Nələr çəkmiş başın sənin Azərbaycan!


Gülnarə Seyidova
Bu yazıya 919 dəfə baxılıb.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi bir il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar... 20 yanvar faciəsindən aldığımız yaralar sağalmadan erməni terrorçularının xalqımıza vurduğu zərbə bizi daha betər sarsıtdı.

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar, hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.

    Doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar.

   20 yanvar faciəsinin və Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar.

     


Gülnarə Seyidova
Bu yazıya 919 dəfə baxılıb.