Uşağa ilk tərbiyəni verən anadır


Vüqarə Məmmədova
Bu yazıya 2683 dəfə baxılıb.

Ana uşaqla təmasda olduğu ilk dəqiqədən onun inkişafı və tərbiyəsi üçün məsuliyyət daşıdığını hiss etməlidir. O, uşağın tərbiyəsi üçün məsuliyyət daşıdığını hiss etməlidir. O, uşağın tərbiyəsi ilə ilk gündən məşğul olmalı, onda müəyyən vərdişləri yaratmalıdır. Südəmər uşaq ilk günlər çimməyi xolşlamır, paltarının, döşəkağısının dəyişdirilməsini, böyrü üstə çevrilməsini, ələ götürülməsini və ya çarpayıya qoyulmasını xoşlamır. Uşaq özünün narazılığını ağlamaq və qışqırmaqla bildirir, əzələlərini gərib müqavimət göstərir.

    Uşağın ağlamağını tez təsməsi üçün ana uşaqla nəvazişlə və xoş rəftar etməlidir.

Südəmər uşaqla ilk gündən danışmaq lazımdır. Ana uşağı çimdiricəksə, onu çarpayıdan dinməz-söyləməz götürməməli, ona mehribancasına belə deməlidir, “Gedək çimməyə”. Yaxud da ona müraciət edib deməlidir: “İndi sənin qulağını təmizləyəcəm. Bilirəm ki, bu sənin xoşuna gəlmir, lakin nə etməli, qulağın çirkdir”, “Yəqin sənə soyuqdur, ağlama indi isinəcəksən” və s. Doğrudur ilk günlər uşaq anasının nə dediyini anlamır, lakin o, ilk gündən onu sakitləşdirən danışıq dili eşitməlidir, belə olduqda çimmə və paltarlarının dəyişdirməsi nisbətən xoş gəlir.  6-9 aylıq uşağı anası götürəndə sevinib gülür. Çimdirən vaxt özü əllərini və ya  ayaqlarını boşaldıb növbə ilə anasına uzadır, suda oynayır, bərkdən gülür, anasına baxıb cürbəcür səslər çıxarır, öz dilində anası ilə danışır. Yavaş-yavaş uşaq deyilən sözü başa düşür. Anasının istəklərini yerinə yetirir.

 9-12 aylığında uşaq dəcəllik etməyə başlayır. Bu aylarda uşaqlar oyuncaqlarla maraqlanır. Onları öyrənməyə çalışırlar.  Uşağa lap əvvəldən istədiyi hər şeyi götürməyə və ya etməyə icazə vermək olmaz. Əgər uşaq qadağan olunmuş şeyi götürübsə sakitcə əlindən alıb əvəzinə zərərsiz başqa bir şey vermək olar. Ona əşyaların adını və bunların nə üçün olduğunu demək, yavaş-yavaş istifadə etməsini öyrətmək  lazımdır. Vaxt gələcək özü daraqdan və diş fırçasından istifadə edəcək. Uşaq bir əşyanı yerə atarsa, eybi yoxdur. Anası onu yerdən götürüb uşağa verməli və belə izah  etməlidir: “Biz daha bu cür oynamayacağıq”  yəni o yerə əyilməkdən yorulub və s. Uşaq həmin şeyi təkrar yerə atarsa, daha onu vermək lazım deyil.

2 yaşına yaxın uşaq get-gedə çevikləşir və müstəqil olur. Böyüklər onu çimdirəndə,  saçını darayanda çox vaxt qoymurlar. Bunu özləri etmək istəyirlər. Belə halda anadan çox hövsələli və səbirli olması məsləhət görülür. Uşağın ilk yöndəmsiz hərəkətlərinə qarşı hövsələsizlik göstərməyin, onun kömək etmək həvəsini öldürməyin. Uşaq hər hansı bir işi görə bilmədikdə ona ürək-dirək vermək, görə bildikdə isə tərifləmək lazımdır.

    Uşaq 3 yaşında əl üzünü özü yuyur, dişlərini özü təmizləyir və s. Bütün bunları o həvəslə edir, edə bildiyi üçün də sevinir və fəxr edir. Bunları ona zorla gördürmək lazım deyil, qoy özü istəyəndə eləsin, yorulduqda, yaxud kefi olmadıqda ona kömək etmək lazımdır.

    Uşağın tərbiyəsində, onun xarakterinin formalaşmasında ailə və ətraf mühit böyük rol oynayır. Bütün yaşlı adamlar kimi hər bir uşağın da özünün təkrarolunmaz, fərdi xüsusiyyətləri vardır. Ata və ana başa düşməlidir ki, onların övladı onlara çox oxşayan, lakin özünəməxsus xarakteri olan başqa bir insandır. Valideynlər uşaqlarının xarakterindəki fərdiliyi öyrənməyə çalışmalı, bunu başa düşməyi bacarmalıdır.  


Vüqarə Məmmədova
Bu yazıya 2683 dəfə baxılıb.