Allahın Verdiyi Əmanəti Ləyaqətlə Təslim Etmək


Samirə Mahmudova
Bu yazıya 865 dəfə baxılıb.

İslam tarixi çoxlu qəhrəmanlıq salnamələri ilə doludur. Hər yaradanını, millətini və vətənini  sevən insan canını bu yolda qoyaraq tarixin yaddaşına qızıl hərflərlə həkk edilmişdir. Hər kəs və hər  şey unudulsa da onları heç kim unutmamış və daima xatırlamışlar. Onların canlarını qurban verdikləri Allah, vətən və millət duyğusudur. Bu duyğular müqəddəs sayıldığı kimi onları göz bəbəyi kimi qoruyaraq bu uğurda ölənlər də unudulmur, hər gələn nəsil şanlı tarixə iz salan qəhrəmanlıqlarını oxuyur, ibrət alır və onları örnək alırlar. Onlar həm bu dünyada, həm də axirətdə yad edilən Allahın adına ölülər deməyimizə izin vermədiyi insanlardan olurlar. Onlar islam dinində ən uca mərtəbə olan şəhidlik məqamına yüksəlmişlər.

    Şəhidlik Allahın təqdiri ilahiyyəsinə bağlı olan, qulun Allaha yaxınlığı ölçüsündə ortaya çıxan ülvi bir mərtəbədir. Yəni şəhidlik hər kəsə nəsib olmayan böyük bir şərəf və möminlər üçün mükəmməl bir nemətdir. Bu mərtəbəyə layiq görülənlərdən birisi də Xüləfa-yi Raşidinin dördüncüsü, Əsədullah (Allahın şiri) ləqəbi ilə tanınan Hz. Əlidir. Uşaqlığından bəri bütlərə sitayiş etmədiyi üçün kərrəmallahu vechəhu duasını alan, cənnət gənclərinin rəhbərləri olan Hz. Həsən və Hüseynin atası olduğu üçün “Əbul-Həsəneyn”, Peyğəmbərimizi tez-tez razı etdiyi və özündən də razı olunduğu üçün “Mürtaza” (razı olunmuş), “Heydər”“ Əbu Turab” ləqəbləri ilə də tanınmaqdadır. Hz. Əli orta boylu, əsmər və iri qara gözlü idi. Saqqalı sıx və geniş idi. Gülümsəyərkən inci kimi dişləri görünürdü. İki kürəyinin arası geniş, aslan kimi pəncələri qüvvətli birisi idi.

Özünü tanıyandan bəri heç bir bütə sitayiş etmədi. Daim Allah Rəsulunun yanında və tərbiyəsi altında yetişdi. Ədalət və dürüstlükdən ayrılmadı. Savaşlarda göstərdiyi cəngavərliyi və qəhrəmanlıqları dillərə dastan oldu. Allaha layiq qul, Allah Rəsuluna layiq ümmət və xalqına və vətəninə layiq oğul olmanın özəlliklərini  timsalında canlandıran bu şərəfli insan şəhidlik şərbətini də cəsarətlə qəbul etdi. Yasirlərlə, Sümeyyələrlə, Həmzələrlə başlayan şəhidlik mərtəbəsindən sırayla o da sevə-sevə daddı.

Hər səhər və axşam namazlarını imam olaraq camaatla qılardı. Şəhid edildiyi gün Allahın aslanı hər səhər olduğu kimi məscidə yaxınlaşır və içəri girər-girməz “əs-salat”, “əs-salat” deyərək yatanları oyandırmağa və sabah namazına dəvət etməyə başlayır. Məscidin içində üzüqoylu yatan birini görür və bir az sonra onun tərəfindən şəhid ediləcəyi ağlına belə gəlmədən “Oyan” deyir. “Namaz vaxtıdır. Belə üzüqoylu da yatma. Bu şəkildə yatmaq şeytanın tərzidir. Ya möminlər kimi sağ yanına doğru yat, ya da Peyğəmbərlər kimi arxası üstə yat”. Yatdığı yerdən duran adam Möminlərin əmiri namaza başlayanda ona arxadan yaxınlaşıb qılıncını endirir. Qılınc Hz.Əlinin daha  əvvəl savaşda başından zədə alan yerinə isabət edir.

