Qonşuluğunu gözəlcə yerinə yetir

İslam dini hər bir müsəlmanın ailə fərdlərinə, qohum-əqrəbasına, dost və tanışlarına gözəl davranmağı əxlaq nümunələrindən saymış, cəmiyyətdə yaşadığımız müddətcə bu haqlara riayət etməyin vacibliyindən  bəhs etmiş,  istər ayələrdə, istərsə də peyğəmbərimizin sünnəsində bunun bariz örnəklərini möminlərə açıqlamışdır. İslamda qonşu haqlarının da ailə fərdlərinə olan haqları kimi haqq və hüquqları vardır. Hətta bəzi hallarda qonşunun, ev xalqının haqları kimi bir haqqa sahib olduğunu da Cəbrail əlehissəlamın peyğəmbərimizə tövsiyəsindən görmək olur:

“Cəbrail mənə qonşu haqları haqqında o qədər çox nəsihət etdi ki, az qalsın qonşunu qonşuya varis qılacaq zənn etdim” ( Buxari, ədəb, 123).

İctimai həyatda  bizim haqq və hüquq yönündən, yaxınlıq və uzaqlıq yönündən, eləcə din qardaşlığı yönündən insanlarla qarşılıqlı bir haqq və məsuliyyətlərimiz vardır. Allah-Təala bu haqların vacibliyini bütün bəndələrinə Qurani-Kərimdə açıq-aydın şəkildə bildirmiş və müsəlmanları bu haqlara riayət etməyə çağırmışdır:

“Allaha ibadət edin. Ona heç bir şeyi ortaq qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalanlara, kölə və cariyələrinizə yaxşılıq edin. Allah-Təala özünü bəyənən və üstün görən kimsələri əsla sevməz”. (Nisa, 4/36)

İslam cəmiyyətində yaxşılıq qədər şərlər və sıxıntılar da olur. Bu həqiqəti dərk edən bir müsəlman insanlarla bir arada yaşamağın ortaya çıxaracağı çətinlikləri anlayışla qarşılamalı, böyük-kiçik qüsurları görməməzlikdən gəlməlidir. Çünkü belə anlaşmazlıqlar, sıxıntılar üzərinə gedilirsə, qonşuluq əlaqələrinin qoparılmasına gətirib çıxara bilər. Lakin bəzən də bu sıxıntılar kiçik görülməyəcək qədər böyük olur və zülmə qədər gəlib çıxarsa, o zaman bunun da çarəsini artıq zülm etmədən ortadan qaldırmaq vacib olur. Məsələnin daha yaxşı anlaşılması üçün Əsri-Səadətdə yaşanan bir hadisəni izah etmək daha inandırıcı olacaqdır:

Əbu Hüreyrə (radıyallahu anhın) bildirdiyinə görə bir adam Allah Rəsulunun (s.ə.s.) yanına gəlib qonşusunun onu incitdiyindən şikayət etdi. Peyğəmbər (s.ə.s.) ona: “Get! Səbir et!”- buyurdu. Həmin adam ikinci və üçüncü dəfə eyni şikayətlə gəlincə, Allah Rəsulu (s.ə.s.): “Get, əşyalarını yolun ortasına qoy!”- buyurdu. Adam əşyalarını yolun ortasına töküncə,  gələn-gedənə, halını soruşanlara qonşusunun onu bu hala gətirdiyini dedi. Hər eşidən, bilən o qonşuya lənət etməyə başladı. Məsələ qonşunun qulağına gəlib çatınca, o, başıalovlu halda qonşusunun yanına gələrək: “Yalvarıram sənə, qayıt evinə, biabır oldum aləmə, üstəlik, hamı da lənət oxuyur. Bir daha səni incitməyəcəyəm”,- deyərək üzrxahlıq edir.

Qonşuluq haqlarına riayət etmək və qonşulara qarşı gözəl münasibətdə olmaq həqiqi bir müsəlman sayılmağın nəticəsidir ki, Allah Rəsulu (s.ə.s.) “Sənə qonşu olanla qonşuluğunu gözəlcə yerinə yetir ki, müsəlman sayılasan”,- buyurmuşdur (İbn Macə, Zühd, 24).

Allah Rəsulunun yolunu addım-addım izləyən və nəql etdiklərini həyatlarına keçirməyə çalışan əshabı hər mövzuda olduğu kimi, qonşuluq münasibətlərinə də doğru bir şəkildə riayət edə bilmək üçün peyğəmbərimizə suallar vermiş, aldıqları cavablar ölçüsündə bunu tətbiq etməyə səy göstərmişlər. Bu mövzuda daha geniş və dolğun bir rəvayət Muaz ibn Cəbəl (radıyallahu anhdan) gəlmişdir. Belə ki, Muaz ibn Cəbəl radıyallahu anh rəvayət edir ki:

Biz dedik:

  • “Ey Allahın Rəsulu, qonşunun qonşu üzərində haqqı nədir? Allah Rəsulu (s.ə.s.) belə cavab verdi:
  • “Səndən borc istəyərsə, borc verməyin, yardım etməyini istəyərsə, yardım etməyin, ehtiyacı varsa, ehtiyacını qarşılamağın, xəstələnərsə, ziyarət etməyin, vəfat edərsə,  cənazəsində iştirak etməyin, bir xeyir iş olarsa, sənin də onun sevincinə şərik olmağın, bir müsibətlə üzləşərsə, təsəlli etməyin, yeməyinin qoxusu ilə ona əziyyət etməməyin (əgər bişirdiyi yemək qonşusunun nəfsini çəkməsinə səbəb olacaqsa,  ondan bir qab qonşuya da vermək), ondan özünü üstün görməməyin, əgər havanın qabağını alacaqsa, binanı və ya hasarını yüksəltməməyin, aldığın (görünürsə) meyvədən ona da verməyin, ya da göstərmədən gizlicə evinə aparmağın, uşağını əlindəki yeyəcəklə bayıra çıxarmamağındır. Sizə nə dediyimi başa düşdünüzmü? Qonşu haqqını tam olaraq ancaq Allahın rəhm etdiyi çox az insan yerinə yetirə bilirlər”  (Qurtubi, əl-Cami, V/188; əl-Heysəmi, Məcmaüz –Zəvaid, VIII/168-179).

Nəticə olaraq, qonşuluq münasibətlərinə ən gözəl şəkildə riayət edənlər müsəlmanlar aralarındakı qardaşlıq əlaqələrinin güclənməsinə səbəb olmaqla bərabər, Allah-Təalanın rizasını qazanma yolunda istədiklərinə nail olmanın sevincini yaşayarlar.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)