düzgün təmizlənməsi ilə bağlı sirləri kosmetoloq Günay Əliyeva bizimlə paylaşacaq.

 Günay xanım, həm öz adımdan, həm də “Bizim Ailə” jurnalının oxucularının adından sizi salamlayıram. Ümid edirik ki, məsləhətləriniz hər birimiz üçün faydalı olacaqdır.

Günay xanım, dəri kirlənməsi necə baş verir və hansı fəsadlara yol aça bilər?

Dərimizin 5 qatı var. Ən üst qat buynuz təbəqədir ki, burada yalnız nüvəsiz ölü hüceyrələr var. Dərinin lap alt qatı isə nüvəli hüceyrələrdir. Hüceyrələr daim alt qatdan yenilənib yuxarıya doğru getdikcə buynuz qatına qalxır və oradan ölü hüceyrələr xaric olunur və dəri yenidən bərpa olur. Dəri yenilənmə prosesi 28 gündən bir baş verir. Əgər biz müntəzəm olaraq dəriyə qulluq etməsək, o zaman ölmüş hüceyrələr üst-üstə yığılır və dəri nəfəs almır. Bu da öz növbəsində  qocalma prosesi, nahamarlıq, infeksiyaya yoluxma, səpkilər, qara nöqtələr kimi fəsadların yaranmasına səbəb olur. Üz pilinqi dəri növünə uyğun seçilməlidir. Dərinliyinə və təsir mexanizminə görə pilinqin müxtəlif növləri var. Çapıqlar, səpki, qırış və s.

Pilinq proseduru və ümumiyyətlə, dəriyə qulluq neçə yaşından başlamalıdır?

Bir çox xanımlar 35, 40  yaşında dəriyə qulluq prosedurlarının tez olduğunu düşünür. Əslində isə 18 yaşına qədər böyümə,18 yaşından sonra artıq qocalma prossesi gedir. Ən gec 25 yaşından dəriyə qulluq başlamalıdır. Sağlamlıqla bağlı başqa problemlərdə olduğu kimi, dərini də saxlamaq üçün müntəzəm profilaktik müalicələr aparılmalıdır. Üz ətraf mühitlə təmasda olduğu üçün toz, zərərli qazlara, mikroblara və s. daha çox məruz qalır. Məhz bu səbəbdən həftədə iki dəfə pilinq olunmalıdır. Dərini spirtlə, sabunla və ya isti su ilə qətiyyən yumaq olmaz. Bu kimi təmizləmələr dərini aldadır və bir neçə dəqiqədən sonra daha çox yağ ifraz olunur. İsti su ilə üz yuyularkən məsamələr genişlənir və piy daha çox ifraz olduğuna görə üzdə dəliklər əmələ gətirir.Üzün gündəlik düzgün yuyulması belədir: Üz öncə dəriyə uyğun kosmetik südlə silinir, qalıqları təmizləmək üçün losyondan istifadə edilir, daha sonra isə gel və ya köpüklə  yuyulur.

Dərinin təmizlənməsi, yəni pilinq proseduru necə aparılır?

Dərinin yenilənməsi üçün nəzərdə tutulan pilinqlər iki yerə bölünür: mexaniki və kimyəvi. Kimyəvi pilinq, əsasən, turşularla edilir. Belə ki, turşular dərinin üst qatına çəkilir, dərini müəyyən təbəqəyə qədər yandırır. Bu zaman baş verən reaksiyada dəri sürətlə yenilənir, rəngi açılır, kollogen və elastinin bərpası sürətlənir, dəri gəncləşir. Kimyəvi pilinqi turşunun faiz nisbətinə, qatılığına görə biz müəyyənləşdiririk. Epidermisin (dərinin) üst, orta və daha dərin qatlarına tətbiq etdiyimiz pilinq artıq dərin pilinq sayılır. Orta qat olanda ildə 2 dəfə, dərin qat isə 1 dəfə tövsiyə edilir. Lakin üst qata təsir edən pilinqlər, həftədə bir, ildə isə bir neçə dəfə məsləhətdir. Əgər müraciət edən xanımlarda allergiya və ya daxili problemlər varsa, o zaman mexaniki pilinqdən istifadə edirik. Skrab, qammaj, alüminium tozu, ultrasəs təmizlənmə mexaniki pilinqə daxildir. Ölü hüceyrələri xaric etmək üçün ən sadə üsul, sərt fırçanı üz nahiyəsinə çəkməkdə olar.