 Rəvayətə görə bir neçə gün əvvəl Hz. Əli oğlanları Həsən və Hüseynə “ tanıdığı bir xarici tərəfindən vurulduğunu yuxuda gördüyünü danışmışdı. Hz.Həsən və Hüseyn madam oldürüləcəyini bilirsə onu həbs etməyin lazım olduğunu deyincə Hz. Əli: “Cinayət işlənmədən heç kimi caniliklə günahkar bilmək olmaz” buyurmuşdur.

Vurulmasından iki gün sonra Ramazan ayının 21-ci günü axşamı elm şəhərinin qapısı, Rəsulullahın dünya və axirət qardaşı, möminlərin vəlisi və evliyalar şahı Hz. Əli 63 illik mücadilə və təqva dolu bir ömürdən sonra həyata gözlərini yumdu. Əslində o şəhid ediləcəyini bilirdi. Bunu Rəsulullah (s.ə.s)  otuz il öncə Ramazan ayında verdiyi xütbədə bildirmişdi. Belə ki, Allah Rəsulu (s.ə.s) Ramazan ayında bir xütbə verdikdən sonra Hz. Əli qalxıb:

  -Ey Allahın Rəsulu! Bu ayda ediləcək ən üstün ibadət və əməl hansıdır? Deyə soruşdu. Allah Rəsulu (s.ə.s):

  • Günahlardan uzaq olmaqdır, ey Əli, dedi. Sonra ağlamağa başladı. Niyə ağladığını soruşanda :
  • Ey Əli!  Sən də bu mübarək ayda şəhid ediləcəksən, dedi.
  • Bu həqiqət Hz. Əlinin bütün davranışlarında bəlliydi onsuzda. Belə ki, o il həcc mövsümündə dostlarının arasında ola bilməyəcəyini işarət edir və Ramazan ayı girdiyində çox az yemək yeyirdi. Belə az bir yeməklə iftar etməsinin səbəbini soruşanlara “Rəbbimin hüzuruna boş mədə ilə qovuşmaq istəyirəm” demişdi.

Hz.Əlinin hərbi və siyasi sahədə olduğu qədər elmi və dövlət idarəsi sahəsindəki uğurları, dahi şəxsiyyəti, yardımsevərliyi, comərdliyi və qəhrəmanlığı kimi özəllikləri nəinki islam aləmində, eləcə də   qərb aləmindəki şəxsiyyətləri heyran etmiş, nəzəri diqqətindən yayınmamışdır. Bu şəxsiyyətlərdən biri olan İnsani Ədalətin Səsi İmam Əli” isimli əsərini müəllifi George Gordac Hz Əli haqqinda bu ifadələri işlətmişdir:

“Onu tanı və ya tanıma tarix və həqiqət onun nəzdində birdir. Çünki tarix və həqiqət onun daim oyaq və qahhar vicdan olduğuna şəhadət etməkdədir. Tanınmış şəhid odur. Və yenə böyüklərin atası da, şəhidlərin atası da odur. O, Əbu Talib oğludur. İnsani ədalətin səsidir. Şərqin ölümsüz şəxsiyyətidir. Ey dünya! Nə olardı o ağlıyla, o qəlbiylə, o diliylə, o elmiylə və o zülfüqarıyla bir Əli bağışlaya bilsəydin hər əsrə. Allah-Təala şəhidlik mərtəbəsini istəyən hər kəsə bu məqamı ehsan etsin. Amin!

Allah-Təaladan şəhidlərimizə rəhmət diləyirik!

 


Samirə Mahmudova
Bu yazıya 865 dəfə baxılıb.