Ana şəfqəti


Rəna Mirzəliyeva
Bu yazıya 968 dəfə baxılıb.

Bəşər övladında bir çox duyğu hissələri mövcuddur. Onlardan en əhəmiyyətlisi sevgi, şəfqət hissidir. Bu hiss insanlarda ya sonradan yaranır, ya da anadangəlmə olur. Ananın öz övladına olan sevgisi, şəfqət hissi də onun ruh aləminə hopub, onunla birgə doğulan, sonradan qazanılmayan bir duyğudur. Qadına aid əsas xüsusiyyətlərin ən başında ana olmaq şərəfi gəlir. Çünkü ana olmaq bir qəlb işidir. Cəmiyyəti quran da, onu bərbad edən də yenə anadır. Hər kəsə yaxşılıq etməyi, hər kəsin haqqına riayət etməyi əmr edən İslam dini insanların öz valideynlərinə yaxşılıq etməyi əmr etmişdir. Uca Allah öz kitabı Qurani-Kərimdə belə buyurmuşdur: “Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyyə etdik. Anası onu (bətnində) məşəqqətlə daşımışdır.”

Aləmlərə rəhmət olaraq göndərilən əziz və sevimli Peyğəmbərimiz Məhəmməd aleyhis-səlam:- “Cənnət anaların ayaqları altındadır.” Söyləyərək analıq şərəfinin nə qədər uca olduğunu bildirmişdir: Bu hədis bizə bildirir ki, biz valideynlərimizi, o cümlədən, anamızı çox sevməli, hörmətini saxlamalı, onların itaətində durmalıyıq. Bizim hörmət, sevgi və qayğımız nə qədər çox olarsa, Allah da bizdən çox razı qalar. Başqa sözlə biz Allahın bizdən razı qalmağına, cənnətinə girməyə nail ola bilərik. Həqiqətən ana bütün ruh və bədənini öz övladına fəda edir. Ana övladını bir müddət bətnində, ondan sonra qollarında və bütün ömrü boyu ta qəbrə qədər qəlbində daşıyır. Səhabələrdən Abdullah İbn. Məsud bir gün Peyğəmbər əleyhis-səlamdan soruşmuşdur.

-“Allah qatında ən sevimli əməl hansıdır?” Peyğəmbər:

-“Vaxtında qılınan namazdır.”

-“Bundan sonra hansı əməldir?” deyə soruşanda

-“Ata-anaya yaxşılıq etməkdir.” deyə buyurmuşdur.

Həqiqətən dünyanı qarış-qarış gəzsən öz anamız kimi bizi bağrına basaraq sevən və bizi şəfqətlə qucaqlayan bir ana tapa bilməzsən. Insan öz xanımı, yoldaşı kimi birini və ya ondan daha da yaxşısını tapa bilər, ancaq ananın yerini heç kəs verə bilməz. Ana hamilə qaldığı gündən etibarən uşağa görə çoxlu əzab-əziyyət çəkir. Doğum əsnasındakı sıxıntıları isə zirvəyə çatır, bəzən ananın ölümü ilə nəticələnir. Ancaq ananın əsas vəzifəsi uşaq doğulandan sonra başlayır. Analıq həyatı körpəyə süd verilməsi, geyindirilməsi, təmizliyinə diqqət edilməsi, tərbiyyə və müalicə edilməsi kimi ardı-arxası kəsilmədən ömrü boyu davam edən bir xidmət dövrü içində keçir.

Uca Allahın, bəxş etdiyi şəfqət hissi anaları istirahətlərini, sağlamlıqlarını, yemek-içmək və geyinmələrini fikirləşmədən bütün varlığı ilə övladlarının qayğısına qalmağa, körpələrinin hər nazını çəkməyə sövq edir.

Analarımızın bu sonu və sərhəddi olmayan fədakarlıqlarının əvəzini övlad nə maddi və nə mənəvi qarşılıqla heç bir vaxt ödəyə bilməz. Bir gün Rəsulullahın yanına bir nəfər gəldi və:

-“Ey Allahın elçisi! Anam çox qocalıb. Mən onu öz əllərimlə yedirir, içirir və belimdəgəzdirirəm. Hər cür ehtiyyacına cavab verirəm. Sizcə mən mükafata haqq qazandımmı?” deyə soruşdu.

-“Xeyr, sənin bütün bu etdiklərin ananın sənin üzərindəki haqlarının yüzdə birinin belə əvəzi deyil. Ancaq sən yaxşılıq edirsən. Allah Təala sənə bu az yaxşılığının müqabilində çox savab verər”-deyə buyurmuşdur.

Ananın övladı üçün göstərdiyi fədakarlıqları bir neçə sözlə ifadə etmək mümkün deyil. Hətta şüursuz heyvanlar aləmində belə bunun bariz nümunələrini biz açıq şəkildə görə bilərik. Başqa heyvanlara nisbətən olduqca zəif olan sərçə balalarının başının üstünü almış təhlükəni hiss edərkən həyatı bahasına onları xilas etməyə atılır. Ana məhəbbəti, şəfqəti, ana fədakarlığı heç kəsin məhəbbəti, fədakarlığı ilə müqayisə edilə bilməz.

Analarımız bizim üçün çox müqəddəs insanlardır. Bəzən özləri yeməyib bizləri yedirən, özləri geyinməyib bizləri geyindirən, azacıq xəstələndikdə belə başımızın üstündə dayanıb səhərə qədər bizə keşik çəkən, rahatlığını, ömrünü-gününü bizlərə sərf edən yenə anadır. Bütün bu yaxşılıqlarına görə biz də analarımıza yaxşılıq etməli, onları saxlamalıyıq. Pis, ağır sözlərlə onları incitməməli, onların üzlərinə sərt və hirsli baxışlarla baxmamalıyıq. Bizi bir işə çağırarkən qaça-qaça getməliyik. Yanlarında olarkən səsimizi onların səsindən yüksəyə qaldırmamalıyıq. Yolda gedərkən onlardan qabağa getməməli, onlardan icazəsiz bir yerə getməməliyik. Onlar vəfat edərkən rəhmətlə xatırlamalı, onlara dua etməli, ruhları üçün xeyirxahlıq göstərməli, vəsiyyətlərini yerinə yetirib, onların arxasınca pis söz danışılmağına səbəb olmamalıyıq. Ana-atamızı adları ilə çağırmamalı, danışarkən “bəli”, “xeyir” ilə danışmalıyıq. Etdiyimiz yaxşılıqları başa qaxmamalı, minnət etməməliyik. Peyğəmbər əleyhis-səlam belə buyurmuşdur: “Allahın qiyamət günündə üzlərinə baxmayacağı insanlardan biri də ata-anasının üzünə ağ olandır. Allah bütün günahlardan istədiklərinin (cəzasını) qiyamət gününədək təxirə salır, yalnız ata-ananın üzünə ağ olanın cəzasını sahibinə ölməmişdən əvvəl verir.” Allah Təala bizləri ata-anasına xeyirli övlad olan qullarından etsin. Amin!


Rəna Mirzəliyeva
Bu yazıya 968 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.