İslamda Qurban


Bu yazıya 964 dəfə baxılıb.

İslama görə qurban, ibadət məqsədi ilə müəyyən vaxtda, müəyyən şərtləri daşıyan heyvanı qaydasına uyğun olaraq Allah (c.c.) rızası üçün kəsməkdən ibarətdir. Qurban kəsməyi Allah Taala (c.c.) hər ümmətə əmr etdiyini xəbər verərək belə buyurur: “Biz hər ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər) ... .” (əl-Həcc, 22/34). Peyğəmbərimiz hz. Muhamməd (s.a.s.) də qurbanın önəmini bildirmək üçün belə buyurmuşdur: “Kimm maddi imkanı olduğu halda qurban kəsməzsə bizim namazgahımıza yaxınlaşmasın.” (İbn Macə, Edahi 2, Ahməd b. Hanbəl, 2/321.

Qurban kəsmək, İslamın yerinə yetirilməsini tövsiyə etdiyi bir ibadət olmaqla yanaşı fərz dərəcəsində olmayan, ancaq fərzə yaxın (vacib) bir ibadətdir. İslamda qurban, qoyun, keçi, inək, camış və dəvədən olur. Bunların hər birinin özünə görə bəzi şərtləri vardır. Qurban ibadətini təməl ehtiyacları (İslama görə təməl ehtiyaclar, insanın yaşadığı ev, mindiyi maşın, yetəri qədər əşya və baxmaqla məsul olduğu kəslərin bir illik ehtiyacından ibarətdir.) və borcundan başqa nisab miqdarı (nisab miqdarı: insanın təməl ehtiyacları və borcundan əlavə 80 qr. qızıl və ya buna bərabər pul ya da mala sahib olması deməkdir.) mala sahib olan müsəlmanların yerinə yetirməsi vacibdir. Zəkat verən müsəlmanın eyni zamanda qurban kəsməsi də lazımdır. Ancaq qurban kəsə bilmək üçün zəkatdakı kimi malın üzərindən bir il keçməi lazım deyildir.

Qurban kəsən müsəlman hər şeydən öncə Uca Allahın (c.c.) əmrinə boyun əymiş və qulluq borcunu yerinə yetirmiş olur.

Qurbanın, cəmiyyətdə qardaşlıq, yardımlaşma və birlik ruhunu canlı tutmaqda önəmli bir rol oynayır. Xüsusilə heç ət alma imkanı olmayan və ya nadir hallarda ət alma imkanı tapan yoxsulların var olduğu bir mühitdə qurban ibadətinin çox vacib bir sosial vəzifə daşıdığı, kasıbları sevindirdiyi açıqca görülməkdədir.

Qurban, insanın Allaha (c.c.) yaxınlaşmasına vəsilə olan bir ibadətdir. Qurban sözünüyn özü də, ‘yaxınlaşmaq’ deməkdir. Qurban kəsən müsəlman bu vəzifəni yerinə yetirməklə Hz. İbrahim(a.s.) (hz. İbrahimin oğlunu qurban etməyə təşəbbəsə ilə bağlı: əs-Saffat, 37/99-110) kimi Allaha (c.c.) və Onun (c.c.) əmrlərinə olan bağlılığını, lazım gəldiyində Onun (c.c.) rızasını qazanmaq üçün hər fədakarlığa hazır olduğunu göstərmiş olur. Buna görə, bütün ibadətlərdə olduğu kimi, qurbanda da təmiz niyyət və ixlas vacibdir. Belə ki, Qur’ani Kərimdə də belə buyrulmaqdadır: “Kəsilən heyvanların nə ətləri nə də qanları Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi qəlbdən etdiyiniz ibadətdir). (əl-Həcc, 22/37.)

 

Yəhudilik və Xristianlıqdaki qurbanın İslamdakı qurban ilə müqayisəsi:

 

İnsanlıq tarixi boyunca bütün dinlərdə qurban ibadəti var olmuşdur. Ancaq hər dində istər qurbanlıqlar, istərsə də qurban etmə şəkilləri və qurbanın edilmə məqsədləri baxımından fərqliliklər vardır.

Yəhudilik və Xristianlıqda qurban ibadəti ilə bağlı fərqli anlayış və tətbiqatlar mövcuddur.

