Yaradılanı sevək

Sevgi bir dəyərdir. İnsan sevgisi qədər yaşayır. Sevgisi ilə həyatına rəng və məna gətirir. İçində olan pislikləri məhv edərək başqa bir gözlə həyata baxır. O, insan olduğunu başa düşür. Sevgi kimi qiymətli bir nemətə malik olan insanlar faydalı işlər görməyə səy göstərirlər, həm də dəyərli işlər görməyə cəsarət edə bilirlər. Sevgiyə əsaslanan bir ailə həyatda hər zaman uğur qazanar.

Hər insan çevrəsindən müsbət enerji – sevgi almaq istəyir. Çünkü insan ruhu sevgi ilə bəslənir. Sayğı görməsi isə onun özünə güvənini artırar, motivasiya verər. İnsan, özünə necə davranılmağını istəyirsə, başqalarına qarşı da elə davranmalıdır.

Başqalarından sevgi və sayğı gözləyiriksə, biz də onlara, elə davranmalıyıq. Biz hələ uşaq ikən ailədə sevgi və sayğı görsək, büyüdükcə bu davranış, düşüncə şəkli bizdə kök salar. 

Ailə sevginin öyrənildiyi ilk yerdir. Sevgi, hörmət və qayğı kimi insanlıq üçün çox yüksək və mənalı olan duyğular, dünyaya gəldiyimiz anda mövcud olmur. İnsan gözlərini dünyaya açdıqdan sonra yaşayıb görərək bu hisləri öyrənir. Digər canlılarda da bu gözəl emosiyaları göstərir. Körpəsini qucağına alan bir ana sevməyin və sevilməyin ilk dərslərini verir. Belə bir mühitdə böyüyən uşaq yeməkdən, içməkdən, oyundan zövq aldığı kimi sevildiyini bilməkdən də zövq alacaq və xoşbəxt olaraq stresdən və gərginlikdən uzaq olacaq.

Ailənin uşaqlara göstərəcəyi sevginin qədəri düzgün təmin olunmalıdır. Məsələn, bir bitkinin normal böyüyüb inkişaf etməsi üçün havaya, suya, gübrəyə və s. ehtiyacı vardır. Bu ehtiyaclar lazım olduğu qədər verildikdə bu bitki sağlam olar. Bitkiyə ehtiyacından artıq su verilərsə, çürüməsinə, az su verildikdə isə qurumasına səbəb ola bilər. Sevgi və qayğının göstərilməsində də hədd aşılarsa, bu uşağın inkişafına mənfi təsir göstərər.

Bununla yanaşı, cütlər bir-birini sevməli¸ hörmətlə yanaşmalı¸ anlayışla davranmalı¸ bir-birlərinin haqqını gözləməli¸ namus və şərəflərini qorumalı¸ qarşılıqlı vəzifələrini yerinə yetirməlidir. Bunlara riayət olunduqda ailə yuvası cənnətdən bir məkan ikən¸ riayət olunmadığı təqdirdə cəhənnəm çuxurlarından bir çuxur halına dönməsi mütləqdir. Ailədə valideynlərin və uşaqların bir-birlərindən tələbləri¸ qarşıdakının güc və imkanlarını aşmamalıdır.

Ailə üzvləri bir-birilərini sevdikdə və bu sevgini bir-birilərinə ötürdükdə ailə bu şəxslər üçün qoruyucu və isti bir təməl funksiyasını yerinə yetirir. Ailə mühitində məhəbbət olduqda hər kəs onların səhvlərinə və çatışmazlığına baxmayaraq, qəbul ediləcəyini bilir. Sevgi əsasən bir-birinə qarşı fədakarlıq edə bilməkdir. Məhəbbət mühiti olan ailələrdə ünsiyyət və səmimiyyət gözəl şəkildə qurulur. Məsələn, evin kişisi ev işlərində xanımına kömək edərsə, qayğılar daha ədalətli şəkildə bölüşdürülər və bir tərəf (xüsusən qadın) qayğıların altında parçalanmaz. Yoldaşının köməyi ilə işləri azalan qadın özünə və uşaqlarına daha çox vaxt sərf edə bilər.

 Peyğəmbərimiz (s.ə.s.) başda ailəsi olmaqla, övladlarına, bütün insanlara və canlılara məhəbbət göstərmişdir. Hətta müsəlman olmayanlar da ondan nümunə götürürdülər. Hz. Peyğəmbər, "Sizin ən xeyirliniz ailəsinə xeyirli olandır",-buyurduğunu bilirik. Xeyirli olmaq sevgiyə əsaslanan bir xüsusiyyətdir. Sevgi olmayan yerdə sayğı da olmaz.

Sevincli və kədərli zamanlarda bir ömrü birlikdə keçirəcək insanların qarşılıqlı sevgi¸ hörmət və anlayışa hər kəsdən daha çox ehtiyacları vardır. Bütün bunlara baxmayaraq, keçmişdə olduğu kimi günümüzdə də ailələr toplumun önəmli bir probleminə çevrilmişdir. Sevgi¸ anlayış və diqqət əskikliyindən münasibətlər korlanır, hətta ailədaxili münaqişələrə qədər gedib çıxır. Yola getməyərək ortaq dil tapmamaq boşanmalara səbəb olur. Parçalanmış ailələrin fərdləri isə toplumda problemli insanlar halına gələ bilir. Ana-ata arasındakı münasibətlər uşaqların həyatlarına mütləq təsir edəcəkdir. İnsanlar bir-birini sevməli, saymalı və qarşılıqlı haqlarını qorumalıdırlar.

Sevimli Peyğəmbərimiz (s.ə.s.)¸ sevgini imanın əsası olaraq dəyərləndirmişdir¸ "İman etmədikcə Cənnətə girə bilməzsiniz¸ bir-birinizi sevmədikcə də kamil bir imana sahib ola bilməzsiniz" (Müslim¸ İman¸ 22). 

Allahı sevdiyimiz üçün bütün yaradılmışları sevməliyik. Qarşımızdakına sevgimizi hiss etdirməliyik. Varlıq səbəbimizi unutmadan¸ hüzurlu və xoşbəxt yaşamaq istəyiriksə, özümüzü¸ ailəmizi və çevrəmizi sevməli¸ daima gülərüzlü olmalı¸ doğru və təsirli bir münasibət qurmalıyıq.

Gəlin bu gündən sonra evimizi sevgi cənnətinə çevirək. Özümüzü, ailəmizi¸ uşaqlarımızı¸ dostlarımızı¸ şəhərimizi¸ vətənimizi və dünyamızı sevək. Sevdiyimizi onlara söyləyək və dünyamız sevgi ilə əhatə olunsun.

            “Yaradandan ötrü Yaradılanı sevək”, deyən Yunus Əmrə kimi… Bütün dünyada müharibələrin, düşmənçiliyin bitməsi, sevgi və dostluğun hakim olması diləyi ilə...

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)