Ruzinin Məcburiyyəti


Hicran Novruzova
Bu yazıya 820 dəfə baxılıb.

RUZİNİN MƏCBURİYYƏTİ

Bir zahid: “Hər insanın ruzisini Allah verir”, - hədisinin mənasını anlamaq istəyirdi. Başını götürüb, çöllərə düşür. Bir tərəfdə yatıb qalır. Öz-özünə: “Görək ruzum necə gələcək”,-deyir.

Elə bu vaxt yolunu azan bir karvan görünür. Yavaş-yavaş zahidin yatdığı yerə yaxınlaşmışdılar. Karvandakılardan biri zahidin yatdığını görüb: “Bu adam niyə yolun ortasında yatıb qalıb, qurddan, düşməndən qorxmurmu? Ölümü, yoxsa diridirmi”,-dedi.

Karvandakılar onun yanına gəldilər. Zahid, görək nə olacaq deyərək, səsini belə çıxartmadı. Nə tərpəndi, nə də gözünü oynatdı. Karvandakılar bunu gördükdə: “Bu yazıq aclıqdan ölür”,-dedilər.

Yemək və çörək gətirdilər. Zahid dişlərini yaxşıca sıxmışdı. Adamlar bıçaq gətirib dişlərinin arasına soxaraq zorla ağzını açtılar. Şorbanı ağzına tökərək yeməkləri zahidin ağzına zorla tıxışdırdılar.

Allah bir insana ruzisini bu cür zorla da olsa verir. Hara qaçıb gedirsə getsin ruzisi də onu təqib edir.

 

SEVGİLİNİN CAVABI

Bir gün bir aşiq sevgilisinin qapısını döyür. Sevgili içəridən səslənir: “Sən kimsən!”

Aşiq cavab verir: “Ey uca sevgili, qapına gələn mənəm, mən, yazıq, sadiq kölən”,-dedi.

Sevgili qəzəblənərək: “Çıx, get qapımdan, sən hələ yetkinləşməmisən. Bu süfrədə xamlara yer yoxdur. Bu ev kiçikdir. İki insan sığışmaz”,-dedi.

Zavallı və çarəsiz adam ordan ayrıldı, düz bir il sevgilinin ayrılığıyla yanıb tutuşdu, qovrulub bişdi. Bir il sonra yenə sevgilinin qapısına gəldi və qapını döydü. Sevgili içəridən səsləndi:

-“Kimsiniz, nə istəyirsiniz?”

Çarəsiz aşiq pərişan halda cavab verdi:

“Ey cana can qatan sevgili, ey bir baxışı ilə minlərcə aşiqi pərişan edən, könlümü alan sənsən”,-dedi. Sevgili səsləndi:

“Madam ki, sən mənsən, ey mən, gəl içəri, könül evi dardır, oraya iki nəfər sığmaz”,-dedi.

 


Hicran Novruzova
Bu yazıya 820 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.