Qurban Və Həcc Ibadətinin Sirri


Aynurə Məmmədova
Bu yazıya 916 dəfə baxılıb.

İslam dünyasının ən müqəddəs bayram­larından sayılan Qurban bayramı hər il bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. İnsanlara inam gətirən və onları halallığa, paklığa səsləyən müsəlman təqvimi ilə zilhiccə ayının 10-nunda (böyük həcc günü) qeyd edilən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var.

İslam dinindən əvvəl mövcud olmuş bütpərəstlik, atəşpərəstlik və digər dinlərə nəzər saldıqda onlarda da qurban vermə hallarının mövcud olduğunu görə bilərik.

Məlum olduğu kimi, Hz.Adəmin Habil və Qabil adlı oğulları da Allaha qurban vermiş və yalnız xeyirxah və Allahdan çəkinən qardaşın qurbanı qəbul edilmişdir. Bu hadisə ilə bağlı Qurani-Kərimdə belə buyurulur: “(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (əl-Maidə, 27).

Qurban bayramının tarixi əsasən İbrahim peyğəmbərin oğlu İsmayılı Mina dağında Allaha qurban kəsməsı hadisəsi ilə əlaqədardır. İbrahim (ə.s.)ın uzun müddət övladı olmadığı üçün o, bir oğlu olarsa, Allah yolunda qurban edəcəyini nəzir deyir. Uzun müddətdən sonra bir oğlu olan peyğəmbər nəzirini unudur. Günlərin bir günü yuxuda oğlunu qurban kəsdiyini görən İbrahim (ə) nəzirini xatırlayır və yuxusunu İsmayıla danışır. Oğlu da buna tam bir təslimiyyət göstərir. Bundan sonra İbrahim (ə.) nəzirini kəsmək istəyir. Ancaq nəzir olsa da Allah-Təala buna mane olaraq Cəbrayıl (ə.) vasitəsilə insanın əvəzinə qoçun qurban etməsini bildirir. Bu hadisə ilə bağlı Qurani Kərimdə belə buyurulur: “O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən?” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmayılı qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq” (əs-Səffat, 102-105).

Hz.İsmayıl (r.a.)ın yerinə qoçun qurban kəsilməsini əmr etməsi Allah Təalanın insanlığa (bəşəriyyətə) böyük bir lütfüdür. Bu hadisədən məlum olur ki, ata, ana və oğul insanı heyrətə salacaq dərəcədə bir böyük fədakarlıq göstəriblər. Məhz bu hadisə bizləri bəzi suallar ətrafında düşünməyə məcbur edir: bəs bizim nəfsimizi və malımızı Allah yolunda sərf etmə fədakarlığımız varmı? Və ya dərəcəsi nə qədərdir?

Hazırkı dövrümüzdə bu bayramın ən təmtəraqla qeyd olunduğu məkan, həmin hadisənin baş verdiyi yer - Məkkə, Kəbə evi və onun ətrafıdır. Hacılar həmin günün xatirəsi olaraq, Mina vadisində ucaldılan 3 şeytan sütununa daş atır, Zəmzəm quyusunun suyundan içir, İsmayılın anasının su axtarmaq üçün ora-bura qaçdığı Səfa və Qərib təpələrini 7 dəfə iti addımlarla keçir, qurban kəsirlər.

Peyğəmbərimiz (s.ə.s.): “Qurban kəsməyə imkanı olub qurban kəsməyən şəxs namazgahıma yaxınlaşmasın” buyurmaqla qurban kəsməyin yalnız gücü çata bilən, imkanlı adamların boynunda haqq olduğunu bildirmişdir.

Qurban kəsmədə əsas məqsəd – iradəsini Haqqın rizasına təslim edərək, onun hər əmrinə itaət edərək, boyun əyən bir qul olaraq saysız-hesabsız nemətlər müqabilində Rəbbimizə şükr etmək və günahların bağışlanmasını diləmək niyyətilə ehtiyacda olanlara yardım etməkdir. Mərhəmət və şəfqət dini olan İslam “Adəm oğlu üçün Alah qatında qurban bayramı günündə qurban kəsməkdən daha sevimli bir əməl yoxdur. O, qiyamət günü hüzura gələcəkdir” şüarı ilə müsəlmanlara din qardaşlarına həm maddi, həm də mənəvi yardım etməyi əmr etmişdir.

İslamın bütün ayinləri kimi bu bayram da müsəlmanların rifahına, onların yaşayış şəraitlərinin yaxşılaşmasına xidmət edir. Müstəqil bir ibadət sayılan qurban eyni zamanda İslam dinindəki sosial yardımlaşmanın və həmrəyliyin bir örnəyi olaraq Allaha sədaqətin sonsuz nümunəsini göstərir.

Bütün müsəlmanları bayram münasibətilə təbrik edir, kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını arzulayırıq.

 

 


Aynurə Məmmədova
Bu yazıya 916 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.