ÖMRÜMÜZÜN ƏN DƏYƏRLİ DÖVRÜ

Allah Təala ailə müəssisəsində düşünənlər üçün bir çox hikmətlərin gizli olduğunu bəyan edir:

Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır” (Rum, 21).

***

İnsanın yaradılışı ilə başlayan ailə həyatı, heç şübhəsiz ki, əbədiyyət səfərimizdə çatacağımız nəticəni təyin edən yeganə aynadır. Çünki ailə bir baxıma insanın axirət tarlası olan dünyada həm duyğularının, iradəsinin, həm də ağlının və könlünün təlim gördüyü ilk məktəb, ilk məhəbbət, ilk paylaşma, ilk səadət və ilk cənnət mühitidir.

Bu səbəbdən bu mübarək yuva hər baxımdan əsl mahiyyətinə qovuşmalı və ömrümüzün ən dəyərli dövrü olmalıdır. Xarici dünyada quru bir qəhvənin xətri qırx il sayılarkən, daxili dünyada neçə-neçə qəhvələr və gözəlliklər xətirsiz olmamalıdır. Ev həyatında bir ömrü əhatə edən bərabərlik bezginlik gətirməməli, bir-birimizin qədir və qiymətini gözdən salmamalı, əksinə üstündən illər keçdikcə gözəlləşən və qiymətli hala gələn abidə əsərlər kimi ehtişamlı bir hala çevrilməlidir.

Onun üçün ailə yuvamıza baxışımızı yenidən gözdən keçirməliyik. O qüdsi yuva nə bir otel, nə də bir qəflət arenasıdır. Ora Haqqın razılığına müntəzir eşq, məhəbbət, paylaşma və xidmət meyvələrinin toplandığı bir könül bağçasıdır. Bu bağçanın gülləri, sümbülləri, bülbülləri bir bahar havası içində olarsa, qiyamətdə də nəsibimizin bahar gözəlliyi olması gözləniləndir.

 

***

 

İslam qoyduğu məhəbbət və haqq ölçüləri etibarilə məsud və balanslı bir ailə quruluşu təsis edir. Yəni ailə ilə dinclik və səadəti hədəfləyir. Belə ki: “İnsanın cənnəti evidir...” -  buyurulmuşdur.

Həqiqətən, ilahi ölçülərlə qurulmuş bir yuva dünya şərtləri içərisində sanki cənnətdir. Belə bir yüksək anlayış və quruluş isə, əlbəttə, yüksək ölçü və məhəbbət üzərində, qanuni təməllərlə mümkün olduğu üçün İslam işə nikah kimi ülvi bir “əhdləşmə/qarşılıqlı söz vermə” ilə başlayır. Yəni hər iki tərəfin Allah hüzurunda bir-birlərinə Allah adına müəyyən sözlər vermələrini şərt qoşur. Atalarımız deyərdi: “Nikahda kəramət vardır”  - kəlamı, xoşbəxt və hüzurlu bir ailənin təsisində nikahın əhəmiyyətini və qazandırdığı faydaları göstərir.

Nikah ilə iki yad insanın heyrətamiz şəkildə bir-birinə öyrəşməsində incə dərslər və hikmətlər gizlidir. Ana-ata ocağından ayrılan iki yad gəncin Allahın aralarına lütf etdiyi məhəbbət və mərhəmətlə bir-birlərinə könüllərini bağlaması, hətta ayrıldıqları ana-ata yuvasını kölgədə qoyan səmimi bir istilik və cazibə içində yaşaması, ülvi bir hikmət təcəllisidir, üzərində dərindən təfəkkür ediləcək qüdsi bir dərsdir.

***

Məhəbbət ailənin mayası və qidasıdır. Məhəbbətin azaldığı və xəsarət aldığı hallarda ailə də sarsılmağa başlayır. Məhəbbət də ikitərəfli olmalıdır. Çünki məhəbbət ürəkləri fizikadakı birləşmiş qablar kimi təsiri altına alır. İnsan sevdiyi qədər sevilir. Digər tərəfdən, məhəbbət artdıqca davranış və sözlər də incəlməli, nəzakət, zəriflik və ehtiramla bəzədilməlidir.

Məhəbbət səmimiyyətsizliyə çevrilməməlidir, müəyyən bir ədəb çərçivəsi daim qorunmalıdır. Məhəbbət, mərhəmət və bənzər bütün duyğular da etidal üzrə olmalıdır. Məhəbbətin həddən artığı zərər verdiyi kimi, sevdiklərimizi məhəbbətdən tamamilə məhrum etmək də onları başqa yerlərdə bu duyğularını qane etməyə yönəldə bilər.

Məhəbbətin nəfsani plana uyğun halda həddi aşması şiddətli qısqanclıq və təzyiqə yol açdığı kimi, azalması da laqeydliyə səbəb olur. Bu iki hal ailə yuvası üçün fəlakətdir. 
           Elə isə ailədəki səadət üçün yeganə hakim ünsür  həyat yoldaşları arasındakı məhəbbət, səmimiyyət və şəfqət olmalıdır.
 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)