“Xan qızı” ləqəbi ilə tanınan” Xurşidbanu Natəvan


Əzimə Məmmədova
Bu yazıya 1192 dəfə baxılıb.

Yenə ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm,

                                               Rümuzi –eşqdən agah olub, ustad olan  könlüm.

            20 əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri də  Xurşidbanu Natəvandır. O, həmin    dövrdə Füzuli ədəbi məktəbinin ənənələrini davam etdirən sənətkarlardan biri kimi tanınır. Azərbaycan ədəbiyyatı tarixində lirik şair kimi məşhur olan Xurşidbanu Natəvan 1832-ci ildə Şuşada Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Xalq arasında “Xan Qızı” ləqəbi ilə çağrılan Xurşidbanu saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Lakin onun şəxsi həyatı uğursuz keçmişdir. On üç yaşında olarkən atası ölmüş, ailə başsız qalmışdır. O, dağıstanlı knyaz Xasay xan Usmiyevlə ailə qurmuş, ancaq bu ailənin taleyi uğursuz olmuşdur. Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir Şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar.

    Natəvan xalqın rifahı  üçün bir sıra nəcib və xeyirxah işlər görmüşdür. Xurşidbanu Natəvan xalqın səadəti və maariflənməsi yolunda böyük fədakarlıq göstərən mübariz və vətənpərvər bir insandır. O, doğma yurdu Şuşa şəhərinə su çəkdirmiş, park saldırmışdır. O  “Məclisi üns” ( ünsiyyət məclisi) adlı ədəbi məclisə rəhbərlik etmişdir.1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə təşkil edilən bu məclisi 1872-ci ildə Xurşidbanu Natəvan öz himayəsinə götürmüşdür.

   Natəvan yalnız lirik şerlər yazmışdır. Şerlərinin çoxu qəzəl janrındadır. Qəzəllərinin əsas mövzusu insanın könül dünyasının, insanpərvərliyin, səmimi dostluq  hisslərinin təsviri və tərənnümüdür. “Ey dost”,   “Xudahafiz” rədifli qəzəllərində xain, yaramaz  adamların bəd niyyətləri pislənilir.

          Natəvanın təbiət gözəlliklərinə həsr etdiyi qəzəlləri də vardır. “Gülün”, “Bülbül”, “Bənövşə”, “Qərənfil” və.s şerlərində şair təbiət gözəlliklərini insanın könül dünyası ilə əlaqədə təsvir edir.

Natəvanın şerlərinin böyük bir hissəsinin lirik qəhrəmanı sinəsinə oğul dağı çəkilmiş dərdli anadır. Şairin “Yanar canım, oğul...”, “Sənsiz”, “Əfsus”, “Getmə” qəzəlləri  həyatdan nakam köçmüş oğlu Mirabbasın ,  “Ölürəm” qəzəli isə böyük oğlu Mehdiqulu xanın ölümü münasibətilə yazılmışdır. Böyük ürək yanğısı ilə qələmə alınan bu şerlər yüksək bədii sənətkarlığı ilə seçilir. “Əfsus” rədifli qəzəlində Natəvan oğlunu gülə,növbahara,özünü isə ağlar bülbülə bənzədir.

           Keçibdi mövsimi-gül, getdi novbahar, əfsus,

           Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus.

           Riyazi-izzü şərafətdə bir gül açmışdı,

           Qopardı o gülü gülçini-ruzigar, əfsus.

    1885-ci ildə oğlu Mirabbasın xəstələnib ölməsi şairənin izdirablarını daha da artırmış, səhhəti tamam pozulmuşdur. Natəvan ömrünün axırına qədər ruhi sarsıntılar və üzüntülər içərisində yaşamış və 1891-ci il Şuşada dünyasını dəyişmişdir. Onu böyük təntənə ilə Ağdama gətirib “İmarət” deyilən ailə qəbristanlığında dəfn etmişlər.

20-ci əsrdə şairənin əsərləri toplanaraq bir neçə dəfə çap olunmuşdur. Şairə haqqında bir çox əsərlər yazılmışdır. İlyas Əfəndiyevin tarixi mövzuda yazdığı ən məşhur dram əsərlərindən biri məhz “Xurşidbanu Natəvan “ pyesidir. Əsər X.Natəvanın xalqın rifahı üçün gördüyü nəcib və xeyirxah işlərə həsr olunmuşdur. Əsərdə Natəvanın xalqına bağlı bir sənətkar olması qabarıq şəkildə təsvir olunur.

           Xalqı üçün əlindən gələni edən şairənin keçdiyi həyat yolu əsl Azərbaycan  qadınına aid olan milli-mənəvi dəyərlərlə zəngin olduğu üçün o, hər bir Azərbaycan qadını üçün nümunəvi bir şəxsiyyətdir.

 


Əzimə Məmmədova
Bu yazıya 1192 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.