QARAĞAT


Kəmalə Hüseynova
Bu yazıya 4467 dəfə baxılıb.

25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Rənginə görə 3 növə ayrılır: qara qarağat, qırmızı qarağat ağ qarağat.

Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Azərbaycanın dağlıq və dağətəyi zonalarında geniş yayılmışdır. Həmçinin həyətyanı sahələrdə də kifayət qədər əkilib, becərilir.

Qarağat giləmeyvəsinin tərkibində insan orqanizminin normal inkişafı üçün zəruri olan çoxlu şəkər, zülal, yağ, turşu, vitamin və bir sıra başqa faydalı maddələr vardır. 150 qram qırmızı qarağatda 40, qara qarağatda isə 79-80 milliqram "C" vitamini var. Qarağat meyvələrinin tərkibində şəkərin miqdarı 16,2-18, ümumi turşunun miqdarı isə 1,8-3 faizdir.

QARA QARAĞAT. Meyvələri və yarpaqları müalicəvi xassəyə malikdir, ona görə də bunlardan təbabətdə istifadə edilir. Meyvələri tam yetişəndən sonra yığılır, əvvəl bir qədər havada, sonra isə 60 C0 temperaturda, sobada qurudulur.

Yarpaqları çiçəkləmə dövründə yığılır və kölgədə qurudulur.

Vitaminlərin mənbəyi kimi avitaminozda və sinqada profilaktika və müalicə məqsədilə istifadə edilir. 15-20 q meyvəsi orqanizmin bir sutkalıq C vitamininə olan ehtiyacını təmin edir. Aterosklerozda və hipertoniyada meyvələri profilaktika və müalicə vasitəsidir.

Xalq təbabətində qurudulmuş meyvələri tərlədici, sidikqovucu, orqanizmin möhkəmliyini artıran vasitə kimi işlədilir. O, mədə- bağırsaq xəstəliklərində (mədə və 12 barmaq bağırsaq xəstəliklərində, mədənin turşuluğu az olanda və s.), qan azlığında, ürəyin ritmik fəaliyyəti pozulduqda, ürək qüsuru və soyuqdəymə xəstəliklərində məsləhət görülür.

Yarpaqlarının həlimi, şişdə, soyuqdəymədə, böyrəkdə və sidik kisəsində daş olanda, titrətmə - qızdırma və revmatizmdə faydalıdır.

Ümumiyyətlə, qara qarağatın meyvələri kimyəvi elementlərlə zəngin olduğu üçün müxtəlif xəstəliklərin müalicəsinə yaxşı təsir göstərir.

 Qarağat çayı: Qurudulmuş meyvələrindən iki xörək qaşığı 500 ml qaynar suda bir neçə saat dəmlənir. Gün ərzində 4-5 dəfə vitaminli çay kimi ½ stəkan içilir.

Qarağat mürəbbəsi: Vitaminli mürəbbəsi çox faydalıdır. Onu belə hazırlayırlar: yetişmiş təzə çiy meyvələri 3 dəfə artıq şəkərlə əl ilə və ya taxta qaşıq ilə əzib qarışdırılır və sərin yerdə saxlanır. Qış boyu soyuqdəymədə, zəiflikdə və başqa xəstəliklərdə 2 çay qaşığı qaynanmış suya töküb içmək məsləhətdir.

Qara qarağatın yarpaqları əzələ zəifliyində, qanazlığında, hipertoniyada və başqa xəstəliklərdə istifadə edilir.

Qrip xəstəliyində 2 x.qaşığı qara qarağatın üstünə 2 stəkan qaynar su töküb termosda gecəni saxlamaq, sonra süzmək lazımdır. Gündə yeməkdən 30 dəq qabaq 100 ml 4 dəfə 1 x.qaşığı bal əlavə edib içmək yaxşı nəticə verir.

Səs xırıltılı və boğuq olduqda 2-3 x.qaşığı qara qarağat meyvələrini 1 stəkan su töküb 10 dəq. qaynatmaq 1 saat dəmləyib süzmək lazımdır. Yeməkdən 30 dəq qabaq gündə 3 dəfə hər dəfə 50 ml qəbul etmək lazımdır.

Qlakoma xəstəliyində qara qarağatın qurudulmuş yarpaqlarından 3-4 qr götürüb 1 stəkan qaynar suda isti yerdə 20 dəq. dəmləmək, süzmək lazımdır. Adi çay kimi gündə 2-3 dəfə 0,5-1 stəkan içmək məsləhətdir.

Artrit və artroz xəstəliklərində və podaqrada qarağatın yarpaqlarından 2 x.qaşığı götürüb 1 stəkan qaynar suda 20 dəq. dəmləmək. Gündə 2-3 dəfə içmək.

Maddələr mübadiləsi pozulanda, dəri xəstəliklərində qara qarağatın yarpaqlarının çayı, həlimi səmərəlidir.

Qara qarağatın quru yarpaqlarından çay və ya həlim hazırlanır. Qara qarağatın meyvələrindən ballı içki: 600 qr meyvə ələkdən keçirilir və 5 x.qaşığı bal əlavə edilir. Az-az qazlı su ilə qəbul edilir. Bu içki hipertoniya əleyhinə vasitədir.

Qara qarağatın yarpaqları yaxşı sidikqovucu və yel əleyhinə vasitədir. Qara qarağatın yarpaqlarından alınan dərman podaqrada (bədəndə maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn oynaq və toxuma xəstəliyi) və oynaqların yel xəstəliyində əhəmiyyətlidir. Bunun üçün 1 x.qaşığı yarpaqları 4-5 saat 1-2 stəkan suda dəmləmək. Gündə 4-5 dəfə yeməkdən qabaq ½ stəkan içmək.

Əsəb xəstəliklərinin inkişafında qara qarağatın yarpaqlarının çayını içmək məsləhətdir.

Qara qarağatın şirəsi hipertoniyada və aterosklerozda müalicə və profilaktika vasitəsi sayılır. Təzə qara qarağat meyvələrinin bal və ya şəkərlə əzilib qarışdırılmışından 1-2 x.qaşığı qara qarağat, yarpaqlarından dəmlənmiş çay ilə içildikdə hipertoniyada faydalıdır.

Qara qarağat immunitet artıran qüvvətli vasitədir.

Qara qarağatın həlimi ishalda və mədə pozğunluğunda səmərəli vasitədir:

Güclü öskürəkdə və boğazda xırıltı olanda qara qarağatın meyvələrinin şirəsini içirlər: 1:10 nisbətində şəkərlə qatıb 2 x.qaşığı gündə 3 dəfə içmək.

Qara qarağatın təzə şirəsini qastritdə şəkərsiz içmək məsləhət görürlər. 1/3 stəkan şirə gündə 3 dəfə içmək.

Qara qarağatın meyvələrinin həlimi, baş ağrısında, podaqrada və göy öskürəkdə məsləhət görülür.


Kəmalə Hüseynova
Bu yazıya 4467 dəfə baxılıb.