Pilinq prosedurunun dəriyə nə kimi mənfi və ya müsbət təsiri var? Zaman keçdikcə üz dərisinin hüceyrələrini zədələyə bilərmi?

Dahi şairimiz Nizami Gəncəvinin gözəl bir kəlamı var:

“Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir su da”.

Yəni su bir inci də olsa, artıq içiləndə hamıya ziyandır. Bu dəri üçün də keçərlidir. İstər ev şəraitində, istərsə də kosmetoloq köməyi ilə edilən qulluq həddindən artıq olarsa, təbii ki,  ziyandır. Pilinq həftədə 1 və ya 2 dəfədən artıq olsa, əks təsir göstərəcək. Pilinq olunan dəri soyulur, soyulduqdan sonra həkimin göstərişi ilə 1 həftə, ya 1 ay  gün şüalarından mütləq qorunmalıdır. Evdən bayıra çıxarkan baş örtüsündən, kremlərdən (SBF tərkibli) istifadə olunmalıdır. Məsələn, bəzi adamlar dəri soyulmağa başlayanda səbirsizlik edir və özü onu soymağa başlayır. Bu zaman dəridə yaralar əmələ gəlir və həmin yaralar dərin ləkələr yaradır. Dəri düzgün qorunarsa, o zaman heç bir ziyan olmayacaq.

Bəzi xanımlar kosmetoloqa müraciət edə bilmir. Ev şəraitində hansı  pilinq prosedurlarından istifadə etməyi məsləhət görərdiniz?

Yüngül dəri skrablarını biz özümüz hazırlaya bilərik. Məsələn, bütün dərilər üçün qəhvə ilə balı;  quru dərilər üçün qəhvə ilə smetanı; yağlı dərilər üçün isə qəhvə ilə yağsız qatığı qarışdırmaq isə daha uyğun olar. İki ədəd aspirini əritmək üçün üzərinə bir-iki damcı su, üstünə 1 ç.q bal əlavə edirik, həm maska kimi  20 dəq. üzdə saxlıyırıq, həm də onun vasitəsi ilə ölü hüceyrələri təmizləyirik. Yumurtanın ağını köpük olana qədər qarışdırırıq, salfetləri xırda kəsirik, dərinin üstünə hissə-hissə qoyuruq. Həmin salfetləri qopardıqdan sonra ölmüş hüceyrələr xaric olur, həm də üzü yumşaldır. Aktiv qara kömürü azca süddə qızdırıb jelatinlə qarışdırırıq. Bu maskanı çəkməmişdən öncə, yaxşı olar ki, üz buxara verilsin. Belə olan halda məsamələr açılır maska daha yaxşı dəriyə oturur, quruyur, quruduqdan sonra soyulur. Prosedurdan sonra məsamələrin yığılması və daha gec dolması üçün ya hazır losyon, ya da ev şəraitində hazırlanan vasitədən istifadə edilməlidir. Zəy daşını azacıq suya qatıb losyon əldə etmək olar. Alınan məhlul məsamələri çox gözəl yığır. Yuxarıda qeyd etdiyimiz yumurta maskası da məsamələri bağlayır. İstənilən pilinq prosedurlarından sonra mütləq dəriyə uyğun bərpaedici kremlərdən istifadə olunmalıdır.

Günay xanım, faydalı məsləhətlərinizə görə təşəkkür edirik.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)