Yəhudilikdə qurban:

Yəhudilikdə insanın qurban edilməsindən də bəhsedilməkdədir. (Çıxış, 13/1-2, 11-15,22/28-29, 34/19-20; Təkvin, 22/2.). İnsanın qurban edilmə adəti onlara böyük bir ehtimalla, birlikdə yaşadıqları Sami və Kənan mədəniyyətindən keçmişdir. Məsələn, Ba’l adındakı büt, təzə ətləri sevməsi səbəbiylə, onun yeməsi üçün uşaqların qurban edildiyi bildirilmişdir. (Bu adət, qədim Misirdə Nil çayına, qədim Slavyanlarda isə Volqa çayına bəzədilərək gənc qızların diri diri qurban verilməsi şəklində özünü göstərmişdir.) Bundan əlavə Tövratda ilk doğulan uşaqların qurban edilməsinə dair qəti əmrlər vardır. Hz. Musa şəriəti ilə uşaqların qurban edilməsi qadağan edilmiş olmasına baxmayaraq (Levililər, 18/21) bəzilərinin bu adəti davam ettirdiyi görülmüşdür. (II. Krallar, 16/3; Hakimlər, 11/30-31.)

Hz. Musadan (a.s.) sonra Qüdsdəki yəhudi müqəddəs məbədinin də dağıdılmasıyla qurban ibadəti tərk edilmiş, bunun yerinə dua ibadəti gətirilmişdir.

İslamda Yəhudiliyin ilk dönəmlərində olduğu kimi insanın qurban edilməsi ilə bağlı bir əmr vq tövsiyə yoxdur. Çünki, İslamda qurban ibadəti, zaman içərisində heç bir dəyişikliyə məruz qalmadan günümüzə qədər davam etmişdir.

Burada bir şeyi də qeyd etmək lazımdır ki, Yəhudi müqəddəs kitabı Tövratda hz. İbrahimin (a.s.) oğlu hz. İsmaili (a.s.) deyil, hz. İshaqı (a.s.) qurban etmək istədiyi qeyd edilsə də, mətni incələdiyimiz zaman bunun sonradan kitaba əlavə edildiyi açıqca görülür. Məsələn, Tövratda hz. İsmailin (a.s.) dünyaya gəlməsindən və hz. İbrahimin (a.s.) o əsnada 86 yaşında olduğundan bəhs edilir (Təkvin 16/15-16). Bundan əlavə hz. İshaqın doğulduğu əsnada hz. İbrahimin yüz yaşında olduğu bildirilir (Təkvin 21/5). Tövratın başqa bir yerində isə, “və Allah, biricik oğlunu, yəni sevdiyin İshaqı götürüb Meriya diyarına get və onu orada sənə söyləyəcəyim dağların birisi üzqrində qurban olaraq təqdim et! Dedi.” cümləsi yer almaqdadır. Burada “yəni sevdiyin İshaqı” ifadəsinin sonradan yerləşdirildiyi görülməkdədir. Çünki, hz. İbrahimin (a.s.), iki oğlundan ikincisi olan Hz. İshaqın (a.s.), Hz. İsmaildən (a.s.) on dörd il sonra doğulmuş olduğuna görə, Hz. İbrahimə (a.s.) verilən qurban əmrindəki ‘biricik oğlu’ ifadəsinin, ancaq, Hz. İsmail (a.s.) haqqında keçdiyi anlaşılır. Bundan əlavə qurban yeri olaraq Meriya sözü qeyd olunub ki, bu da Mərvə təpəsidir. Tarixi məlumatlara əsasən, hz. İshaqın (a.s) Məkkəyə heç getmədiyini bildiyimizə görə, buradan da hz. İbrahimin qurban etmək istədiyi ‘biricik oğlu’nun hz. İsmail (a.s.) olduğu açıq olaraq görülməkdədir.

Xristianlıqda qurban:

Xristianlıqda Hz. İsanın çarmıxa gərilməsi qurban məfhumuna yeni və fərqli bir məna qazandırmışdır. İnsanoğlunun doğuşdan gətirdiyi günahına qarşılıq olaraq, hz. İsanın özünü fəda etdiyinə (qurban etdiyinə) inanılmışdır. Xristianlıqdaki bu inanc, insan üçün insanın qurban edildiyi düşüncəsini ortaya çıxartmışdır.

Buna qarşılıq Qurani Kərim, Hz. İbrahim və oğlu İsmailin Allahın (c.c.) əmrinə könüldən təslim olduqlarını xəbər vermişdir. Onlar, allahın (c.c.) hüzurunda bir imtahan vermiş, bura qarşılıq Uca Allah (c.c.) ilahi bir lütf olaraq qurban ediləcqk bir heyvan bəxşetmiş və onlar Allahın (c.c.) əmrinə uyğun olaraq o heyvanı qurban etmişdirlər. İslam dinindəki qurban ibadəti hz. İbrahimin qissəsinə əsaslanır.

 

 

 



Bu yazıya 964 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.